Bakıda «Enerji səmərəliliyi:
iqtisadi və institusional
aspektlər və
perspektivlər» mövzusunda konfrans keçirilmişdir
Noyabrın
21-də Azərbaycan Respublikasının Prezidenti yanında
Strateji Araşdırmalar Mərkəzinin (SAM) və Qara Dəniz
Beynəlxalq Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı
ilə "Avropa" hotelində "Enerji səmərəliliyi:
iqtisadi və institusional aspektlər və perspektivlər"
mövzusunda konfrans keçirilmişdir.
AzərTAc
xəbər verir ki, SAM-ın direktoru Fərhad Məmmədov
konfransda enerji səmərəliliyi və onun perspektivlərinin,
həmçinin mövcud hüquqi normativ bazanın müzakirə
mövzusu olacağını bildirmişdir. Enerji təhlükəsizliyinin
Azərbaycanda diqqət yetirilən əsas məsələlərdən
biri olduğunu vurğulayan F.Məmmədov qeyd etmişdir ki,
hazırda SAM tərəfindən enerji təhlükəsizliyi,
digər enerji mənbələrindən istifadə və s. ilə
bağlı tədqiqatlar aparılır.
Qara
Dəniz Beynəlxalq Araşdırmalar Mərkəzinin
direktoru xanım Zefi Dimadama müzakirə olunacaq mövzunun
aktuallığını vurğulayaraq Azərbaycanda bu sahədə
görülən işləri yüksək qiymətləndirmişdir.
"Ölkənizə səfərim zamanı azərbaycanlı
mütəxəssislərin ekologiya və energetika sahələrində
səmərəli işlədiklərinin şahidi oldum.
Neft-qaz ehtiyatlarınızın çox olmasına baxmayaraq,
perspektiv tədqiqatlarınızı görməkdən və
indidən gələcəyi düşünməyinizdən
çox mütəəssir oldum" - deyə Z.Dimadama qeyd
etmişdir.
"Enerji
səmərəliliyi: imkanlar, iqtisadi və maliyyə
davamlılığı" adlı birinci bölmə
iclasında çıxış edən Alternativ və Bərpa
olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin
direktor müavini Cəmil Məlikov bildirmişdir ki, beynəlxalq
aləmdə enerji səmərəliliyi sahəsində
müasir biliklər və innovativ texnologiyalar tətbiq olunur.
Azərbaycanda da bu sahədə perspektiv baxışlar,
strategiyalar qurulur. Ölkəmizdə sahənin inkişafı
üçün alternativ və bərpa olunan enerji mənbələrindən
istifadə ilə bağlı bir sıra qərarlar qəbul
edilmiş və hazırda dövlət tərəfindən
bir neçə pilot layihə həyata keçirilir.
Konfrans
bölmə iclasları ilə işini davam etdirmişdir.
Bölmə iclaslarında "Avropa İttifaqının artan
enerji səmərəliliyi ilə bağlı tələbləri",
"Azərbaycanın enerji potensialı və perspektivlər",
"Azərbaycanın elektroenergetika sistemində enerji səmərəliliyi",
"Enerji səmərəliliyi ətraf mühitə təsir
kontekstində", "Neft və qaz sahəsində enerji səmərəliliyi"
və s. mövzular müzakirə olunmuşdur.
Azərbaycan.-2012.- 22 noyabr.- S.3.