Moskva Dövlət Universitetində
Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr edilmiş tədbir
keçirilmişdir
M.V.Lomonosov
adına Moskva Dövlət Universitetində (MDU) Azərbaycan
Respublikasının Konstitusiya Gününə həsr
edilmiş tədbir keçirilmişdir. MDU-nun tələbələri
arasında açıq diskussiya formasında
keçirilmiş tədbir Rusiyanın Azərbaycanlı Gənclər
Təşkilatının (RAGT) MDU-dakı Azərbaycan klubu tərəfindən
təşkil edilmişdir.
MDU-nun
hüquq fakültəsinin 4-cü kurs tələbəsi Rəhilə
Dadaşova tədbiri açaraq dialoqun mövzusunu elan
etmiş və 1995-ci il noyabrın 12-də Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü
ilə qəbul edilmiş Azərbaycanın Əsas Qanunu -
Konstitusiya barədə fikir mübadiləsi aparmağın gənclər
üçün vacib olduğunu vurğulamışdır. Məhz
həmin gün Azərbaycan parlamentinə - Milli Məclisə
ilk seçkilər keçirilmişdir.
MDU-nun
hüquq fakültəsinin Konstitusiya hüququ
kafedrasının dosenti, hüquq elmləri namizədi Aleksandr
Arbuzkin tədbirdə çıxış edərək bu
cür diskussiyaların əhəmiyyətini vurğulamışdır.
Onun fikrincə, öz konstitusiyasını bilən
adamların sayı nə qədər çox olsa, ölkədə
həyat bir o qədər sabit və nizamlı olacaqdır.
A.Arbuzkin xüsusi vurğulamışdır ki, Azərbaycan
Konstitusiyasının bir sıra müddəaları onu
maraqlandırmışdır. Həmin müddəaları
Rusiyanın Konstitusiya hüququ üçün də təcrübə
kimi tətbiq etmək olardı. O, Azərbaycanın Əsas
Qanununun 3-cü maddəsində təsbit olunmuş və
referenduma çıxarılan məsələlərin
vacibliyi haqqında müddəanı xüsusi
vurğulamışdır. Onun fikrincə, bu maddə həqiqi
xalq hakimiyyətinin əyani nümunəsi və əlamətidir.
A.Arbuzkinin sözlərinə görə, çox
mühüm məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycan
dövlətinin ali məqsədi insanın və vətəndaşın
hüquq və azadlıqlarını təmin etməkdir.
Sonra
tələbələrə və diskussiyanın digər
iştirakçılarına Azərbaycan haqqında, onun
dinamik inkişafı və hüquq sahəsində
qazandığı uğurlar barədə ətraflı məlumat
verilmişdir. Diskussiyaların gedişində Azərbaycanda
milli azlıqların hüququnun təmin edilməsi, ölkədə
dövlət dili olan Azərbaycan dilinin və rus dilinin vəziyyəti,
respublikada dini dözümlülük və tolerantlıq sahəsində
vəziyyətin başqa ölkələr üçün də
nümunə sayılması məsələlərinə
toxunulmuşdur. Azərbaycanın beynəlxalq təşkilatlarda
fəal iştirakı, ölkənin enerji
strategiyasının və çoxvektorlu xarici siyasətinin
uğurla reallaşdırılması, ölkə əhalisinin
sosial-iqtisadi rifahının
yaxşılaşdırılması naminə təbii
ehtiyatlardan məqsədyönlü istifadə edilməsi və
bir sıra başqa aktual məsələlər müzakirə
edilmişdir.
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi
müxbiri
Moskva
Azərbaycan.-2012.- 22 noyabr.- S.3.