Vyetnamda Azərbaycanı yaxşı tanıyır və hörmətlə yanaşırlar

 

Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ASPBK) VII Baş Assambleyasında iştirak etmək üçün Bakıya gələn Vyetnam Kommunist Partiyası (KP) Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının sədri və Mərkəzi Komitənin üzvü Hoanq Bin Quanın rəhbərlik etdiyi  nümayəndə heyəti ilə görüşmüşdür.

Qonaqları salamlayan Əli Əhmədov Vyetnam KP-nin nümayəndələrinin Bakıda keçiriləcək Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasında iştirakının əhəmiyyətini vurğulamışdır.

Qeyd olunmuşdur ki, bu səfər tərəflər arasında gələcək əməkdaşlıq münasibətlərinin genişləndirilməsində mühüm rol oynayacaqdır. Xalqlarımız və partiyalarımız arasında əlaqələrin genişlənməsinə təkan verəcək konfransda aparılan müzakirələr çox faydalı olacaqdır.

Azərbaycana səfər etməkdən məmnunluğunu bildirən Honq Bin Quan demişdir ki, bu konfrans beynəlxalq əhəmiyyətə malikdir. O vurğulamışdır ki, Vyetnamda Azərbaycanı yaxşı tanıyır və hörmətlə yanaşırlar.

Honq Bin Quan gələcəkdə ölkələrimiz və hakim partiyalarımız arasında əməkdaşlığın daha da genişlənməsinin zəruriliyini qeyd etmişdir. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 23 noyabr.- S.2.