Yeni Azərbaycan Partiyası ölkəmizin
reallıqlarının dünyaya çatdırılması istiqamətində
səylərini bundan sonra da genişləndirəcəkdir
Asiya
Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş
Assambleyasının ölkəmizdə keçirilməsi Azərbaycanın
beynəlxalq aləmdə nüfuzunun artması və
dünyanın ən aktual problemlərinin həllinə öz
töhfələrini verməsi ilə bağlıdır. AzərTAc
xəbər verir ki, bu sözləri jurnalistlərə Yeni Azərbaycan
Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov
demişdir.
Yeni
Azərbaycan Partiyasının Asiya Siyasi Partiyaları Beynəlxalq
Konfransının VII Baş Assambleyasına ev sahibliyi etməsini
və bu Assambleyanın Azərbaycanda keçirilməsini
bütövlükdə ölkəmizin beynəlxalq aləmdə
nüfuzunun artmasının təzahürü olduğunu
vurğulayan Ə.Əhmədov bildirmişdir ki, tədbirdə
Asiya regionu ölkələrində böyük nüfuz sahibi
olan çoxsaylı siyasətçilər iştirak edirlər.
Hesab edirəm ki, bunun özü də Azərbaycana göstərilən
dəyərin və hörmətin ifadəsidir.
İcra
katibi diqqətə çatdırmışdır ki,
bütün bunlar Azərbaycanın beynəlxalq aləmdə
nüfuzunun yüksək olduğunu təsdiqləməklə
bərabər, Yeni Azərbaycan Partiyasının artan və
genişlənən beynəlxalq əlaqələrinin təzahürüdür.
Yeni Azərbaycan Partiyası ölkəmizin
reallıqlarının dünyaya çatdırılması
istiqamətində səylərini bundan sonra da genişləndirəcəkdir.
"Bizim dostlarımız artır. Bu isə Azərbaycanın
maraqlarının beynəlxalq aləmdə daha geniş və
qətiyyətlə müdafiə edilməsi
imkanlarının yaranması deməkdir", - deyə Ə.Əhmədov
qeyd etmişdir.
Azərbaycan.-2012.- 23 noyabr.- S.2.