Demokratik təkamülün
carçısı - məhkəmə-hüquq islahatları
22 noyabr ədliyyə
işçilərinin peşə bayramı günüdür
Əslində,
dahi dialektik Fridrix Heygel hesab edirdi ki, istənilən cəmiyyətin,
dolayısı ilə ictimai təfəkkürün
formalaşması prosesinin özülündə hüquq
münasibətləri durmalıdır. Hüquqi münasibətlərdən
təcrid olunmuş toplumun "cəmiyyət"
adlandırılması isə məntiqsizlik olardı. Məsələyə
günümüzün aspektindən yanaşdıqda cəmiyyətin
mükəmməl idarə edilməsi modelini qurmuş yunan
polisləri, daha sonrakı dövrə təsadüf edən,
plebeylər və patrisilərin nəzərində demokratik
idarə olunan qədim Roma Respublikasının tərəqqisində
o zamankı mütərəqqi hüquqi bazanın durduğu
danılmazdır. Həmin dövlətlərin senat, areopaq və
s. ictimai bazaya dayanan formalar əsasında idarə
olunduğunu hamımız bilirik. Məhz təkmil qanunvericilik
bazasının təşəkkülünün bu dövrə
təsadüf etməsi həmin dövlətlərin idarə
olunması üsulu - fərdin deyil, ictimai maraqlara cavab verməsi
ilə bağlı idi. Hüquqşünasların
tanıdığı "12 cədvəl qanunları" və
ya "Qayın institusiyaları" məhz həmin
dövrün bəhrələridir ki, günümüz
qanunvericiliyinin təməllərindən birini təşkil
edir. Çünki antik cəmiyyətlərdə insanlar
arasında əldə olunmuş konsensus son nöqtədə
hüquqa dayanırdı və hüquq münasibətlərinin
getdikcə təkmilləşməsi cəmiyyətin
inkişafına rəvac verirdi.
Orta əsrlərin
"qaranlıq dövrü"nə baxmayaraq XX əsrin əvvəllərindən
başlayan hüququn inkişaf tendensiyası həmin əsrin
ortalarında daha da güclənməyə başladı və
bu spiralvari proqres indi də davam etməkdədir. BMT-nin
İnsan Hüquqlarına dair Universal Bəyannaməsi və
onun təminatı mexanizmi olan BMT-nin Beynəlxalq Məhkəməsi,
habelə Əsas İnsan Hüquq və Azadlıqlarına
dair Avropa Konvensiyası və onun təminat mexanizmi olan
İnsan Hüquqlarına dair
Avropa Məhkəməsi XX əsrin təlatümlərinin
doğurduğu bu qəbildən olan "nou-hau"lar,
dünyamızın bugünkü mənzərəsini xeyli dəyişdirmişdir.
Hüquq sahəsi o qədər genişlənmişdir ki,
artıq bu, ayrı-ayrı fərdlərin peşəsi kimi
deyil, cəmiyyətin məhsuluna çevrilmişdir. Və təbii
ki, bu proses getdikcə inkişaf etməkdədir.
Müasir
Azərbaycan cəmiyyəti də bu prosesdən kənarda
qalmamış və bu işə öz töhfəsini verməkdə
davam edir. Ölkəmiz öz suverenliyini bərpa etdikdən
sonrakı dövrdə bu proses daha da təkamülə
uğramağa başladı və öz kulminasiya nöqtəsinə
"Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini
hazırlayan komissiyanın tərkibi haqqında" Azərbaycan
Respublikası Milli Məclisinin 2 may 1995-ci il qərarının
qəbulu ilə çatdı. Dahi dövlət xadimi Heydər
Əliyevin rəhbərlik etdiyi bu komissiyanın fəaliyyəti
nəticəsində müstəqil Azərbaycanın ilk
Konstitusiyası qəbul olundu ki, bununla da, ölkəmizin
demokratik təkamülünə real təkan verilmiş oldu.
Sonrakı dövrdə - 1996-cı ilin fevralında Azərbaycan
Respublikası Prezidentinin yanında Hüquqi İslahat
Komissiyasının yaradılması "Məhkəmələr
və hakimlər haqqında", "Vəkillər və vəkillik
fəaliyyəti haqqında", yeni cinayət, mülki, əmək,
notariat, polis və s. mütərəqqi qanunvericilik
aktlarının qəbulu ilə nəticələndi ki,
bununla da, ölkəmizin beynəlxalq standartlara cavab verən
qanunvericilik və məhkəmə-hüquq sisteminin
özülləri müəyyənləşdirildi. Qeyd olunan
islahatların əsas qayəsini Azərbaycan
Respublikasının Konstitusiyasının müddəalarının
həyata keçirilməsi, demokratik təsisatların və
qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi, hüquq
islahatlarının aparılması sahəsində
qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin
qarşılıqlı fəaliyyətinin təmin edilməsi
təşkil edirdi. Məsələyə başqa rakursdan nəzər
saldıqda görərik ki, hüquq islahatları istiqamətində
həmin dövrdə atılmış addımların siyasi
aspektləri özünü daha qabarıq göstərir. Belə
ki region dövlətləri ilə müqayisədə Azərbaycanın
iqtisadi inkişaf tempi və belə inkişafın ölkəmizi
beynəlxalq inteqrasiyaya daha dərindən cəlb etməsi
onun qanunvericilik, məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsini
zəruri edirdi. Beləliklə, yalnız islahatlar yolu ilə
qlobal inkişafla ayaqlaşmaq mümkün ola bilərdi.
Çox
da uzun olmayan dövr ərzində ölkəmizin məhkəmə-hüquq
sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən
quruldu, yeni 3 pilləli məhkəmə sistemi fəaliyyətə
başladı. Dolayısı ilə, məhkəmə
sisteminin daha da təkmilləşdirilməsi, prosessual və
maddi qanunvericiliyin yenilənməsi dövrün
çağırışlarına tutarlı cavab idi. Məhz
həmin dövrdə məhkəmə hakimiyyətinin
müstəqillyinin tam təmin edilməsi məqsədi ilə
məhkəmələr üzərində prokuror nəzarəti
ləğv olunaraq onların prosessual səlahiyyətləri
xeyli genişləndirildi, məhkəmə fəaliyyətini
tənzimləyən qanunvericilik bazası tədqiq edilərək
yeni müstəqil qurumlar - Məhkəmə-Hüquq
Şurası, Hakimlərin Seçki Komitəsi
yaradıldı, habelə hakimlərin müddətsiz təyinatı,
onların fəaliyyətlərinin qiymətləndirilməsi
qaydaları müəyyənləşdirildi.
Hal-hazırda
dünya dövlətləri arasında onların məhkəmə
və hüquq sistemlərinin beynəlxalq standart və
normalara uyğunlaşdırılması prosesi getməkdədir.
Avropa ölkələrinin əksəriyyətində
kontinental hüquq sisteminə meylin güclü olmasına
baxmayaraq, anqlo-sakson hüquq sistemli ölkələrdə də
unifikasiya olunmuş hüquq sisteminin formalaşdırlması
meyli sezilməkdədir. Bunun bariz nümunəsi kimi Avropa
İnsan Hüquqları Məhkəməsini göstərə
bilərik ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı
il fərmanı ilə bu məsələ demək olar ki,
öz həllini tapmış oldu. Həmin sənəddə
İnsan Hüquqlarına dair
Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi
işinin təşkili və onun məhkəmə təcrübəsində
nəzərə alınmalı olduğu qeyd edilmişdir. Həmçinin
qeyd olunmalıdır ki, bu gün hakimlərin seçimi
prosesinin davamı olaraq 77 nəfər hakimliyə namizədlə
uzunmüddətli tədris kursu davam etməkdədir. Təsadüfi
deyil ki, hazırda onların tədris proqramında beynəlxalq
xarakterli hüquqi mövzuların sayı artmışdır.
Hətta namizədlər tərəfindən Türkiyə təcrübəsinin
öyrənilməsi məqsədi ilə onların qonşu
respublikaya tədris səfərləri də təşkil
olunmuşdur.
Bundan başqa, 2007-ci ildə Məhkəmə-Hüquq Şurası tərəfindən məhkəmə hakimiyyətinin fəaliyyətinin qərəzsizliyinin, şəffaflığının, səmərəliliyinin təmin edilməsinin əsas ünsürlərindən biri olan Hakimlərin Etik Davranış Kodeksi qəbul olunmuş və bu sənədin mahiyyətinin daha dərindən anlaşılması və bu sahədə beynəlxalq standartların tələblərinin öyrənilməsi məqsədi ilə BMT tərəfindən qəbul olunmuş "Hakimlərin davranışı üzrə Banqalor prinsipləri" və onun kommentariyası ilk dəfə olaraq Azərbaycan dilinə tərcümə edilərək ölkəmizin hakim korpusu və hüquq ictimaiyyəti arasında paylanılmışdır. Bu addım "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamının 3.6-cı bəndi - hakimlərin və hakimliyə namizədlərin tədrisində insan hüquqları sahəsində beynəlxalq konvensiyalarla bağlı mövzuların geniş istifadə edilməsi, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi tapşırığı ilə uzlaşmaqdadır. Bu mənada, ölkəmizin məhkəmə-hüquq sahəsində mühüm əhəmiyyət kəsb edən beynəlxalq sənədlərin tərcüməsi və hüquq ictimaiyyəti arasında təbliğinin səmərəli təşkilindəki təcrübəsi beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.
Ümumiyyətlə, ölkəmizdə hakimlərin seçilməsi prosesinə əhəmiyyət verilərək Avropada ən qabaqcıl təcrübə tətbiq olunmaqdadır. Qeyd olunmalıdır ki, çoxmərhələli imtahanlardan ibarət olan seçim prosedurlarının nəticəsi olaraq son 6 il ərzində 235 nəfər hüquqşünas hakim vəzifəsinə təyin olunmuşdur. Bu rəqəm isə mövcud hakim korpusunun yarısını təşkil edir. Yeni təyinatlarla bərabər, son 5 il ərzində ölkəmizdə 20-dək yeni regional məhkəmələr, o cümlədən apelyasiya, ağır cinayətlər, inzibati-iqtisadi məhkəmələr fəaliyyətə başlamışdır. Ölkənin sürətli iqtisadi inkişafı ilə əlaqədar məhkəmələrin iş yükünün dəfələrlə çoxalması nəzərə alınaraq hakimlərin sayı son illər ərzində 2 dəfə artırılmışdır. Bundan başqa, ölkəmizdə hakimlərin seçimi proseduru Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası (CEPEJ) tərəfindən yüksək qiymətləndirilərək Avropa ölkələri arasında nümunəviliyi ilə bağlı təqdir olunmuşdur. Komissiyanın dövri olaraq dərc etdiyi hesabatlarında ölkəmizdə məhkəmələrin informasiya və kommunikasiya texnologiyaları ilə təchiz olunması üzrə səylər xüsusi vurğulanmışdır.
Son dövrlər məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi sahəsində atılmış mühüm addımlardan biri də "Məhkəmələr və hakimlər haqqında" qanuna 22 iyun 2010-cu il tarixli dəyişikliklərlə bağlıdır. Bunun ardınca isə müvafiq olaraq dövlət başçısının 15 iyul və 9 avqust 2010-cu il tarixli fərmanlarıdır ki, bu sənədlər də ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında müstəsna rola malikdir. Qeyd olunan sənədlərə əsasən, vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə ölkənin dörd əlavə bölgəsində regional ağır cinayətlər məhkəmələri təsis edilmiş, dövlət orqanları tərəfindən insan hüquqlarına əməl olunmasının təmin edilməsi məqsədilə ölkəmizin tarixində ilk dəfə olaraq yeddi bölgədə inzibati-iqtisadi məhkəmələr yaradılmış, hakim ştatlarının sayı 25 faiz artırılmışdır. Vətəndaşların məhkəmələrə müraciət imkanlarının sadələşdirilməsi və hüquqi xidmətlərin təkmilləşdirilməsi məqsədilə bütün məhkəmələri əhatə edən veb-səhifə yaradılmışdır. Veb-səhifənin imkanlarından istifadə etməklə ali, apelyasiya və birinci instansiya məhkəmələri, onların yurisdiksiyası, baxılan işlər və çıxarılan qərarlar, hakimlərin qəbul günləri və s. barədə ətraflı məlumat almaq, iddia ərizələri və digər məhkəmə sənədlərinin nümunələrini yükləmək, həmçinin müvafiq məhkəmələrə internet vasitəsi ilə müraciət etmək mümkündür.
Ölkəmizdə aparılan məhkəmə-hüquq islahatlarına yeni nəfəs verən və əhəmiyyətli sayıla biləcək hadisələrdən biri də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən 27 dekabr 2011-ci il tarixdə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında" sərəncamın imzalanmasıdır. Sərəncam dövrün tələbləri, məhkəmə-hüquq islahatlarının sürətli və keyfiyyətli həyata keçirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, həmçinin normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Sərəncamda diqqəti cəlb edən məqamlar əsas etibarilə insan hüquqlarının müdafiəsini tənzimləyən beynəlxalq sənədlərin müddəalarının Azərbaycan Respublikasının məhkəmələri tərəfindən tətbiqi üzrə araşdırma və tədqiqatların aparılmalı olması, xüsusilə, İnsan Hüquqlarına dair Avropa Konvensiyasının məhkəmə aparatı işçiləri tərəfindən öyrənilməsinin təmin edilməsi, dolayısı ilə məhkəmə qərarlarının vaxtında və dəqiq icrasını təmin etmək məqsədi ilə icra tədbirlərinin səmərəliliyinin artırılmalı olmasının zəruriliyi ilə bağlıdır.
Son
zamanlar ölkəmizdə aparılan məhkəmə-hüquq
islahatlarının forma və məzmunu baxımından əhəmiyyətli
sayılacaq hadisələrin şahidi oluruq. Bu silsilədən
olan tədbirlərdən biri də 22 noyabr - ədliyyə
işçilərinin peşə bayramı ərəfəsində
Yasamal Rayon Məhkəməsinin yeni inzibati binasının
açılışıdır. Azərbaycan hökumətinin
Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və
Ədliyyə Nazirliyinin həyata keçirdiyi "Ədliyyə
sisteminin müasirləşdirilməsi" layihəsi çərçivəsində
analoji tədbir - Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin,
habelə ötən il Oğuz Rayon Məhkəməsinin yeni binalarının istifadəyə
verilməsi məhkəmə-hüquq islahatları sahəsində
əlamətdar hesab olunacaq hadisələrdəndir.
Hər
kəs üçün aşkar olan bir həqiqət
vardır. Bu həqiqət də ondan ibarətdir ki, istənilən
müasir cəmiyyətin tərəqqi meyarlarından biri də
məhkəmə-hüquq sisteminin səviyyəsi, bu sahədə
həyata keçirilən islahatlardır. Əgər bu istiqamətli
fəaliyyətə xüsusi önəm verilirsə, deməli,
dövlət öz cəmiyyətinin hərtərəfli
inkişafına, onun institutlarının tərəqqisinə
həssaslıqla yanaşmaqdadır. Bu qəbildən olan
işlərin icrasına beynəlxalq təşkilatların cəlb
edilməsi qeyd olunan prosesin şəffaflığının
göstəricisidir. Son dövrlər respublikamızda məhkəmə-hüquq
sisteminin daha da təkmilləşdirilməsi, ədalət
mühakiməsinin səmərəliliyinin
artırılması üzrə görülən
çoxsaylı işlərin, icra olunan layihələrin mövcudluğu
isə dövlətimizin bu işdə nə qədər
maraqlı olduğundan xəbər verir.
Anar BAĞIROV,
hüquq üzrə fəlsəfə
doktoru,
Hakimlərin Seçki Komitəsinin
üzvü
Azərbaycan.-2012.- 22 noyabr.- S.5.