Dövlət Miqrasiya
Xidmətində Tvinninq layihəsinin təqdimatı
olmuşdur
Noyabrın 21-də Dövlət Miqrasiya Xidmətində (DMX) "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və ona tabe idarələrin kollektivinin professional inkişafı və bacarıqlarının artırılmasına və miqrasiya haqqında cari qanunvericiliyin Avropa İttifaqının standartlarına uyğunlaşdırılmasına dəstək" adlı Tvinninq layihəsinin təqdimatı olmuşdur.
Bildirilmişdir ki, Avropa İttifaqının Qonşuluq Siyasətinin Azərbaycan Respublikası üçün Fəaliyyət Proqramı çərçivəsində reallaşdırılan layihə Avropa Komissiyası tərəfindən maliyyələşdirilir.
Tədbirdə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev bildirmişdir ki, miqrantların hüquqlarının qorunmasını daim diqqət mərkəzində saxlayan DMX və bu məqsədlə xarici dövlətlərlə ikitərəfli və çoxtərəfli əsaslarla əməkdaşlığa xüsusi diqqət yetirir. F.Nəbiyev belə görüşlərin keçirilməsinin və qarşılıqlı fikir mübadiləsinin miqrasiya sahəsində müsbət nəticələrin əldə olunmasına səbəb olacağını, eləcə də əlaqələrin daha da dərinləşməsinə zəmin yaradacağını bildirmişdir. Xidmət rəisi vurğulamışdır ki, Tvinninq proqramı qarşılıqlı əməkdaşlığa söykənən layihədir. Bu layihənin həyata keçirilməsində əsas hədəf əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının təmin olunmasını, Azərbaycan Respublikasının miqrasiya sahəsindəki qanunvericiliyinin Avropa İttifaqının müvafiq qanunvericiliyinə uyğunlaşdırılmasını daha effektiv həyata keçirmək üçün inkişaf edən Avropa İttifaqı təcrübəsinin ölkəmizdə tətbiq edilməsi, sistematik təhlil yolu ilə qeyri-qanuni miqrasiyanın qarşısının alınması, maarifləndirmə və məlumatlandırma kampaniyalarının, həmçinin xidmətin əməkdaşlarının peşəkar bacarıqlarının artırılmasıdır.
Bildirilmişdir ki, qurumun hazırkı kadr tərkibi müxtəlif sahələr üzrə təhsil almış və miqrasiya məsələlərinin xüsusi aspektləri üzrə təlimə ehtiyacı olan ixtisaslaşmış gənclərdən ibarətdir.
Niderland Krallığının Daxili İşlər və Krallıq Əlaqələri Nazirliyinin Repatriasiya və Geriqaytarma Xidmətinin rəisi xanım Rodia Maas bu cür görüşlərin və qarşılıqlı əməkdaşlığın müsbət töhfələr verəcəyini bildirmişdir.
Daha sonra DMX-nin əməkdaşı Araz Əsgərli layihə ilə bağlı təqdimat keçirmişdir.
Təqdimatda
Avropaya inteqrasiya istiqamətində səylərin daha da
artırılması məqsədilə DMX-nin 2009-cu ildə
Avropa İttifaqının institusional quruculuq aləti olan
Tvinninq layihəsində iştirak etmək üçün
Avropa Komissiyasına təqdim etdiyi layihənin Komissiya tərəfindən
bəyənilərək həyata keçirilməsinin məqsədəuyğun
hesab edilməsi, eyni zamanda layihə çərçivəsində
nəzərdə tutulan tədbirlər barədə ətraflı
məlumat verilmişdir.
AzərTAc
Azərbaycan.-2012.- 22 noyabr.- S.3.