Ədliyyə fəaliyyətinin müasirləşdirilməsi genişmiqyaslı hüquqi islahatların
tərkib hissəsidir
Xalqımızın
ümummilli lideri Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı
ilə təsis olunmuş 22 noyabr - ədliyyə
işçilərinin peşə bayramı günü
yüksək sevinc və qürur hissi ilə geniş qeyd
olunur.
XX əsrin
əvvəllərində Şərqdə ilk demokratik
respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin
yaradılması ilə Azərbaycan ədliyyəsinin ən
şərəfli tarixi başlanmışdır. Ədliyyə
Nazirliyi ADR-in məhz elan edildiyi gün yaradılmış,
onun Əsasnaməsi isə 22 noyabr 1918-ci ildə təsdiq edilərək,
nazirliyə dövlət quruculuğu sahəsində mütərəqqi
funksiyaların icrası həvalə olunmuşdur.
Çətin
və keşməkeşli yol keçən Ədliyyə
Nazirliyi sovet hakimiyyəti dövründə bir neçə dəfə
ləğv edilib yenidən yaradılsa da, onun əsaslı surətdə
təsis edilməsi ümummilli lider Heydər Əliyevin Azərbaycana
rəhbərlik etdiyi dövrə təsadüf edir. Dahi
öndərin ədliyyə sisteminə qayğısı
müstəqillik illərində də davam etmiş,
köklü məhkəmə-hüquq islahatları çərçivəsində
nazirliyin hüquqi dövlətdə layiq olduğu yeri
tutması üçün mühüm addımlar
atılmış, səlahiyyətləri xeyli genişlənmişdir.
Ulu
öndərin hüquq siyasətini uğurla davam etdirən
dövlət başçısı cənab İlham Əliyevin
rəhbərliyi ilə son illər Azərbaycan ədliyyəsinin
davamlı inkişafına xidmət edən genişmiqyaslı
islahatlar aparılmış, ədliyyə orqanlarının fəaliyyəti
genişləndirilmiş, bu sahədə yeni iş
metodlarının, qabaqcıl informasiya-kommunikasiya
texnologiyalarının və elektron xidmətlərin geniş
tətbiqi təmin edilmiş, ən müasir infrastrukturun
yaradılması üzrə tədbirlər
görülmüşdür.
Ədliyyə
fəaliyyətinin təkmilləşdirilməsi üzrə
ölkə rəhbərliyinin
tapşırıqlarının, nazirliyə həvalə
edilmiş yeni funksiya və vəzifələrin icrası daim
diqqətdə saxlanılır. Peşə bayramı ərəfəsində
isə ənənəvi olaraq görülən işlərə
və qarşıda duran vəzifələrə bir daha nəzər
salınır.
Respublikamızda
aparılan mütərəqqi islahatlar geniş
qanunyaradıcı fəaliyyət ilə müşayiət
olunur. Nazirlik də bu işdə fəal iştirak edir. Belə
ki bu ilin 10 ayı ərzində qanunvericiliyin təkmilləşdirilməsi
sahəsində bilavasitə nazirlik tərəfindən 629
normativ hüquqi aktın layihəsi
hazırlanmışdır ki, bu da ötən illə
müqayisədə 2,5 dəfə çoxdur. İctimai həyatın
müxtəlif sahələrini tənzimləyən 1700-dən
çox akt hüquqi ekspertizadan keçirilmiş, Hüquqi
Aktların Dövlət Reyestrinə 1500-dən çox
normativ akt daxil edilmişdir. Həmçinin əhalinin təmənnasız
istifadəsinə verilmiş milli qanunvericiliyin e-qanun.az və
müvafiq reyestrin huquqiaktlar.gov.az internet saytları daha da zənginləşdirilmiş,
bu il reyestrin Naxçıvan Muxtar Respublikası üzrə
elektron variantı - huquqiaktlar.nakhchivan.az saytı yaradılaraq
fəaliyyətə başlamışdır.
Ölkənin
qanunvericilik bazasının inkişafı nəzərə
alınaraq ədliyyə işçiləri hüquqi maarifləndirmə
məqsədi ilə mətbuat, televiziya və radioda 485
çıxış etmişlər. Şəffaflığın
gələcək inkişafın əsas amillərindən
olduğu üçün ədliyyə fəaliyyətində
bu məsələyə xüsusi diqqət yetirilərək
nazirliyin 7 internet saytı interaktiv rejimdə fəaliyyət
göstərir, 4 hüquq jurnalı, "Ədliyyə" qəzeti,
KİV-lə əlaqələrimizi əks etdirən illik
toplular dərc olunur. Əhaliyə, xüsusilə, aztəminatlı
təbəqələrə pulsuz hüquqi yardımın
göstərilməsi məqsədilə nazirliyin 7 regional
hüquq xidməti mərkəzi fəaliyyət göstərir.
Elektron
ədliyyənin, habelə "Qaynar xətt"in telefon və
elektron bölməsinin səmərəli tətbiqi, əhaliyə
keyfiyyətli hüquqi yardımın göstərilməsi nəticəsində
nazirliyə daxil olmuş vətəndaş müraciətlərinin
sayı 20 faizədək azalmışdır.
Eyni
zamanda, vətəndaşların mülki hüquq münasibətlərindən
irəli gələn məsələlərlə bağlı
mütəmadi müraciət etdikləri notariat orqanlarında
elektron köşklərin tətbiqi müsbət nəticələrini
vermiş, inzibati işçilərlə təmas minimuma
endirilmişdir. Məhz elektron köşklərdən səmərəli
istifadə vətəndaşlara əlverişli imkan
yaratmışdır ki, həmin qurğular vasitəsilə ədliyyə
fəaliyyəti barədə zəruri məlumatları əldə
edə, rüsumları kartla və ya nağd ödəyə
bilsinlər.
Dünyada
geniş vüsət alan xüsusi notariat institutunun
inkişafı da notariat hərəkətlərinin rəsmiləşdirilməsinə
öz töhfəsini vermişdir. Artıq ölkədə
bütün notariat korpusunun 13-dən çoxunu xüsusi
notariuslar təşkil edir.
Azərbaycanın
sürətli sosial-iqtisadi inkişafı notariat və qeydiyyat
əməliyyatlarının sayının artmasına da
öz təsirini göstərmiş, notariuslar tərəfindən
10 ayda 3.4 milyondan çox notariat hərəkəti rəsmiləşdirilmiş,
dövlət qeydiyyatına alınmış vətəndaşlıq
vəziyyəti aktlarının sayı 270 minə
çatmış və bu əməliyyatlar üzrə
dövlət büdcəsinə 14 milyon manat vəsait
köçürülmüşdür.
Ötən
dövrdə həmçinin 106 qeyri-kommersiya qurumu dövlət
qeydiyyatına alınmış, 156 mətbu nəşr reyestrə
daxil edilmişdir ki, bununla da, ölkədə onların
sayı müvafiq olaraq 3.700-ü və 4.700-ü
ötmüşdür.
BMT-nin
İnkişaf Proqramı ilə birgə həyata keçirilən
"Azərbaycan Respublikası əhalisinin dövlət
reyestrinin formalaşdırılması və
inkişafı" layihəsi çərçivəsində
ölkə əhalisi barədə vahid və unikal informasiya
resursunun yaradılması məqsədilə "Əhalinin
Dövlət Reyestri" Avtomatlaşdırılmış
Qeydiyyat İnformasiya Sistemi yaradılmış və 75 il ərzində
vətəndaşlıq vəziyyətini müəyyən edən
15 milyondan çox akt qeydi bir neçə il çəkən
nəhəng iş sayəsində skaner vasitəsilə
oxunaraq nəfis şəkildə yenidən cildlənmiş və
elektron formata keçirilmişdir. Cari ildə bu iş
tamamlanmış və Əhalinin Dövlət Reyestri tam
formalaşdırılmışdır.
Sahibkarlığın
inkişafına kömək məqsədi ilə ölkə
Prezidentinin tapşırıqlarına əsasən ötən
ilin mayından fəaliyyətə başlamış
sahibkarıq subyektlərində keçirilən
yoxlamaların vahid məlumat reyestrinə 28 yoxlayıcı
orqandan 133 mindən artıq müraciət daxil olmuş,
onların əsasında 106 min (80%-i) yoxlama reyestrə
salınmış, qalanlardan isə məlumatların
natamamlığı səbəbindən imtina edilmişdir. Həmçinin
yoxlamalar haqqında məlumatları daha çevik əldə
etmək üçün xüsusi elektron telefon xidməti
yaradılmışdır.
Ədalətli
məhkəmə hüququnun ayrılmaz tərkib hissəsi
olan məhkəmə qərarlarının icrasının
mühüm əhəmiyyəti, habelə bu sahədə
iş həcminin ilbəil xeyli artması nəzərə
alınaraq icra mexanizmlərinin təkmilləşdirilməsi
üzrə əsaslı tədbirlər həyata
keçirilmişdir.
Ilk
növbədə, qeyd olunmalıdır ki, yeni qanunvericiliyə
uyğun olaraq dövlət orqanları tərəfindən məhkəmə
qərarlarının icra vəziyyətinə dair ölkə
Prezidentinə hər altı aydan bir müvafiq hesabatın təqdim
olunması icra prosesi iştirakçılarının məsuliyyət
hissinin artırılmasına xidmət edərək artıq
müsbət nəticəsini verir.
Həmçinin
çətin və mürəkkəb icra işlərinin
mütəşəkkil və vaxtında təmin olunması məqsədilə
təcrübəli işçilərdən ibarət
xüsusi icra qrupu təsis edilmiş, eyni inzibati ərazidə
yerləşən məhkəmələrdə icra işinin
vahid qurum tərəfindən təmin edilməsi təcrübəsi
Sumqayıtda pilot layihə qaydasında sınaqdan
keçirilmişdir. Bu müsbət təcrübə daha da
genişləndirilərək Gəncə, Şirvan və
Şəkidə 13 icra qurumu əsasında geniş səlahiyyətlərə
malik 3 yeni böyük struktur yaradılmışdır.
Eyni
zamanda, icra xidmətinə yüksək hazırlıqlı və
mənəvi keyfiyyətlərə malik gənc
hüquqşünasların təyinatı diqqətdə
saxlanılaraq bu il ədliyyə orqanlarına qulluğa qəbulla
bağlı keçirilən müsabiqələr nəticəsində
uğur qazananların 80 faizi məhz icra qurumlarına təyin
olunmuşlar. Bununla yanaşı, fəaliyyətində ciddi
qanun pozuntularına, o cümlədən vətəndaşların
haqlı narazılıqlarına səbəb olan neqativ hallara
görə xidmətin bəzi əməkdaşları ciddi cəzalandırılmış,
o cümlədən ədliyyə orqanlarından xaric
edilmişlər.
Görülən
tədbirlər icra işinin səmərəliliyinin xeyli
yüksəlməsinə səbəb olmuşdur. 2012-ci ildə
114 mindən çox işin icrası təmin edilmiş,
hüquqi və fiziki şəxslərə 69 milyon manat vəsait
ödətdirilmişdir. Həmçinin məhkəmə qərarlarının
icrasından yayınan 1200-dən çox şəxs inzibati məsuliyyətə
cəlb olunmuş, 2400-ə yaxın şəxsə
münasibətdə borclu şəxslərin ölkədən
getmək hüququ məhdudlaşdırılmış, 172
şəxs barəsində cinayət işi
başlanmışdır.
Ümumiyyətlə,
Ədliyyə Nazirliyi tərəfindən ədalət
mühakiməsi əleyhinə olan və digər cinayətlər
üzrə 380 cinayət işinin istintaqı
aparılmış, tamamlanmış işlər üzrə
fiziki və hüquqi şəxslərə vurulmuş
ziyanın 60 faizi istintaqın gedişində ödətdirilmişdir.
Ölkəmizdə
ən gənc təsisatlardan olan bələdiyyələrin fəaliyyətinə
inzibati nəzarət gücləndirilmiş, bu sahədə
işin yeni yaradılmış regional ədliyyə
şöbələri ilə düzgün əlaqələndirilməsi
müsbət nəticələrini vermişdir. Belə ki bu il
ərzində inzibati nəzarət qaydasında
baxılmış bələdiyyə aktlarının sayı
20% artaraq 40.000 təşkil etmiş, onların 1300-ü
nazirliyin təklifləri əsasında dəyişdirilmiş
və ya ləğv edilmişdir. Fəaliyyəti
araşdırılmış 38 bələdiyyənin 26-da
cinayət xarakterli hüquq pozuntuları, o cümlədən
maliyyə əyintiləri aşkar edilərək materiallar
prokurorluğa göndərilmişdir. Bələdiyyə
aktlarını vaxtında təqdim etməyən 409 bələdiyyə
sədri barəsində məhkəmələrə inzibati xəta
haqqında protokollar təqdim olunmuşdur. Bələdiyyələrin
qanunsuz ayırdığı 3.200 hektardan çox torpaq sahəsi
isə geri qaytarılmışdır.
Bununla
yanaşı, 3500-dən artıq bələdiyyə
üzvü və qulluqçusu maarifçilik tədbirlərinə,
o cümlədən Ədliyyə Akademiyasında təşkil
edilmiş kurslara cəlb olunmuş, onlar üçün 9
metodik vəsait hazırlanmışdır.
Cari
ildə nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinə
44 ekspert ixtisası üzrə 18.000-dən çox iş
daxil olmuş, onlardan da 86,3%-i icra olunmuşdur.
Ədliyyənin
fəaliyyət istiqamətləri üzrə həyata
keçirilən tədbirlər həmçinin kadr korpusunun
təkmilləşdirilməsi ilə müşayiət olunur.
Burada ölkə rəhbərinin: "... dövlət
qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət
imkanıdır" sözlərini xatırlatmaq yerinə
düşərdi. Dövlət başçısının
bu tələbləri nazirliyin kadr işində daim diqqətdə
saxlanılır. Son illər ədliyyə orqanlarına qulluğa
qəbulla bağlı açıq müsabiqələr
davamlı xarakter almış və imtahanlar artıq internetdə
canlı yayımlanır. Keçirilən müsabiqələrdən,
habelə peşəyə buraxılışla əlaqədar
Ədliyyə Akademiyasında icbar təlimdə uğur
qazanmış, eləcə də xaricdə təhsil
almış 100-ə yaxın gənc mütəxəssis
peşə bayramı ərəfəsində işə qəbul
olunmuşdur.
2012-ci
il nazirliyin beynəlxalq əməkdaşlığın daha
da dərinləşdirilməsi sahəsində uğurlu
olmuşdur. Təkcə bu ilin 10 ayı ərzində nazirliyə
beynəlxalq öhdəliklərdən irəli gələn
hüquqi yardım, məhkumların cəza çəkmək
üçün verilməsi, ekstradisiya məsələlərinin
icrası ilə bağlı 2002-ci illə müqayisədə
6 dəfə çox - 11.000 beynəlxalq sənəd və
sorğu daxil olmuş, müxtəlif dövlətlərə
6 minə yaxın belə sorğu göndərilmişdir. Eyni
zamanda, Məhkumların verilməsinə dair Avropa
Konvensiyasının və s. beynəlxalq müqavilələrin
müddəaları dəqiq və dürüst icra olunaraq cəzaların
qalan hissəsini çəkmək üçün 67 məhkumun
təhvil verilməsi və alınması həyata
keçirilmişdir.
Xüsusilə
qeyd olunmalıdır ki, möhtərəm Prezident cənab
İlham Əliyev Azərbaycan vətəndaşlarının
dünyanın harasında olmalarından asılı olmayaraq
daim onların hüquqlarının təmin edilməsinə
çalışır. Məhz dövlət
başçısının şəxsi nüfuzu və qəti
səyləri sayəsində uzun müddət ölkədən
kənarda - Macarıstanda cəza çəkən Ramil Səfərovun
Azərbaycana qaytarılması mümkün olmuşdur.
Macarıstanın dövlət orqanları ilə uzun müddət
danışıqlar və yazışmalar aparılaraq
bütün zəruri sənədlər təqdim olunmuş və
soydaşımızın Avropa Konvensiyasının müddəalarına
tam uyğun olaraq ölkəmizə verilməsi haqda qərar qəbul
olunmuşdur. Azərbaycana qayıtdıqdan sonra R.Səfərovun
çəkdiyi cəza nəzərə alınaraq dövlət
başçısı öz konstitusion səlahiyyətlərindən
istifadə etməklə onun əfv edilməsi barədə
humanist qərar qəbul etmişdir.
Ümumiyyətlə,
ulu öndərimizin humanizm ənənələrinə
sadiqlik dövlət başçısının fəaliyyətinin
əsas prioritetlərindəndir. Belə ki təkcə son bir
ildə Prezident tərəfindən imzalanmış 2 əfv sərəncamı
150-dən çox məhkuma şamil edilmişdir. Bu humanist
aktlar nazirlik tərəfindən dərhal icra edilmişdir.
Beynəlxalq
əməkdaşlıq aparılarkən qabaqcıl təcrübələrin
öyrənilməsinə, ölkəmizin nailiyyətlərinin
təbliğinə xüsusi önəm verilir.
Möhtərəm
Prezident cənab İlham Əliyevin avqust ayında Belarus
Respublikasına rəsmi səfəri zamanı iki ölkənin
ədliyyə nazirlikləri arasında məhkəmə
ekspertizası sahəsində əməkdaşlıq
haqqında saziş imzalanmışdır. Bu sənəd məhkəmə
ekspertizası və kriminalistikanın müasir metodlarından
istifadə etmək yolu ilə cinayətkarlığa
qarşı mübarizənin möhkəmləndirilməsinə
mühüm bir töhfədir. Səfər zamanı həmçinin
ədliyyə nazirlərinin ikitərəfli
görüşü keçirilmiş, əməkdaşlıq
məsələləri müzakirə olunmuşdur.
Azərbaycan
və Bolqarıstanın ədliyyə nazirlikləri
arasında bağlanmış əməkdaşlıq
sazişinin icrası çərçivəsində bu
ölkənin ədliyyə naziri, Ali Məhkəmə
Şurasının sədri xanım Diana Kovaçevanın dəvəti
ilə cari ilin oktyabr ayında Bolqarıstana səfər
edilmişdir. Səfər zamanı həmkarımla ətraflı
və faydalı təcrübə mübadiləsi
aparılmışdır. Həmçinin Bolqarıstanın
hökumət başçısı Boyko Borisov və Xalq Məclisinin
Sədri xanım Tsetska Tsaçevlə keçirilmiş məhsuldar
görüşlərdə Azərbaycanın Bolqarıstan
üçün strateji tərəfdaş olduğu, ölkəmizlə
əməkdaşlığın genişlənməsinin
Bolqarıstanın dövlət siyasətinin prioritetlərindən
olduğu vurğulanmışdır.
Bolqarıstanın
Konstitusiya və Ali məhkəmələrinin sədrləri,
baş prokuror ilə, eləcə də Ali Məhkəmə
Şurasında, Milli Ədliyyə İnstitutunda
görüşlər keçirilərək faydalı təcrübə
mübadiləsi aparılmış, məhkəmə
infrastrukturu ilə tanış olunmuşdur. Təsadüfi deyil
ki, ölkələrimiz arasında hüquqi sahədə səmərəli
əlaqələrin davamı olaraq Bolqarıstanın Ali Məhkəməsinin
sədri bu ay respublikamıza səfər etmişdir.
Keçirilmiş
bütün beynəlxalq görüşlərdə ölkəmizin
ədliyyə və məhkəmə təcrübəsinə
böyük maraq göstərilmişdir.
Ölkəmiz
bu il mötəbər beynəlxalq tədbirlərdə, o
cümlədən Rusiya Federasiyası Prezidentinin dəstəyi
ilə Sankt-Peterburqda keçirilmiş İkinci Beynəlxalq
Hüquq Forumunda, İngiltərənin Brayton şəhərində
Avropa Məhkəməsinin gələcəyinə və səmərəliliyinin
artırılmasına həsr olunmuş
üçüncü konfransda fəal iştirak etmiş,
habelə ölkə Prezidenti tərəfindən verilmiş səlahiyyətə
uyğun olaraq "Ekstradisiya haqqında" Avropa
Konvensiyasına Üçüncü Əlavə Protokol
Avropa Şurasının Baş katibinin iştirakı ilə
Strasburqda təntənəli şəkildə
imzalanmışdır. Bu tədbir çərçivəsində
baş katiblə keçirilən görüşdə
ölkəmizin Avropa Şurası qarşısında
götürdüyü öhdəliklərin yerinə yetirilməsi
üzrə görülən işlər məmnunluqla
qarşılanmış, hüquqi islahatlarımız təqdir
olunmuşdur.
Strasburqda
olarkən İnsan hüquqları üzrə Avropa Məhkəməsinin
sədri ilə görüş keçirilmiş,
qarşılıqlı fəaliyyətin genişləndirilməsinə,
məhkəmənin səmərəliliyinin
artırılmasına dair görülən tədbirlər
müzakirə edilmiş, Avropa Məhkəməsinin şikayətlərin
qəbul olunması meyarlarına dair praktiki bələdçinin
hər iki nəşrinin qısa müddətdə Azərbaycan
dilinə tərcümə olunması və hakimlərimiz
arasında yayılması təqdir olunmşudur.
Görüşdə hakimlərimizin tədris səfərlərinin
təşkilinə dair razılığa gəlinmiş və
nəticədə sentyabrda bir qrup azərbaycanlı hakim və
hakimliyə namizədlər Strasburqda Avropa Məhkəməsinin
hakimlərinin bilavasitə iştirakı ilə treninq
keçmişdilər.
Həmçinin
Avstriyanın paytaxtı Vyanada Avropa ədliyyə nazirlərinin
31-ci konfransı keçirilmişdir. Zorakılığa
qarşı ədliyyənin cavabları mövzusuna həsr
olunmuş tədbirdə nümayəndə heyətimiz
çıxış edərək ölkəmizdə
hüquq mexanizmlərinin təkmilləşdirilməsi, yeni
qanunların qəbulu, yuvenal ədliyyənin tətbiqi,
yeniyetmə məhkumların imtiyazlarının və tərbiyəvi
tədbirlərin genişləndirilməsi barədə məlumat
verilmiş, bir sıra təkliflər irəli
sürülmüşdür.
Bir məqamı
da qeyd etməliyəm ki, bu mötəbər konfransın
tribunasından öz çirkin niyyətləri
üçün istifadə etmək istəyən Ermənistan
tərəfi R.Səfərovun Azərbaycana verilməsi və əfvi
ilə bağlı etirazını təkidlə gündəliyə
salmağa, bu mövzu üzrə xüsusi
çıxış etməyə və müzakirələrin
aparılmasına cəhd göstərmişdir. Lakin bu yersiz cəhdin
qarşısı nümayəndə heyətimizin qəti və
əsaslandırılmış mövqeyi nəticəsində
alınmışdır. Öz məkrli cəhdinin puça
uğradığını görən Ermənistan tərəfi
iştirakçılar arasında R.Səfərovun əfv
edilməsinin guya Avropa hüquq və dəyərlərinə
zidd olması barədə bəyanat paylamışdır.
Lakin dərhal tərəfimizdən məsələni
hüquqi müstəvidə həqiqətə uyğun
açıqlayan bəyanat yayılaraq onun beynəlxalq
konvensiyaya və ikitərəfli öhdəliklərə tam
uyğun həll olunduğu qeyd olunmuş, konfrans
iştirakçılarının diqqəti erməni
terrorizminə, xüsusilə də, ASALA erməni terror təşkilatının
azərbaycanlılara qarşı terror hədələrinə
cəlb edilmişdir.
Ümumiyyətlə,
bütün beynəlxalq tədbirlər,
çıxışlar və ikitərəfli
görüşlərdə xalqımızın ən
ağrılı problemi olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi və onun ədalətli
həllinə dair dövlətimizin haqlı mövqeyi diqqətə
çatdırılır.
Ölkəmizdə
dövlət başçısının siyasi iradəsi və
rəhbərliyilə ümumbəşəri sosial bəla
olan korrupsiya ilə sərt mübarizə aparılır. Təsadüfi
deyil ki, ölkəmizdə institusional və qanunvericilik tədbirləri
həyata keçirilmiş, ölkə Prezidentinin sərəncamı
ilə Açıq Hökumətin Təşviqinə və
Korrupsiyaya qarşı Mübarizəyə dair 2012-2015-ci illər
üçün milli fəaliyyət planları qəbul
olunmuş, yeni şəffaf və innovativ xidmətlər
yaradılmışdır.
Korrupsiyaya
qarşı beynəlxalq əməkdaşlığa
mühüm önəm verilərək, ölkəmiz
nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən
vitse-prezidenti olduğum Beynəlxalq Antikorrupsiya Orqanları
Assosiasiyasının işində fəal iştirak edir.
140-dan
çox dövləti birləşdirən bu assosiasiya tərəfindən
cari ilin iyununda qabaqcıl antikorrupsiya təcrübələrinin
öyrənilməsinə dair Çində təşkil
olunmuş beynəlxalq seminarın plenar sessiyalarında tərəfimizdən
sədrlik və çıxışlar edilərək bu sahədə
beynəlxalq əməkdaşlığın təşviqi,
korrupsiya ilə əldə edilmiş gəlirlərin
qaytarılması işinin mükəmməl əlaqələndirilməsinə
dair təkliflər verilmişdir.
Assosiasiyanın
təşkilatın işinə verdiyi töhfələr nəzərə
alınaraq, onun oktyabr ayında Malayziyada 110 ölkədən
olan 500-dən çox məsul nümayəndənin
iştirakı ilə keçirilmiş konfransının
açılışı və təntənəli sessiyaya sədrlik
edilməsi Azərbaycan ədliyyə nazirinə həvalə
edilmişdir. Açılış mərasimində Malayziya
Krallığının Baş naziri çıxış
etmişdir. Respublikamıza qlobal səviyyədə bu cür
yüksək etimadın göstərilməsi dövlətimizin
beynəlxalq aləmdə nüfuzunun artması və ölkə
Prezidentinin məqsədyönlü və uzaqgörən siyasətinin
məntiqi nəticəsidir.
Tədbir
çərçivəsində nümayəndə heyətimiz
tərəfindən ölkəmizdə aparılan məhkəmə
islahatları barədə edilmiş prezentasiya böyük
marağa səbəb olmuş və nailiyyətlərimiz yekun
məruzədə də xüsusi vurğulanmışdır.
Eyni
zamanda, antikorrupsiya mədəniyyətinin gücləndirilməsində
və qabaqcıl təcrübələrin yayılmasında
müstəsna rol oynayan Beynəlxalq Antikorrupsiya Akademiyası
ilə əlaqələr qurulmuş, dövlətimiz onun
nizamnaməsinə xüsusi qanunla qoşularaq akademiyanın
tamhüquqlu üzvü olmuşdur. Avstriyada yerləşən
bu akademiyaya baş çəkilərək onun fəaliyyəti
ilə tanış olunmuşdur.
Ötən
dövr ərzində BMT, ATƏT, Avropa Şurası və
onun struktur qurumları, Avropa İttifaqı və digər
nüfuzlu beynəlxalq təşkilatlarla da səmərəli
əlaqələr davam etdirilmişdir.
Avropa
İttifaqının Avropa Qonşuluq Siyasəti və Şərq
Tərəfdaşlığı çərçivəsində
Ədliyyə Nazirliyi ilə əməkdaşlığı
nəticəsində "Azərbaycanda ədliyyə sahəsində
islahatlara dəstək" proqramı işlənib
hazırlanmışdır. 2012-2014-cü illər üzrə
Ədliyyə Akademiyasının və regional ədliyyə
şöbələrinin potensialının gücləndirilməsinə,
penitensiar sistemin müasirləşdirilməsinə yönəldilmiş
layihənin icrasının mütəşəkkil və
vaxtında təmin olunması məqsədilə nazirlikdə
geniş tərkibli idarəetmə komitəsi
yaradılmış, layihənin aktiv həyata keçirilməsinə
başlanılmışdır.
Hər
bir cəmiyyətdə məhkumlarla davranışa münasibət
ölkənin mədəni-sivil inkişaf səviyyəsinin əsas
göstəricilərindədir. Bu baxımdan cari ildə məhkumların
və təqsirləndirilən şəxslərin
hüquqlarının genişləndirilməsinə xidmət
edən cəza-icra qanunvericiliyinə mütərəqqi dəyişikliklərin
edilməsi, onların ailə üzvləri ilə
görüşmək, yazışmaq, telefonla əlaqə
saxlamaq, televiziya verilişlərinə baxmaq kimi
hüquqlarının və gəzinti müddətinin
artırılması xüsusilə təqdirəlayiqdir.
Ölkəmizdə
məhkumların saxlanma şəraitinin
yaxşılaşdırılması məqsədi ilə
müasir penitensiar infrastruktur yaradılması üzrə
işlər sürətləndirilmiş, mütərəqqi
Avropa təcrübəsi nəzərə alınmaqla
regionlarda yeni penitensiar komplekslərin inşası davam etdirilmiş
və artıq gələn ilin əvvəlində Şəkidə
belə kompleksin istifadəyə verilməsi nəzərdə
tutulmuşdur.
Bu
sahədə beynəlxalq və yerli QHT-lər ilə səmərəli
əməkdaşlığa böyük önəm verilir.
Belə ki ötən ilin sonunda ölkəmizdə səfərdə
olmuş İşgəncələrin qarşısının
alınması üzrə Avropa Komitəsinin (CPT) nümayəndə
heyəti penitensiar sistemdə müsbət dəyişiklikləri
təqdir etmiş, məhkumların saxlanma şəraitinin,
tibbi xidmətlərin xeyli
yaxşılaşdığını
vurğulamışdır.
Eyni
zamanda, penitensiar sistemdə səmərəli ictimai nəzarət
həyata keçirən ictimai komitə tərəfindən
mütəmadi olaraq cəzaçəkmə müəssisələrinə
başçəkmələr edilir, məhkumlara müxtəlif
hüquqi yardımlar göstərilir, onların islahında
iştirak edilir. Məhkumların islahı işində
onların müəssisədən kənarda idman və digər
kütləvi-mədəni tədbirlərə tamaşa etmək
təcrübəsinin tətbiqinə başlanılaraq yeniyetmə
məhkumlar futbol üzrə yığma komandamızın
dünya çempionatının seçmə oyununu stadionda
izləmişlər.
Təsadüfi
deyil ki, penitensiar sistemdə aparılan əsaslı islahatlar və
vərəmə qarşı kompleks tədbirlər nəticəsində
məhkumlar arasında ölüm hadisələrinin
sayının ilbəil azalması müşahidə
edilmiş, o cümlədən vərəm xəstəliyindən
ölənlərin sayı 1995-ci illə müqayisədə
35 dəfə azalmışdır.
Azərbaycanın
penitensiar müəssisələrdə vərəmlə
mübarizədə müsbət təcrübəsinin öyrənilməsi
üçün təkcə bu il ərzində bir çox
ölkələrin, o cümlədən Qazaxıstan,
Qırğızıstan, Türkmənistan və Filippinin
nümayəndələri ölkəmizə səfərlər
etmişlər. Bu yaxınlarda İraqın nümayəndələrinin
səfəri də nəzərdə tutulur.
Ədalət
mühakiməsinin həyata keçirilməsi dövlətin
möhkəm sütunudur. Ölkə Prezidenti seçilməsinin
ilk dövrlərindən ədalət mühakiməsinin səmərəsinin
artırılmasına xüsusi diqqət yetirən cənab
İlham Əliyevin siyasi iradəsi ilə bu sahədə
köklü islahatlar davam etdirilir. Bu islahatlar beynəlxalq aləmdə
də yüksək dəyərləndirilir. Belə ki Avropa
Şurası (AŞ) Ədalət mühakiməsinin səmərəliliyi
üzrə Komissiyası (CEPEJ) tərəfindən Azərbaycana
səfərlər təşkil edilərək hakimliyə
namizədlərin seçimi bilavasitə izlənilmişdir.
CEPEJ ekspertləri tərəfindən hazırlanmış əhatəli
hesabat komissiyanın ötən ilin sonunda keçirilmiş
iclasında geniş müzakirə olunaraq müvafiq qərar qəbul
olunmuş və Azərbaycanın bu sahədə müsbət
təcrübəsi örnək kimi qiymətləndirilmişdir.
Yeri gəlmişkən, Avropa İttifaqı da bu qənaətə
gələrək təcrübəmizi digər dövlətlərə
tövsiyə etmişdir.
Bundan
əlavə, bütün Avropa dövlətləri məhkəmə
sistemlərinin fəaliyyətinə dair təhlilləri əks
etdirən CEPEJ-nin əhatəli hesabatlarının ana dilinə
tərcümə edilərək nəşrini təmin edən
ilk dövlət olduğumuz xüsusi təqdir edilmişdir.
Məhz
Azərbaycanın məhkəmə sisteminin müasirləşdirilməsində
əldə etdiyi müsbət təcrübələr və
CEPEJ ilə səmərəli əməkdaşlığı
nəzərə alınaraq bu ilin sentyabrında Vyanada
keçirilmiş Avropa dövlətlərinin məhkəmə
sistemlərinin təhlilinə dair hesabatın təqdimat mərasimində
AŞ-nin dəvəti ilə Avropa məkanından cəmi
üç dövlətin - tədbirə ev sahibliyi edən
Avstriya ilə yanaşı, Fransa və Azərbaycanın ədliyyə
nazirləri iştirak etmişdilər.
Media
nümayəndələrinin geniş
işıqlandırdıqları təqdimat mərasimindən
sonra nazirlərin iştirakı ilə mətbuat konfransı
keçirilmiş, ədliyyə fəaliyyəti üzrə
çoxsaylı suallar verilmişdir. Tədbir Avropa dövlətlərində
böyük marağa səbəb olmuş, tərəfimizdən
Türkiyənin KİV-yə ayrıca müsahibələr
verilmişdir.
Ölkəmizdə
hakimlərin seçim prosesi bu gün də davam etməkdədir.
Belə ki imtahan və müsahibələrdən uğurla
keçmiş namizədlərimiz artıq hakim vəzifələrinə
hazırlanmaları üçün 1 illik tədris kursu
keçirlər. Biz bu məsələyə xüsusi diqqət
yetiririk, müdrik bir kəlamda deyildiyi kimi: "Təhsil insan
azadlığını döyüşən ordudan daha
yaxşı təmin edir". Bu baxımdan tədris zamanı
ən aktual, o cümlədən insan haqları, xüsusilə,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin
təcrübəsi, habelə məhkəmə etikası,
korrupsiya ilə mübarizə, milli qanunvericiliyin yenilikləri
və digər məsələlərə mühüm önəm
verilmiş, namizədlər müxtəlif məhkəmələrdə
təcrübəyə cəlb olunmuşlar. Onların xarici
ölkələrdə də təcrübə keçmələrinə
mühüm əhəmiyyət verilərək bütün 76
nəfər namizəd Türkiyədə yarım aylıq
xüsusi kurs keçmişlər.
Ədalət
mühakiməsinin səmərəliliyinin
artırılmasında məhkəmə infrastrukturunun
müasirləşdirilməsinin rolu nəzərə
alınaraq bu sahədə irimiqyaslı işlər
görülür, məhkəmə hakimiyyətinin yüksək
statusuna uyğun olan yeni məhkəmə binaları tikilib
istifadəyə verilir.
Peşə
bayramı ərəfəsində möhtərəm Prezident
İlham Əliyevin iştirakı ilə Bakı şəhərinin
Yasamal Rayon Məhkəməsi üçün milli
memarlıq üslubunda müasir standartlara uyğun inşa
edilmiş yeni inzibati binanın açılışı
olmuşdur.
Respublikamızın
ən böyük və ən çox iş yükü olan
birinci instansiya məhkəmələrindən biri kimi Yasamal
Rayon Məhkəməsi 300 minədək əhaliyə xidmət
edir. 7.000 kvadratmetr olan məhkəmənin yeni binası
dörd mərtəbədən və zirzəmidən ibarət
olmaqla bir çox yenilikləri ilə fərqlənir.
Binada
vətəndaşların müraciət imkanlarının
asanlaşdırılması, məlumatlılığın və
şəffaf xidmətlərin təmin edilməsi məqsədilə
müasir İKT-lər tətbiq edilmiş, əhalinin həssas
təbəqələrindən olan əlil insanlar, xüsusilə
də, ilk dəfə olaraq gözdən əlillər
üçün əlverişli şərait
yaradılmışdır.
Ölkə
rəhbərinin məhkəmənin binası ilə
tanışlığı zamanı yaradılmış şəraitdən
razılığını bildirməsi, verdiyi müvafiq
tövsiyə və tapşırıqları dövlət
başçısının Azərbaycan ədliyyəsinə
böyük etimadının, yüksək diqqət və
qayğısının əyani təzahürü olmaqla hər
bir ədliyyə və məhkəmə işçisi tərəfindən
xüsusi iftixar hissi və dərin rəğbətlə
qarşılanmışdır. Təsadüfi deyil, belə
bir əzəmətli binanın istifadəyə verilməsi həmçinin
xarici həmkarlarımızın da böyük
marağına səbəb olmuş və onlar infrastrukturun
müasirləşdirilməsi üzrə görülən
işləri ölkə rəhbərliyinin məhkəmə
sisteminin inkişafına verdiyi böyük önəm və
yüksək diqqət kimi dəyərləndirmiş, bunun
dövlət siyasətinin prioritetlərindən olduğu
xüsusi vurğulanmışdır.
Bildirmək
istərdim ki, bu bina Dünya Bankı ilə birgə həyata
keçirilən layihə çərçivəsində ərsəyə
gəlmişdir. Ümumiyyətlə isə 30-dək məhkəmənin
yerləşəcəyi müasir bina və komplekslərin
layihələri hazırlanmışdır. Ötən il
Oğuz, bu il isə Yasamal Rayon Məhkəməsi ilə
yanaşı peşə bayramı ərəfəsində
daha iki məhkəmənin - Gəncə şəhəri
Nizami və Gədəbəy rayon məhkəmələrinin
yeni binalarının açılışı olmuş, həmçinin
Sabunçu və Şəki məhkəmə komplekslərinin,
Quba Rayon Məhkəməsinin yeni binalarının inşasına
başlanılmışdır.
Müasir
texnologiya və avadanlıqlarla təchiz olunmaqla istifadəyə
verilmiş yeni məhkəmə binalarında proseslərin
daha dəqiq və sürətlə
protokollaşdırılmasına xidmət edən və
audio-video yazılışları aparan "Femida" sistemi,
videokonfransların, təqdimatların keçirilməsi,
elektron sənəd dövriyyəsi və məhkəmə
işlərinin idarəetmə sistemi üçün
bütün zəruri infrastruktur
quraşdırılmış, müasir konfrans zallarında isə
hakimlərə və məhkəmə işçilərinə
Ədliyyə Nazirliyinin iclaslarına, toplantılarına, həmçinin
Ali Məhkəmənin Plenumuna birbaşa qoşulmaq imkanı
yaradılmışdır. Zalda həmçinin təqsirləndirilən
şəxslər dəmir barmaqlıqlar arxasında deyil, beynəlxalq
standartlara uyğun xüsusi ayrılmış zirehli
şüşə otaqda saxlanılır. Məhkəmədə
ilk dəfə olaraq tətbiq olunan "Bloostar" adlı
video konfrans telefon sistemi ilə 6 qurumla eyni vaxtda müzakirələr
aparmaq mümkündür.
Tətbiq
olunan İKT-lər təqsirləndirilən şəxslərin
və şahidlərin məhkəməyə gətirilmədən
uzaq məsafədən dindirilməsinə imkan verir.
Açılış zamanı məhz bu texnologiyalardan istifadə
olunaraq Bakı İstintaq Təcridxanası, habelə ölkəmizin
üç bölgəsində yeni inşa olunmuş Gədəbəy,
Oğuz, Gəncə şəhəri Nizami rayon məhkəmələri
ilə videobağlantı yaradılmışdır.
Yeni
binaların bir üstün cəhəti də ondan ibarətdir
ki, onlar inzibati və ictimai zonalara bölünürlər və
hər iki zonanın girişi ayrıdır. İnzibati zona
hakimlər və məhkəmə işçiləri, ictimai
zona isə vətəndaşlar üçün nəzərdə
tutulmuşdur. Ədliyyə Nazirliyinin icra qrupu, dövlət
ittihamçısı və vəkillər ictimai zonadan istifadə
edəcəklər. Bununla da hakimlər və vətəndaşlar
arasında qeyri-prosessual münasibətlər məhdudlaşdırılır
və onlar yalnız məhkəmə iclas zallarında
görüşürlər.
Ədliyyə
və məhkəmə sisteminin müasirləşdirilməsi
üzrə əldə olunan bütün nailiyyətlər
möhtərəm Prezident İlham Əliyevin təşəbbüsü
və rəhbərliyi ilə ölkəmizdə həyata
keçirilən genişmiqyaslı islahatların real təzahürüdür.
Bu
gün dövlətimizin iştirakı olmadan regionda hər
hansı layihənin həyata keçirilməsi təsəvvür
belə olunmur. Zəngin təbii ehtiyatlara malik olan ölkəmizin
düşünülmüş ixrac strategiyasının nəticəsidir
ki, Azərbaycan regionda nəhəng layihələrin, o
cümlədən yeni TANAP layihəsinin təşəbbüskarı
olmuşdur. Danılmaz faktdır ki, ölkəmiz Avropanın
enerji təhlükəsizliyinin təmin olunmasında
mühüm tərəfdaş ölkəyə
çevrilmişdir.
Ölkə
Prezidenti cənab İlham Əliyevin uzaqgörən və
müdrik siyasəti nəticəsində qazanılmış
hərtərəfli nailiyyətlər respublikamızın beynəlxalq
arenada imicinin daha da möhkəmlənməsi ilə
müşayiət olunur. Azərbaycanın bir sıra
nüfuzlu beynəlxalq təşkilatlarda, xüsusilə,
BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi
üzvü kimi qurumun iclaslarında, İqtisadi Əməkdaşlıq
Təşkilatının XII zirvə toplantısında sədrliyi,
paytaxt Bakının ideal məkan sayılaraq mötəbər
beynəlxalq tədbirlərə, o cümlədən Krans
Montana və İkinci Beynəlxalq Humanitar forumlarına,
"Avroviziya" mahnı müsabiqəsinə, möhtəşəm
idman yarışlarına uğurla ev sahibliyi etməsi ölkəmizin
beynəlxalq aləmdə böyük şöhrətə
malik olduğunu bir daha sübut edir.
Dövlət
başçısının rəhbərliyi ilə
qazanılan hərtərəfli yüksəliş və tərəqqiyə
daim dəstək olan və ictimai həyatımızın
bütün sahələrində fəal iştirak edən
Heydər Əliyev Fondu tərəfindən mühüm əhəmiyyət
kəsb edən sosial, mədəni, humanitar tədbirlərin
uğurla həyata keçirilməsi, habelə Azərbaycan
tarixinin, mədəniyyətinin və incəsənətinin
dünyada layiqincə təbliği sahəsində fondun
prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli
və yorulmaz fəaliyyəti xüsusilə qeyd
olunmalıdır.
Bütün
bunlar respublikamızda hərtərəfli tərəqqinin və
yüksəlişin məntiqi nəticəsi olmaqla
xalqımızda yüksək iftixar hissi doğurur, hər
birimizi yeni-yeni nailiyyətlərə ruhlandırır.
Ədliyyə
işçiləri də ölkəmizin müasir
inkişafına uyğun olaraq öz vəzifələrini hər
zaman layiqincə yerinə yetirmək, dövlət
başçısının ətrafında sıx birləşərək
demokratik hüquqi dövlət quruculuğu, Azərbaycan ədliyyəsinin
davamlı inkişafı üçün bundan sonra da fədakarlıqla
çalışmaq əzmindədirlər.
Hər
il peşə bayramı günündə ədliyyə
işçiləri Fəxri xiyabana gələrək bu
bayramı bizlərə bəxş etmiş ümummilli
liderimiz Heydər Əliyevə öz əbədi
ehtiramlarını bildirir, Şəhidlər xiyabanında qəhrəman
Vətən övladlarının əziz xatirəsini yad edirlər.
Ədliyyə işçilərinin ölkə Prezidentinin
iştirakı ilə yenicə istifadəyə verilmiş
Yasamal Rayon Məhkəməsinin müasir binası ilə
tanışlığı da nəzərdə tutulur. Bu
günlərdə həmçinin ədliyyə veteranları
ilə görüşlər keçirilmiş, yenicə ədliyyə
orqanlarına işə qəbul olunmuş gənc mütəxəssislər
nazirliyin rəhbərliyi tərəfindən qəbul
olunmuş, Azərbaycan ədliyyəsinin tarixinə və
müasir inkişafına dair xüsusi stendlər, nazirliyin
builki fəaliyyətinə həsr olunmuş
qısametrajlı sənədli film
hazırlanmışdır.
Möhtərəm
Prezidentin ədliyyə fəaliyyətinə yüksək diqqət
və qayğı göstərərək peşə
bayramı ərəfəsində bir qrup ədliyyə
işçisini ali xüsusi rütbələrə və
dövlət təltiflərinə layiq bilməsi hər
birimizdə dərin minnətdarlıq hissi doğurmuşdur.
Fürsətdən
istifadə edərək, peşə bayramı münasibətilə
bütün ədliyyə işçilərini ürəkdən
təbrik edir, onlara qanunun aliliyinin və insan
hüquqlarının təmin olunması kimi gərəkli fəaliyyətlərində
uğurlar arzulayıram.
Fikrət MƏMMƏDOV,
Azərbaycan Respublikasının ədliyyə
naziri,
Məhkəmə-Hüquq
Şurasının sədri,
I dərəcəli
dövlət ədliyyə müşaviri
Azərbaycan.-2012.- 22 noyabr.- S.4.