Prezident İlham Əliyevin nitqi

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin

 Sinqapur Respublikasına dövlət səfəri

 

 

- Zati-aliləri cənab Prezident!

Əziz dostlar!

Cənab Prezident, hər şeydən öncə, mənə və nümayəndə heyətimin üzvlərinə göstərdiyiniz səmimi qonaqpərvərliyə və gözəl ölkənizə səfərə dəvət etdiyinizə görə Sizə minnətdarlığımı bildirmək istərdim. Dünəndən bəri ölkənizin müstəqillik illərində əldə etdiyi inkişaf və tərəqqi mənə böyük təəssürat bağışlayır. Bu gün Sinqapur inkişaf, sosial müdafiə, investisiya imkanları və beynəlxalq aləmə açıq olmaq baxımından dünyada lider ölkələrdən biridir.

Xalqlarımız və ölkələrimiz arasında bir çox bənzərliklər vardır. Azərbaycan da inkişaf etməkdə olan müstəqil ölkədir. Bizim üçün müstəqillik illərində keçid dövrü güclü dövlətçilik, eyni zamanda, bazar iqtisadiyyatı və yaxşı investisiya imkanları deməkdir. Ölkənizin nümunəsi yenicə müstəqil olan ölkələr üçün olduqca cəlbedicidir. Buna görə də ölkələrimiz arasındakı əməkdaşlıq təbii olaraq sürətlə və uğurla inkişaf edir. Digər bənzərlik isə Sizinqeyd etdiyiniz kimi, ölkələrimizin çoxmədəniyyətli olmasıdır. Bu, ölkələrimizin əldə etdiyi ən böyük müsbət keyfiyyətlərdən biridir. Müxtəlif etnikdini qrupların nümayəndələrinin sülh şəraitində birgə yaşaması ənənələri regionda həqiqətən, olduqca xüsusi bir mühit yaradır. Sinqapur kimi Azərbaycan da multikulturalizm prinsiplərinə yüksək dəyər verir. Buna görə də bizim cəmiyyətlərimiz bütün insanlara öz iradələrini ifadə etməyə, eləcə də sülh və əmin-amanlıq şəraitində yaşamağa imkanlar yaradır.

Təbiidir ki, ölkələrimiz arasındakı münasibətlər olduqca uğurla inkişaf edir və mən deyərdim ki, siyasi əlaqələr çox güclüdür. Mənim ölkənizə ilk dövlət səfərim siyasi əlaqələrimizin bir təzahürüdür. Biz bir çox sahələrdə və müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində fəal şəkildə işləyir və əməkdaşlıq edirik. Keçən ilin oktyabrında Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi zamanı bizə verdiyi dəstəyə, həmçinin Qoşulmama Hərəkatına üzv ölkələrin sammiti zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipləri əsasında həlli ilə bağlı qəbul edilən qətnaməyə səs verdiyinizə görə ölkənizə təşəkkür edirəm. Biz bu siyasi dəstək əlamətlərinə görə Sizə təşəkkür edirik. Bizöz növbəmizdə bütün beynəlxalq təşkilatlarda Sinqapuru dəstəkləməyə davam edəcəyik.

Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizlik və sabitliyə ən böyük təhlükədir. Əfsuslar olsun ki, müstəqilliyimiz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin Ermənistan tərəfindən işğal olunması, azərbaycanlılara qarşı etnik təmizləmə və 1 milyon soydaşımızın öz doğma şəhər və kəndlərindən qovulması, öz vətənində qaçqın və məcburi köçkünə çevrilməsi ilə nəticələnən bu münaqişə ilə qeyd olundu. Beynəlxalq ictimaiyyət bu münaqişənin həlli ilə bağlı öz yanaşmasını ifadə edibbu münaqişə ərazi bütövlüyü və beynəlxalq hüquq prinsipləri əsasında həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Əfsuslar olsun ki, bu qətnamələr yerinə yetirilmir. Buna görə də Qoşulmama Hərəkatına üzv ölkələrin sammiti zamanı Sinqapurun yekdil dəstəyi ədalətə və beynəlxalq hüquqa dəstək əlaməti idi. Ona görə də düşünürəm ki, biz gələcəkdə fəal şəkildə əməkdaşlıq etməyi və siyasi əlaqələrimizi gücləndirməyi davam etdirəcəyik.

Cənab Prezident, bu imkandan istifadə edərək mən dialoqumuzu davam etdirmək üçün Sizi bir daha münasib bildiyiniz vaxtda Azərbaycana dövlət səfərinə dəvət edirəm. Bu gün biz həm də iqtisadi əməkdaşlıq perspektivlərini müzakirə etdik. Siz çıxışınızda bu əməkdaşlığın müsbət nümunələrini qeyd etdiniz. Bizim, həqiqətən də, yaxşı nümunələrimiz vardır. "SOCAR" və "Keppel" arasındakı əməkdaşlığın artıq uzun tarixi və ənənələri  mövcuddur. İndi isə bu əməkdaşlıq yeni sahələri əhatə edərək uğurla inkişaf edir. Azərbaycanda tərsanə inşası bizə regiondakı bütün dövlətlərin faydalana biləcəyi güclü Xəzər donanmasını yaratmağa imkan verəcəkdir. Biz qədim İpək Yolu üzərində yerləşirik. Azərbaycan ilə Avropa arasında dəmir yolu xəttinin inşası və bunun Xəzər dənizi vasitəsilə Asiya regionunu birləşdirməsi, yüklərin daşınması üçün əlavə gəmilərin alınması - bütün bunlar bizim regionun inkişafına töhfəmiz olacaqdır. Düşünürəm ki, tarixi İpək Yolunun bərpası bu regionda yerləşən bütün ölkələr üçün çox vacibdir.

Biz həmçinin iqtisadi əlaqələri genişləndirməyi və bu sahədə qarşılıqlı faydalı biznes əlaqələrinin inkişaf etdirilməsi üçün digər imkanları da araşdırmağı düşünürük. Fikrimcə, ölkələrimizin biznes dairələri bir araya gəlməli və müxtəlif istiqamətlərdə məsələləri müzakirə etməlidirlər. Azərbaycan inkişaf edir, cənab Prezident, Sizinqeyd etdiyiniz kimi, ümumi daxili məhsulun artımı çox sürətlə gedirson 9 ildə bu, 300 faiz təşkil edib. Daha çox Sinqapur şirkətlərini həm investor, həm də podratçı qismində Azərbaycana işləməyə dəvət etmək üçün çoxlu imkanlar vardır. Bizöz növbəmizdə investisiya planlarımızla bağlı yeni imkanları nəzərdən keçiririk. Sizin ölkəniz bunun üçün ən əlverişli məkanlardan biridir. Çünki müstəqillik illərində Siz çox güclü iqtisadiyyat qurmağa nail olmusunuz. Qeyd etdiyim kimi, müxtəlif mədəniyyətlərə malik cəmiyyət, siyasi baxımdan sabit vəziyyət. Ona görə də indi Sinqapur artıq bütün dünya üçün çox məna kəsb edir. Sizin transformasiyanız və uğurunuz əvvəldə qeyd etdiyim kimi, transformasiyaya, eləcə də bu potensialdan öz xalqları və qonşuları üçün istifadə etməyə ehtiyacı olan bir çox ölkələr üçün yaxşı nümunədir.

Bizim həmçinin humanitar, mədəni mübadilə və təhsil sahələrində əməkdaşlıqla bağlı böyük planlarımız vardır. Şadam ki, gənc azərbaycanlılar sizin universitetlərinizdə təhsil alırlar və ümid edirəm ki, Azərbaycandan bir çox insanlar sizin ölkənizə təhsil almağa və müxtəlif sahələrdə yaxşı mütəxəssis olmağa gələcəklər.

Cənab Prezident, mən bir daha Sizə səmimi qonaqpərvərliyə və dəvətinizə görə təşəkkürümü bildirmək istərdim. Dünən axşambu gün gördüklərimin məndə necə yüksək təəssürat yaratdığını bir daha qeyd etmək istərdim. Sizi və xalqınızı bu böyük uğura görə təbrik etmək istəyirəm. Sizə və Sinqapur xalqına ən xoş arzularımı çatdırır, yeni nailiyyətlər diləyirəm.

 

 AzərTAc

Azərbaycan.-2012.- 23 noyabr.- S.1.