Sinqapur Prezidenti Toni Tanın nitqi

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sinqapur Respublikasına dövlət səfəri

 

- Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri İlham Əliyev!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Zati-aliləri, Sizi və hörmətli nümayəndə heyətinizi Sinqapurda salamlamaqdan şərəf duyuram. Sizin səfəriniz Azərbaycanın dövlət başçısının Sinqapura ilk səfəridir və ikitərəfli münasibətlərimizdə tarixi mərhələni əks etdirir. On səkkiz il bundan əvvəl diplomatik münasibətlərimiz qurulandan bəri Sinqapur ilə Azərbaycan arasında ikitərəfli əlaqələr əhəmiyyətli dərəcədə inkişaf edib. Son bir neçə ildə çoxsaylı əlamətdar hadisələr baş verib. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 2010-cu  ilin mart ayında Sinqapura səfər edən ilk Azərbaycan naziri olub. Bundan iki həftə sonra isə o vaxtkı xarici işlər nazirimiz Corc Yeo Azərbaycana rəsmi səfər edib. Səfər çərçivəsində o, Sizin iştirakınızla Sinqapurun "Keppel" şirkəti tərəfindən Bakıda inşa ediləcək yeni gəmiqayırma zavodunun təməlqoyma mərasimində iştirak etmək şərəfinə nail olub. Bu gün biz Sizin ölkəmizə dövlət səfərinizin reallaşmasından həqiqətən, fəxarət hissi duyuruq.

Münasibətlərimiz ümumi maraq və qarşılıqlı ehtirama söykənir. Daha iri dövlətlərlə əhatə olunmuş kiçik ölkələr kimi, biz beynəlxalq təşkilatların və çoxtərəfli forumların əhəmiyyətini alqışlayırıq. Buna görə də təəccüblü deyil ki, ölkələrimiz Qoşulmama Hərəkatında və bu il 20 illiyi qeyd olunan  "Kiçik Dövlətlərin Forumu" kimi beynəlxalq tədbirlərdə yaxşı əməkdaşlıq edirlər. Sizin Sinqapura səfəriniz ölkələrimiz arasında daha sıx əlaqələrin qurulması üçün yaxşı zəmin yaradacaqdır. Səmimi qəlbdən inanıram ki, münasibətlərimizin siyasi, iqtisadi və digər sahələrdə böyük potensialı vardır.

Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edir. Keçən il ölkənizdə 7,6 faiz artım müşahidə olunubbu gün Azərbaycan dünyada iqtisadiyyatı ən sürətlə inkişaf edən ölkələrdən birinə çevrilib. Sinqapur şirkətləri regiondan kənarda imkanları əhəmiyyətli dərəcədə nəzərdən keçirir və mən inanıram ki, Azərbaycan biznes qurmaq üçün onlara  daha cəlbedici olacaqdır. Bu, artıq bizim artmaqda olan ticari və sərmayə əlaqələrimizdən də bəllidir. 2000-2012-ci illər arasında ikitərəfli ticarət dövriyyəsi iki dəfədən çox artaraq 200 milyon Sinqapur dollarına çatıb. Bir sıra yaddaqalan uğurlarımız olub. Məsələn, "Keppel Offshore and Marine" şirkəti Azərbaycan Dövlət Neft Şirkəti və Azərbaycan İnvestisiya Şirkəti ilə 52 hektar sahəsi olan yeni gəmiqayırma zavodu və tərsanənin inşasına, idarə olunmasına dair əməkdaşlıq haqqında saziş imzalayıb. Eyni zamanda, "Keppel" şirkəti ARDNŞ ilə birgə 1997-ci ildə Xəzər Gəmiqayırma şirkətini yaradıblar. Bu, Xəzər regionunda ilk beynəlxalq neft-qazma qurğuları, təmiri və modernləşdirilməsi üzrə zavod idi. "Surbana Corporation", "Sembcorp" və "Franklin Offshore Group" kimi bir sıra Sinqapur şirkətləri də Azərbaycanda müxtəlif layihələrdə iştirak ediblər. İnanıram ki, bu cür səylər bizim qarşılıqlı faydalı tərəfdaşlığımızın müsbət əlamətidir. Ümid edirəm ki, zati-aliniz ölkələrimiz arasında daha sıx iqtisadi əməkdaşlığa dəstək verməyə davam edəcəkdir.

 Azərbaycan zəngin tarixə və mədəniyyətə, rəngarəng  adət-ənənələrə malik olan ölkədir və Sinqapur sizin müxtəlifliyinizdən və mədəni irsinizdən çox şey öyrənə bilər. Azərbaycan kimi, Sinqapurda da biz mədəni müxtəlifliyə dəyər veririk, il boyu müxtəlif dini və etnik bayramlar, festivallar keçiririk. Ölkələrimizin mədəniyyət və incəsənət sahəsində əməkdaşlığı üçün fürsətləri səbirsizliklə gözləyirəm. İnanıram ki, Sizin səfəriniz əksəriyyəti səyahət həvəskarı olan sinqapurlularda ölkənizin gözəlliklərinə daha çox maraq oyatdı.

Zati-aliləri, əminəm ki, Sizin Sinqapura səfəriniz Azərbaycan ilə Sinqapur arasında münasibətlərin çiçəklənməsinə səbəb olacaqdır.

 

 

Azərbaycan.-2012.- 23 noyabr.- S.1.