Qanunun aliliyinə xidmət edən mütərəqqi islahatlar

 

22 noyabr ədliyyə işçilərinin peşə bayramı günüdür

 

Son dərəcə çətin, keşməkeşli mərhələlərdən keçmiş demokratik inkişaf təmayülünün əsas hədəfi dövlətin insanların şəxsi həyatına müdaxiləsini minimuma endirmək, vətəndaşların anadangəlmə təbii və sonradan qazanılmış hüquqlarını dönmədən müdafiə etmək, qanunların aliliyini təmin etmək, cəmiyyətin hüquq mədəniyyətini yüksəltməkdir. Tarixən bu məqsədlərin uğurla gerçəkləşdirilməsi yalnız müstəqil məhkəmə sisteminin mövcud olduğu, ədalət mühakiməsinin obyektivlik, şəffaflıq və qanunçuluq prinsiplərinin həyata keçirildiyi sivil cəmiyyətlərdə mümkün olmuşdur.

Ədalətin, qanunçuluğun üstün olduğu dövlətdə yaşamaq arzusu Azərbaycan xalqının da şanlı mücadilə salnaməsinin əsas qayəsini təşkil edir. Xalqımız tarixən formalaşmış demokratik ənənələr əsasında milli dövlətçilik modeli yarada biləcək böyük sərkərdəyə, liderə daim ehtiyac duymuş, fəqət bu istəyini yalnız ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə gerçəkləşdirə bilmişdir. XX əsrdə xalqımızın yetirdiyi ən böyük şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyev özünün mükəmməl dövlətçilik konsepsiyasında ədalət, müdriklik və həqiqət kimi üç ali dəyəri bir araya gətirərək çağdaş tariximizdə əbədiyaşarlığını təmin etmiş, gücün siyasətinə qarşı çıxaraq siyasətin gücünü qoymuşdur. Dürustlük, zəiflərin haqqını müdafiə etmək, humanizm, insanpərvərlik, mərhəmət kimi ali insani keyfiyyətlər onun müdrik rəhbər obrazının qabarıq görünən cizgiləri olmuşdur.

Hələ 70-80-ci illərdə məhz Heydər Əliyevin sayəsində ali təhsil müəssisələrində bilik yeganə meyara çevrilmiş, bir sıra nüfuzlu ixtisaslara, o cümlədən Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul zamanı yol verilən ayrı-seçkiliyin qarşısı alınmış, sıravi vətəndaşların övladlarının nüfuzlu ixtisaslara doğru yolunu bağlayan sədlər aradan qaldırılmışdır. Eyni zamanda, ulu öndərin uzaqgörənliyinin nəticəsi olaraq on minlərlə azərbaycanlı gənc Rusiyanın nüfuzlu ali məktəblərində təhsil almaq, ixtisaslı kadr kimi yetişmək imkanı qazanmışlar. Məhz həmin illərdə formalaşmış hüquqşünaslar nəsli bu gün də Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinə sanballı töhfələr verir.

1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin ictimai-siyasi sabitliyi, qanunçuluğu, hüquq qaydalarını qorumaq üçün göstərdiyi qətiyyət və prinsipiallıq da onun yüksək liderlik əzmindən irəli gəlirdi. Heydər Əliyev müdrik rəhbər olaraq hər bir fərdin azad, təhlükəsiz şəraitdə yaşaması naminə, ilk növbədə, respublikada qanunçuluğunhüquq qaydalarının bərpasına nail olmuşdur. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə Azərbaycan Konstitusiyasının qəbulu respublikanın hüquqidemokratik dövlət quruculuğu yolunda inamla addımladığını bir daha dünyaya nümayiş etdirmişdir.

Sonrakı mərhələdə ulu öndər Heydər Əliyevin iradəsi ilə qəbul olunan saysız-hesabsız törəmə qanunların da kökündə məhz insan şəxsiyyətinə hörmət amili dayanmışdır. Respublikada əfvetmə institutunun bərpası, ölüm hökmü üzərində moratoriumun qoyulması, 1998-ci ildə bu hökmün birdəfəlik ləğvi, İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) İnstitutunun yaradılması, hüquq-mühafizə, ədliyyə orqanlarında dövrün tələblərinə cavab verən mütərəqqi islahatların aparılması, məhkəmələrin müstəqilliyinin təmini, hakim vəzifəsinə test üsulu ilə seçkilərin keçirilməsi - bütün bunlar məhz Heydər Əliyevin qətiyyətli addımları sayəsində gerçəkliyə çevrilmişdir.

Ümummilli lider Heydər Əliyev ədliyyə orqanlarında da yeni dövrün tələblərinə cavab verən islahatların aparılmasını hüquqi dövlət quruculuğunun fundamental şərti saymışdır. Ulu öndərin 11 noyabr 2000-ci il tarixli fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü elan edilmişdir. Ulu öndərin ədliyyə işçilərinə göstərdiyi bu yüksək etimadın nəticəsi olaraq Ədliyyə Nazirliyində yeni qanunvericilikdən irəli gələn islahatların aparılması, o cümlədən yeni üsulu və vasitələrinin təkmilləşdirilməsi, vətəndaşların hüquq və mənafelərinin qorunması, ədalət mühakiməsinin səmərəliyinin artırılması, habelə ədliyyə fəaliyyətinin digər müxtəlif sahələri üzrə zəruri tədbirlər həyata keçirilmişdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başladığı ilk gündən ulu öndərin iqtisadi, siyasihüquqi islahatlar kursunu inamla davam etdirir. Dövlət başçısı xüsusi vurğulamışdır ki, demokratik proseslərin davamlı şəkildə aparılmadığı hansısa dövlətin iqtisadi sahədə yüksək nəticələr əldə etməsi, beynəlxalq arenada layiqli yer tutması, dünya təsərrüfat sisteminə inteqrasiyası mümkün deyildir. Eyni zamanda, iqtisadi cəhətdən inkişaf etməmiş hansısa dövlətdə demokratikləşməyə və vətəndaş cəmiyyəti quruculuğuna yönələn cəhdlər uğursuzluqla nəticələnir.

Bu reallığı ciddiliklə nəzərə alan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən 9 illik fəaliyyəti dövründə məhkəmə və ədliyyə orqanlarının fəaliyyətinin müasirləşdirilməsinə və təkmilləşdirilməsinə xidmət edən çoxsaylı qanun, fərman və sərəncamlar imzalamışdır. Bu məqsədlə hələ 2004-cü ildə Azərbaycan-Avropa Şurası birgə işçi qrupları yaradılaraq onun tərkibinə ən nüfuzlu beynəlxalq ekspertlər daxil edilmiş, çoxşaxəli fəaliyyət planı hazırlanıb həyata keçirilmişdir. Görülmüş tədbirlər nəticəsində "Məhkəmələr və hakimlər haqqında" qanun əsaslı şəkildə yenilənmiş, "Məhkəmə-Hüquq Şurası haqqında" yeni qanun, "Hakimlərin Seçki Komitəsi haqqında" Əsasnamə, "Hakim vəzifələrinə namizədlərin seçimi Qaydaları", "Hakimlərin Etik Davranış Kodeksi" və digər mühüm sənədlər qəbul olunaraq uğurla tətbiq edilmişdir.

Ölkəmizdə aparılmiş islahatlar nəticəsində yeni təsisat - məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası yaradılmış, onun tərkibi əsasən hakimlərdən, eyni zamanda, ölkə Prezidentinin, Milli Məclisin, prokurorluğun, Vəkillər Kollegiyasının nümayəndələrindən ibarət formalaşdırılmışdır. Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və onların fəaliyyəti ilə bağlı digər məsələlər bu orqanın səlahiyyətinə aid edilmişdir.

Dövlət başçısının inamla həyata keçirdiyi məhkəmə-hüquq islahatlarının əsas qayəsində həm də regionlarda yaşayan vətəndaşların qanuni maraq və mənafeyinin ədalət mühakiməsi yolu ilə qorunması mexanizmlərinin təkmilləşdirilməsi olmuşdur. Bu baxımdan dövlət başçısının 19 yanvar 2006-cı il tarixli "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" fərmanı respublikanın məhkəmə sisteminin əsaslı şəkildə müasirləşdirilməsi və təkmilləşdirilməsi prosesində ən mühüm addımlardan biri kimi dəyərləndirilə bilər. Regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilmiş bir sıra təşkilati-hüquqi, sosial tədbirlərin mahiyyətindən irəli gələn həmin fərman əsasında bölgələrdə yeni apelyasiyaiqtisad məhkəmələri yaradılmışdır.

Şübhəsiz, məhkəmə hakimiyyətinin nüfuzlu və müstəqil təsisat kimi təşəkkül tapması bu hakimiyyəti realizə edən hakimlərin peşəkarlığı, onların mənəvi keyfiyyətləri ilə bilavasitə bağlıdır. Bu reallıq nəzərə alınaraq hakimliyə namizədlərin ən şəffaf üsullarla seçilməsi qaydası müəyyən edilmişdir. Çoxsaylı imtahan və müsahibələrdən, namizədlərin hakim vəzifələrinə hazırlanmaları üçün uzunmüddətli kurs və təcrübədən ibarət olan bu seçim proseduru müstəqil qurum - tərkibi əsasən hakimlərdən ibarət olan Hakimlərin Seçki Komitəsi tərəfindən həyata keçirilir. Avropada ən mütərəqqi və şəffaf hesab edilən bu qaydalar əsasında son illərdə 2200 namizəd sırasından seçilmiş 235 nəfər yüksək hazırlıqlı hüquqşünas müxtəlif hakim vəzifələrinə təyin edilmişdir.

2009-cu ilin mayında Ali Məhkəmənin yeni binasının açılış mərasimində iştirak edən dövlət başçısı İlham Əliyev məhkəmələrin çıxardığı qərarların insan taleyi ilə bağlı olduğunu bir daha vurğulamış, hakimlərə qanunun aliliyi prinsipinə daha ciddiliklə yanaşmağı tövsiyə etmişdir: "Son illər ərzində Azərbaycanda məhkəmə-hüquq sistemində aparılmış köklü islahatlar öz bəhrəsini verir. İnsanların məhkəmə orqanlarının qərarlarına inamı artır. Biz bunu görürük, bilirik və yerlərdən bu məsələ ilə əlaqədar gələn şikayətlərin sayı azalır, məhkəmə qərarları ədalətli çıxarılırE Həyatımızın bütün sahələrində ədalət olmalıdır və bu, hər bir cəmiyyətin inkişafı üçün çox vacibdir".

Məhkəmə hakimiyyətinin müstəqilliyinin ədalət mühakiməsinin səmərəliyinin artırılmasında rolu nəzərə alınaraq hakimlərin müddətsiz - son yaş həddinədək təyinatı, fəaliyyətlərinin qiymətləndirilməsi və intizam məsuliyyətinə cəlb edilməsinin demokratik əsasları təsbit olunmuşdur. Ölkənin sürətli iqtisadi inkişafı ilə əlaqədar məhkəmələrin yükünün dəfələrlə çoxalması nəzərə alınaraq hakimlərin sayı son illər ərzində 2 dəfə, məhkəmə aparatı işçilərinin sayı isə 75 faiz artırılmış, hər bir hakimə köməkçi ştatı ayrılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli "Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər", "Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli qanununun tətbiq edilməsi haqqında" fərmanı ilə respublikada bir sıra yeni məhkəmələr təşkil edilmişdir. Fərmanla Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsi əsasında Bakı Ağır Cinayətlər Məhkəməsi, habelə Lənkəran, Gəncə, Şəki ağır cinayətlər məhkəmələrinin yaradılması təmin olunmuşdur.

"İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin qəbul edilməsi insan hüquqlarının müdafiəsi istiqamətində atılan yeni addımlardan biri olmaqla dövlət orqanları fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi və dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinə yönəlmişdir.

1 yanvar 2011-ci ildən fəaliyyətə başlamış İnzibati-İqtisadi Məhkəmələr inzibati orqanların hüquqi nəticə yaradan fəaliyyətinin qanunauyğunluğuna nəzarəti həyata keçirməklə yanaşı, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinin təminatçısı kimi çıxış edir. 

Ümumilikdə ötən illərdə hakimlərin maddi təminatının yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılmış, 2000-ci illə müqayisədə onların əməkhaqqı orta hesabla 30 dəfə artırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 2010-cu il tarixdə imzaladığı "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu isə hakimlərin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində növbəti uğurlu addımlar olmuşdur.

Ötən 9 ildə dövlət başçısı məhkəmə orqanları ilə yanaşı, ədliyyə sisteminin müasirləşdirilməsi tədbirlərini də diqqət mərkəzində saxlamışdır. Nazirliyin fəaliyyətinin normativ-hüquqi əsaslarının təkmilləşdirilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 18 aprel 2006-cı il tarixli fərmanı ilə "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə" təsdiq edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 26 may 2006-cı il tarixli iclasında qəbul edilən "Ədliyyə orqanlarında qulluqkeçmə haqqında" Azərbaycan Respublikasının Qanunu isə ədliyyə orqanlarında, idarələrində və təşkilatlarında, penitensiar xidmətdə qulluqkeçmə qaydalarını və şərtlərini, bu orqanların işçilərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən etmişdir. Eyni zamanda, Azərbaycan Prezidentinin "Ədliyyə orqanlarının inkişafı haqqında" 17 avqust 2006-cı il tarixli fərmanı Azərbaycan ədliyyəsi üçün mühümproqram xarakterli sənəd olmaqla dövlət başçısının ölkədə güclü ədliyyə sisteminin formalaşmasına dair siyasi iradəsinin təzahürüdür.

"Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı" milli ədliyyə sistemi ilə yanaşı, həm də məhkəmə orqanlarının müasirləşdirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində indiyədək həyata keçirilmiş məqsədyönlü və ardıcıl tədbirlər sisteminin uğurlu davamıdır. Dövlət proqramının imzalanması ədliyyə orqanlarının və məhkəmələrin dinamik inkişafının təmin edilməsi, yeni informasiyakommunikasiya texnologiyalarının tətbiqi, normativ-hüquqimaddi-texniki təminatın yaxşılaşdırılması, kadr potensialının gücləndirilməsi məqsədi daşıyır. Dövlət proqramının 6-cı hissəsində məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi və infrastrukturunun yaxşılaşdırılması sahəsində bir sıra tədbirlər nəzərdə tutulmuşdur. 2009-2013-cü illərdə məhkəmələrin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktlar külliyyatının və onların şərhinə dair vəsaitlərin hazırlanması, "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsi çərçivəsində məhkəmə fəaliyyətində, o cümlədən işlərin qeydiyyatı və hərəkətində, məhkəmə proseslərinin aparılmasında yeni texnologiyaların tətbiqi, habelə məhkəmələrin maddi-texniki bazasının yaxşılaşdırılması və onlar üçün lazımi şəraitinin təmin edilməsi, yeni yaradılmış məhkəmələrin inzibati binalarla təmin edilməsi nəzərdə tutulur. Xüsusi vurğulamaq istərdik ki, ölkə başçısının müvafiq fərman və sərəncamlarının ədliyyə naziri Fikrət Məmmədovun rəhbərliyi ilə uğurla həyata keçirilməsi nəticəsində son illərdə bir sıra yeni məhkəmə binaları inşa olunmuş, onların maddi-texniki bazası gücləndirilmişdir.

Həyata keçirilən islahatlar göstərir ki, Azərbaycanda məhkəmə orqanlarının nüfuzlu və müstəqil hakimiyyət qolu kimi təşəkkül tapması, ədalət mühakiməsinin reallaşdırılması zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkili, peşəkar hakim korpusunun formalaşdırılması, məhkəmələrin fəaliyyətində şəffaflığın, obyektivliyin təmini və digər mühüm məsələlərin həlli ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Əminliklə söyləmək olar ki, inamla həyata keçirilən məhkəmə və ədliyyə islahatları respublikada qanunçuluğun, hüquq qaydalarının daha da möhkəmlənməsinə, habelə Azərbaycanın beynəlxalq arenadakı demokratik imicinin yüksəlməsinə xidmət edir.

 

 

Səadət BƏKTAŞİ,

Azərbaycan Respublikası Sumqayıt

Apelyasiya Məhkəməsinin sədri

 

Azərbaycan.-2012.- 22 noyabr.- S.5.