Qəhrəmanlıq salnamələri
Azərbaycan zaman-zaman qəhrəmanlar yetirib. Bu yurdun igid, ər oğulları hər zaman Vətənin başı üzərini qara buludlar alanda silaha sarılaraq yadlara-yağılara qarşı böyük mərdliklə vuruşublar. Tariximizin elə bir səhifəsi yoxdur ki, orada Vətən övladlarının böyük qəhrəmanlıq səlnamələrinin şahidi olmayasan. Belə qəhrəman və unudulmaz soydaşlarımızdan biri də 22 noyabr 1922-ci ildə Şamaxı şəhərində anadan olmuş Adil Hüseyn oğlu Quliyevdir. Noyabr ayının 22-də bu cəsur qəhrəmanın anadan olmasının 90 ili tamam olur.
Məqsədimiz qəhrəman təyyarəçimizin İkinci Dünya müharibəsində keçdiyi döyüş yollarından bəzi məqamları 90 illik yubileyi şərəfinə diqqətə çatdırmaqdır. Uşaqlığı və yeniyetməlik dövrü Bakıda keçən Adil paytaxtdakı 132 saylı orta məktəbi yenicə bitirmişdi ki, müharibənin qara buludları ölkə səmasını bürüdü. Ürəyi arzularla aşıb-daşan Adilin gənclik dövrü müharibənin odlu-alovlu illərinə düşdü. Faşist Almaniyası az bir zaman içərisində Avropanı işğal edərək Sovet İttifaqına hücum etdi. Bəşəriyyət o zamana kimi insanlığın görünməmiş bir qətliamı ilə üz-üzə qaldı. Müharibənin ilk günlərindən Azərbaycan xalqının da üzərinə ağır işlər düşdü. Yüz minlərlə soydaşı kimi Adil də müharibənin ilk günlərindən könüllü olaraq döyüşlərə atıldı. O, hələ məktəb illərindən təyyarəçilik sənətinə böyük həvəs göstərər və Bakı təyyarəçilik klubundakı məşğələlər onun bu həvəsini daha da artırdı.
1941-ci ildə hərbi xidmətə çağırılan Adil Quliyev 1942-ci ildə Stalinqrad Hərbi Təyyarəçilik Məktəbini bitirərək müharibəyə hərbi-təyyarəçi kimi qatıldı. Ağır müharibə illərində müxtəlif cəbhələrdə, şəhər və ölkələrdə döyüşdü. Harada, hansı hərbi hissənin tərkibində vuruşdusa, özünü Azərbaycan adının şərəfinə layiq bir övlad kimi təsdiq etdi.
Adil Quliyevin döyüşlərdə göstərdiyi qəhrəmanlıqlarla bağlı o zaman ölkə mətbuatında da çox sayda məqalələr dərc olunurdu. Bu məqalələrdə Vətən oğlunun düşmənlə mübarizədə göstərdiyi şücaətlərdən söhbət açılırdı. Ozamankı qəzet məqalələrindən birində deyilir ki. Adil Quliyev "stalinçi şahindir". Onun 22 yaşı var. Azərbaycan komsomolunun yetirməsi olan bu gənc təyyarəçi zəngin döyüş və qələbə yolu keçmişdir.
Adil
Quliyev 1942-ci ildə döyüşən ordu
sıralarında şimal-qərb və cənub-qərb cəbhələrində
faşistlərə qarşı ölüm-dirim vuruşlarına
girdi. İlk vaxtlarda sıravi təyyarəçi olan Adil
döyüş təcrübəsini sürətlə
artıraraq qısa zaman çərçivəsində təyyarəçilər
dəstəsinin komandir müavini oldu.
O, ilk döyüşə
məşhur Oryol vuruşmalarında
qatıldı. Bu savaş
onun sonrakı döyüş
yollarında silinməz izlər qoydu. Sonralar qəhrəman özü
bu döyüşləri belə
xatırlayırdı: "Hər gün iki-üç dəfə havaya
qalxıb düşmən mövqelərinə hücum etmək lazım gəlirdi. Bir dəfə biz
"İlyuşin"lərin yanınca uçurduq.
Cəbhə xəttini keçərkən almanların 4 "Fokker-Vults" təyyarəsinə rast gəldik. Aramızdakı məsafə
get-gedə azalırdı. Mən özümüzünkülərə
səmada düşmən təyyarələri göründüyünü xəbər verib diqqətli olmağı məsləhət
gördüm. Hamımız
döyüşə hazır olaraq
düşməni qarşılamaq üçün
cəsarətlə irəliləyirdik. Bir-birimizi
itirməmək üçün qabaqca uçan hücumçu təyyarələrlə əlaqə
saxlayırdıq. Bir qədər sonra alman təyyarələri
soldan bizə yaxınlaşaraq 500-600
mertlikdən həmlə etməyə başladılar. Lakin onların bu cəhdi puça çıxdı. Mən
qarşıdan hücum edib
yoldaşıma əmr verdim ki, onları üst tərəfdən
həmlə etməyə buraxmasın. Bu zaman "İlyuşin"
təyyarələrimiz nəzərdə tutulan
mövqeləri bombalamağa
başladılar. Karıxmış düşmən təyyarələri
sağ tərəfdən bizə həmlə
etməyə çalışdılar. Lakin
bu dəfə də mən onları
qabaqladım. Müəyyən hündürlüyə qalxdıqdan
sonra düşmən təyyarələrinə
güllə yağdırdıq. İlk dəfə
olaraq almanların bir
"Fokker-Vults" təyyarəsini vurub saldım".
İlk
döyüş uğurundan sonra Adil Quliyevin qələbələrinin
sayı da sürətlə artırdı. O, daha da mətinləşir,
polad kimi bərkiyirdi. Hətta elə olurdu ki, igid şahin eyni
vaxtda iki düşmən təyyarəsi ilə təkbətək
vuruşmalı olurdu.
Qanlı-qadalı müharibə illəri davam edirdi. Adil döyüşdən-döyüşə, cəbhədən-cəbhəyə adlayır, hitlerçi faşistlərlə qəhrəmanlıqla döyüşürdü. O illərdə hərbi hissə komandiri Zvorıtinin Bakı Komsomol Komitəsinə göndərdiyi məktubda cəsur təyyarəçinin döyüş rəşadətlərindən söz açılırdı: "Qvardiya baş leytenantı Adil Quliyev faşist işğalçılarına qarşı döyüş meydanlarında misilsiz şücaət və igidlik nümunələri göstərir. O, hitlerçi quzğunların əsl qənimi olmuşdur. Adil Quliyev döyüş texnikasına məharətlə yiyələnərək və düşməni məhv etmək üçün var gücünü, bütün bacarığını sərf edir. O, hərbi əməliyyat fənnini mükəmməl öyrənmiş, zəngin döyüş təcrübəsi əldə etmişdir. Hissəmizin komandirləri və bütün şəxsi heyəti Vətənimizi sədaqətlə müdafiə edən qoçaq əsgərimizlə fəxr edir və Qızıl Ordu üçün Adil Quliyev kimi igidlər yetişdirən Lenin komsomolunun Bakı Komitəsinə təşəkkür edir".
Adil Quliyev döyüş meydanlarında yaddaqalan hadisələrin və görüşlərin iştirakçısı oldu. Belə unudulmaz görüşlərdən biri də xalqımızın igid oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, qvardiya tank qoşunları general-mayoru Həzi Aslanovla oldu. Ağır döyüşlərin birində onların döyüş yolları kəsişdi. Onlar müharibənin ən ağır günlərinin birində qanlı döyüş meydanında tanış olub, dostlaşdılar. Hətta bir neçə dəfə birlikdə döyüş əməliyyatlarında iştirak etdilər. Adil Quliyev əfsanəvi generalın həmyerlisi və dostu olmaqdan qürur duyardı. Sonralar o öz xatirələrində yazırdı ki, Həzi Aslanovun ölüm xəbəri onun üçün ən ağır xəbərlərdən biri olub.
Adil Quliyev Böyük Vətən müharibəsinin yeddi cəbhəsində vuruşmuş, 265 dəfə havaya qalxmış, 64 hava döyüşlərində iştirak etmiş, faşistlərin 18 döyüş təyyarəsini məhv etmişdir.
Döyüşlərdə göstərdiyi böyük rəşadətə görə Adil Quliyev 23 fevral 1945-ci ildə ən yüksək ada - Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Təbii ki, bu xəbərə ən çox sevinənlər onun həmvətənləri idi.
Adil Quliyev müharibədən sonra Hərbi Hava Qüvvələri Akademiyasını bitirərək 1966-cı ilədək öz xidmətini davam etdirib polkovnik rütbəsinədək yüksəldi. Sonradan hərbidən ayrılaraq mülki xidmətə keçdi. Uzun illər Bakı aeroportunun rəisi işlədi. SSRİ Ali Sovetinin deputatı oldu. Burada da o özünü bacarıqlı, qayğıkeş rəhbər, həm də əsl qəhrəman kimi təsdiq etdi. Xidməti vəzifəsindəki uğurlarına görə dəfələrlə dövlət mükafatlarına layiq görüldü.
Qəhrəman Vətən oğlu Adil Hüseyn oğlu Quliyev 1992-ci ildə dünyasını dəyişdi və xalqın böyük ehtiramı ilə Fəxri xiyabanda dəfn olundu.
70 illik ömrünün 50 ilini aviasiyamıza həsr etmiş bu cəsur təyyarəçinin ailəsində davamçısı var. Kiçik oğlu Adil atasının arzusu ilə 1973-cü ildə Krasnokutsk mülki aviasiya məktəbinə qəbul olaraq mülki aviasiya təyyarəçisi ixtisasına yiyələnmişdir.
40 ilə yaxın vaxt ərzində atasının layiqli davamçısı kimi özünü doğruldaraq hazırda "Azərbaycan Hava Yolları" QSC-də uçuşların istehsalı idarəsinin rəisi vəzifəsində çalışan Adil Adil oğlu Quliyev müasir mülki aviasiyamızda ilk dəfə olaraq uçuş təhlükəsizliyinin təmin olunmasında, yeni aviasiya texnikasının mənimsənilməsində göstərdiyi böyük xidmətlərinə görə Azərbaycan Respublikasının "Əməkdar pilotu" fəxri adına layiq görülmüşdür.
Milli
Aviasiya Akademiyasının nəzdində fəaliyyət
göstərən Mülki Aviasiya Muzeyi bu əlamətdar günün keçirilməsinə
hazırlaşır. (Mülki Aviasiya Muzeyi "Azərbaycan
Hava Yolları" QSC-nin qərarı ilə 2005-ci ildə
yaradılmışdır).
Firəngiz HÜSEYNQULUQIZI,
Mülki Aviasiya Muzeyinin direktoru,
əməkdar mədəniyyət
işçisi,
Gülər RZAYEVA,
aparıcı elmi işçi
Azərbaycan.-2012.- 22 noyabr.- S.6.