Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq
Komitəsi çərçivəsində ədliyyə,
azadlıq, təhlükəsizlik, insan
hüquqları və demokratiya üzrə
alt komitənin iclası keçirilmişdir
Noyabrın 19-20-də Bakıda Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində ədliyyə, azadlıq, təhlükəsizlik, insan hüquqları və demokratiya üzrə alt komitənin üçüncü iclası keçirilmişdir.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasın birinci günü Avropa Qonşuluq Siyasəti çərçivəsində qəbul edilmiş Avropa İttifaqı-Azərbaycan Fəaliyyət Planında əks olunan hüquq- mühafizə, sərhəd idarəçiliyi, miqrasiya və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə məsələlərinin icrasına, ikinci günü isə demokratiya, idarəçilik və insan hüquqları sahələrində əməkdaşlığın qiymətləndirilməsinə həsr olunmuşdur.
Ekspertlər səviyyəsində keçirilmiş iclasda hər iki tərəf üçün qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair fikir mübadiləsi aparılmış və gələcək əməkdaşlıq imkanları müzakirə olunmuşdur. Tədbirdə iştirak etmiş Azərbaycanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, Aİ-nin nümayəndə heyətinə isə iclasın ədliyyə, azadlıq və təhlükəsizlik məsələlərinə həsr olunmuş birinci hissəsində Avropa Xarici Fəaliyyət Xidmətinin "Şərq tərəfdaşlığı" şöbəsinin rəis müavini Reinhold Brender, insan hüquqları və demokratiya məsələlərinə dair ikinci hissəsində İnsan Hüquqları Siyasəti şöbəsinin rəhbəri Elizabet Tizon rəhbərlik etmişlər.
Alt
komitənin iclasının ikinci günü Azərbaycanda və
Aİ-də insan hüquqlarının vəziyyəti ilə
bağlı fikir mübadiləsi aparılmışdır. İclasda,
həmçinin insan hüquqlarının müdafiəsi
üzrə milli təsisatlar, ədliyyə sistemində
islahatlar, seçkilər, ifadə və məlumat,
toplaşmaq azadlığı, həmçinin vətəndaş
cəmiyyətinin fəaliyyəti, qadın və uşaq
hüquqları ilə bağlı məsələlər
müzakirə olunmuşdur.
Azərbaycan.-2012.- 22 noyabr.- S.3.