Bakıda 3-cü Beynəlxalq «Xəzər: ətraf mühit üçün texnologiyalar» sərgisi açılmışdır

 

Noyabrın 21-də Böyük Britaniyanın "İTE Group plc" şirkəti və onun Qafqazdakı tərəfdaşı "İteca Caspian" şirkətinin təşkilatçılığı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində 3-cü Beynəlxalq "Xəzər: ətraf mühit üçün texnologiyalar" (CTE-2012) sərgisi açılmışdır.

AzərTAc xəbər verir ki, sərginin açılış mərasimində iştirak edən ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov ölkəmizdə ətraf mühitin qorunması ilə bağlı həyata keçirilən layihələrdən danışmışdır. Bildirmişdir ki, bu gün dünyanı bürüyən iqtisadi böhran bir çox ölkələrin iqtisadiyyatına ağır zərbələr vurmuşdur. Lakin Azərbaycanın dinamik inkişaf strategiyası və düşünülmüş siyasi kursu yarana biləcək çətinliklərin qarşısını almışdır.

Nazir Azərbaycanda həyata keçirilən ekoloji layihələrin uğurla davam etdirildiyini bildirmişdir.

Azərbaycanın ev sahibliyi ilə son illər müxtəlif mövzularda beynəlxalq sərgi və konfransların çox yüksək səviyyədə keçirildiyini söyləyən H.Bağırov bu sərginin də şirkətlər arasında əməkdaşlıq baxımından əhəmiyyətli olacağını vurğulamışdır.

Bildirilmişdir ki, sərginin başlıca məqsədi ekoloji təhlükəsizliyin təmin olunması üzrə təbii sərvətlərin qorunub saxlanılmasına və əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına imkan yaradan innovasiyalı avadanlıq və texnologiyaları Azərbaycanda təşviq və təbliğ etməkdir.

Qeyd edilmişdir ki, "CTE-2012" sərgisi ətraf mühitin mühafizəsi sahəsində əldə edilmiş nailiyyətləri nümayiş etdirməklə regional və beynəlxalq müstəvidə fəaliyyət göstərən təşkilatların əməkdaşlığının genişləndirilməsinə, habelə investisiya həcmlərinin artırılmasına və alternativ enerji mənbələrinin tətbiqi sahəsində müasir təcrübədən istifadə edilməsinə imkan yaradacaqdır.

Sonra iştirakçılar sərgi ilə tanış olmuşlar.

"CTE-2012" sərgisində 12 dövlətdən 60 şirkətin təbii ehtiyatlardan səmərəli istifadə, alternativ enerji mənbələri, suyun təmizlənməsi üzrə ən müasir avadanlıq nümunələri nümayiş etdirilir. Azərbaycanda ekologiya sahəsində fəaliyyət göstərən şirkətlər də məhsullarını sərgiyə çıxarmışlar. Sərgiyə ilk dəfə qatılan yeni şirkətlər iştirakçıların ümumi sayının 30 faizini təşkil edir.

Bütövlükdə sərgidə təbii resursların səmərəli istifadəsi sahəsində ən yeni texnologiyalar təqdim edilməklə yanaşı, tullantıların emalı üzrə zavodlar və alternativ enerji avadanlıqlarının ən müasir nümunələri nümayiş etdirilir. Sərgidə suların təmizlənərək içməli su kimi istifadə edilməsinə də xüsusi diqqət ayrılmışdır.

Sərgi noyabrın 23-dək davam edəcəkdir.

 

 

Azərbaycan.-2012.- 22 noyabr.- S.3.