Bakıda Asiya Siyasi Partiyalarının Beynəlxalq
Konfransının VII
Baş Assambleyasının birinci iş günü maraqlı müzakirələrlə
yadda qalmışdır
Noyabrın
22-də Bakıda Gülüstan sarayında Asiya Siyasi
Partiyalarının Beynəlxalq Konfransının (İCAPP)
VII Baş Assambleyası işə başlamışdır.
AzərTAc
xəbər verir ki, "Asiyada təhlükəsizlik, sülh
və tərəfdaşlıq" mövzusunda iki gün
davam edəcək Baş Assambleyada 35 ölkədən 200-dən
çox nümayəndə iştirak edir.
Tədbirdə əvvəlcə Azərbaycanın tarixindən, mədəniyyətindən, turizm imkanlarından, təbii sərvətlərindən, ölkə iqtisadiyyatının sürətli inkişafından, eləcə də torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından bəhs edən film nümayiş etdirilmişdir.
Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov VII Baş Assambleyanı açıq elan edərək bildirmişdir ki, insan və təbii resursları ilə dünyanın ən böyük regionu olan Asiya ölkələrində özünü göstərən inkişaf modelləri bəşəriyyətin yeni istiqamət və formalarını müəyyənləşdirməkdədir.
Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra keçən qısa müddətdə böyük uğurlara imza atdığını deyən Ə.Əhmədov torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən işğalının acı nəticələrindən də danışmışdır. Azərbaycanın güclü, sivil, modern dövlət qurmaq modelini seçdiyini qeyd edən icra katibi məhz bunun nəticəsində ölkəmizin müstəqil siyasət yeritdiyini diqqətə çatdırmışdır.
İcra katibi demişdir ki, birgə səylərimiz dünyanın ən böyük regionunun siyasi partiyalarını birləşdirən İCAPP-ni mötəbər beynəlxalq quruma çevirmək iqtidarındadır.
Tədbirin uğurla keçəcəyinə, təşkilatın gələcək işlərinə əhəmiyyətli impuls verəcəyinə əminliyini qeyd edən Ə.Əhmədov bildirmişdir ki, bu yaxınlarda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Gənclər Təşkilatı təsis edilmişdir. Əhalisinin əhəmiyyətli hissəsini gənclərin təşkil etdiyi Asiya regionunda belə bir qurumun yaradılması çox mütərəqqi haldır. Eyni zamanda, gənclərin fəallığını daha da artırmaq, Asiya gənclərinin birliyinə dəstək vermək üçün İCAPP çərçivəsində gənclərin festivalının keçirilməsi də maraqlı və faydalı olardı. Yeni Azərbaycan Partiyası belə bir festivalın Azərbaycanda keçirilməsinə məmnuniyyətlə təşkilatçılıq edə bilər.
Digər təklifimiz Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar Təşkilatının yaradılması ilə əlaqədardır. Asiya bölgəsi üçün belə bir qurumun yaradılmasının nə qədər önəmli olduğunu əsaslandırmağa, yəqin ki, heç bir ehtiyac yoxdur.
Düşünürəm ki, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı Qadınlar Təşkilatının yaranması barədə ilkin razılaşma VII Baş Assambleya çərçivəsində qadın iştirakçıların yığıncağında qəbul oluna bilər.
Baş Assambleyanın işinə uğurlar arzulayan Yeni Azərbaycan Partiyasının sədr müavini müzakirə olunacaq mövzuların əhəmiyyətini vurğulamışdır.
Sonra İCAPP VII Baş Assambleyasına sədrlik səlahiyyətləri Azərbaycan Prezidenti İlham Əliyevə verilmişdir.
Dövlət başçısı xaricdə səfərdə olduğuna görə sədrlik səlahiyyətlərini rəmzi olaraq qəbul edən Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanlanmış təbrik məktubunu oxumuşdur.
Daha sonra BMT-nin Baş katibi Pan Gi Munun Baş Assambleyaya ünvanlanmış videomüraciəti nümayiş etdirilmişdir. Baş katib Assambleyanın işinə uğurlar arzulamış, gündəlikdəki məsələlərin əhəmiyyətini vurğulamışdır.
İCAPP-nin təsisçisi, qurumun icraçı sədri və Daimi Komitəsinin həmsədri, Filippin parlamentinin keçmiş sədri Xose de Venesia çıxış edərək, Asiyada siyasi partiyaların güclü qüvvəyə çevrilməsi istiqamətində lazımi tədbirlərin görülməsinin vacibliyini bildirmişdir. İCAPP-nin məqsədlərinə xidmət edən bir neçə qurumun fəaliyyətinin bölgədə vətəndaş cəmiyyəti quruculuğuna, siyasi proseslərə və qarşılıqlı anlaşmaya böyük fayda verdiyini vurğulayan X.Venesia Asiyada sülhün və barışığın təmin edilməsinin önəmini diqqətə çatdırmışdır.
Azərbaycanın müstəqillik dövründə mühüm uğurlar qazandığını deyən X.Venesia demişdir ki, ölkədə yoxsulluğun səviyyəsinin 7 faizədək azaldılması, yüz minlərlə yeni iş yerinin açılması ilə insanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülmüşdür. Fikrimcə, hər bir dövlətin və xalqın yeganə düşməni yoxsulluqdur. Ona görə də hər bir dövlət çalışmalıdır ki, öz ölkəsini inkişaf etdirsin və sosial problemləri həll etsin. Bunların nəticəsində ümumi Asiya regionunda birgə inkişafa və uğurlara nail olmaq mümkündür.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunan X.Venesia qeyd etmişdir ki, problemin sülh yolu ilə həlli üçün birgə danışıqlar aparılmalı və siyasi barışığa nail olunmalıdır.
Çin Xalq Siyasi Məsləhət Konfransının (CPPCC) vitse-prezidenti və CPPCC Katibliyinin üzvü Du Qinglin İCAPP-nin yarandığı gündən əməkdaşlıq, ümumi maraqlar, qarşılıqlı əlaqələr prinsiplərinin bərqərar olunmasına çalışdığını vurğulamışdır.
Çıxışında əsasən Asiyada sülhün və sabitliyin bərqərar olunmasını diqqət mərkəzində saxlayan D.Qinglin bildirmişdir ki, sülh, inkişaf və əməkdaşlıq hazırda həllini gözləyən ən mühüm vəzifələrdən biridir. Asiyada çox vacib olan siyasi inkişaf təmin edilmişdir. Asiya ən böyük potensiala malik olan, dinamik regiona çevrilmişdir.
Müxtəlif ölkələrin siyasi partiyaları qarşılıqlı etimada, siyasi inkişafa nail olmaq üçün sıx əməkdaşlıq etməlidirlər. Çünki inkişafın əldə olunması üçün sülh və sabitlik çox mühüm əhəmiyyət kəsb edir.
Çində dinamik inkişafın davam etdirilməsi istiqamətində mühüm qərarların qəbul olunduğunu vurğulayan qonaq, hazırda ölkəsində qeyri-bərabərliyin aradan qaldırılmasının diqqət mərkəzində saxlanıldığını söyləmişdir.
Kamboca Krallığının Baş nazirinin müavini və Kamboca Xalqları Partiyasının lideri Sok An çıxışında VII Baş Assambleyada müzakirə edilən məsələlərin böyük qlobal təsirə malik olacağına inandığını bildirmişdir. O demişdir: "Böyük siyasi təcrübəyə malik olan insanların bir araya gələrək fikirlərini bölüşməsi baxımından belə tədbirlər çox əhəmiyyətlidir. Biz bəyannamə qəbul etməklə məqsədlərimizi təsdiq edirik və Asiya ölkələrində qlobal sülhün, əməkdaşlığın, sabitliyin yaradılmasına, münaqişələrin aradan qaldırılması üçün həll yollarının tapılmasına nail ola bilərik. Bizim əsas məqsədimiz əhalinin rifahı, regionda əməkdaşlıq, münaqişələrin aradan qaldırılmasıdır".
Kambocada aparılan uğurlu islahatlar nəticəsində əhalinin maddi rifahının artdığını, yoxsulluğun aşağı salındığını vurğulayan Sok An demişdir ki, bu istiqamətdə aparılan islahatlar nəticəsində ölkəsində siyasi sabitliyə nail olunmuşdur. O, tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirmiş, VII Baş Assambleyanın səmərəli keçəcəyinə inamını ifadə etmişdir.
Banqladeşin sabiq Prezidenti, Jatiyo Partiyasının sədri Hussain Muhammad Erşad çıxışında əsasən Asiya regionunda təhlükəsizlik, sabitlik, insan hüquq və azadlıqlarının təmini, gender problemləri məsələlərinə geniş yer ayırmışdır. O, tədbirin yüksək səviyyədə təşkilindən məmnunluğunu bildirmişdir. H.M.Erşad xalqımızın yüksək qonaqpərvərliyini və mehribanlığını xüsusi qeyd etmişdir.
Nepalın
sabiq Baş naziri, Nepal Kommunist Partiyasının lideri Madhav
Kumar Nepal isə bildirmişdir ki, İCAPP artıq Asiyanın
siyasi partiyalarını sülh və rifah naminə ümumi məqsədlərə
yönəldə bilmişdir. İCAPP-nin əsas vəzifəsi
regionda sülh və təhlükəsizliyi təmin etmək,
vətəndaş cəmiyyətində təbəqələşməni
aradan qaldırmaqdır. Biz çalışmalıyıq ki,
regionda qarşılıqlı səmərəli əməkdaşlığı
inkişaf etdirək və bölgəmizdə tez-tez baş
verən təbii fəlakətlər zamanı bir-birimizə
lazımi köməyi, yardımı göstərə bilək.
Sonra
Belçikanın sabiq Baş naziri, Avropa Xalq
Partiyasının sədri Uilfrid Martinsin videomüraciəti
nümayiş etdirildi. Müraciətdə əsasən,
silahlanmanın qarşısının alınması, sülh
və sabitlik, təhsil, iqtisadi yüksəliş məsələləri
vurğulanmışdır. Qeyd olunmuşdur ki, müasir
dünyamızda sülh hər şeyin əsasında
dayanır. Bu məqsədlərə nail olunması
üçün siyasi iradə və əməkdaşlıq
olduqca mühüm əhəmiyyət kəsb edir.
İCAPP-nin
baş katibi və Daimi Komitəsinin həmsədri Çanq
Eui-Yonq Daimi Komitənin 18-ci iclasında qəbul olunan qərarları
və qurumun 2011-2012-ci illər üçün əsas fəaliyyəti
ilə bağlı hesabatı təqdim etmişdir.
Daha
sonra İCAPP-nin VII Baş Assambleyası işini bölmə
iclasları ilə davam etdirmişdir.
Nepal
Konqresinin beynəlxalq əlaqələr departamentinin rəhbəri
və baş nazirin sabiq müavini xanım Sujata Koiralanın sədrlik
etdiyi birinci plenar iclasda Azərbaycan Respublikasının sənaye
və energetika naziri Natiq Əliyev çıxış
etmişdir.
Ölkəmizin enerji sahəsinin mövcud vəziyyəti və qlobal enerji problemlərinin həllindəki rolundan danışan nazir bildirmişdir ki, Azərbaycanın xarici şirkətlərlə bağladığı 30-a yaxın müqavilə nəticəsində neft sənayesinə 45 milyard ABŞ dolları məbləğində sərmayə qoyulmuşdur. Bu da ölkəmizdə neft ixracında yüksək artıma səbəb olmuşdur. Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməsi nəticəsində respublikamızda inkişaf dinamikası daha da güclənmişdir. Uğurla davam etdirilən neft strategiyası ölkəmizi regionda lider dövlətə çevirmişdir.
N.Əliyev demişdir ki, Azərbaycan 21 illik müstəqilliyi dövründə əldə etdiyi uğurlar nəticəsində Xəzər-Qafqaz regionunda sürətlə inkişaf edən ölkəyə və dünyanın neft mərkəzlərindən birinə çevrilmişdir. Azərbaycanın iqtisadi gücünün və beynəlxalq nüfuzunun artmasında ölkəmizin sənaye və yanacaq-energetika kompleksinin mühüm rolunu diqqətə çatdıran N.Əliyev bildirmişdir ki, hazırda respublikamızın ümumi daxili məhsulunun 54,9 faizi sənayenin müxtəlif sahələrində istehsal olunur.
Nazir qeyd etmişdir ki, ölkənin neft-qaz sahəsinə böyük həcmli investisiyaların qoyulması və müasir texnologiyaların tətbiqi nəticəsində respublikamızda neft hasilatı 1990-cı illərin əvvəlləri ilə müqayisədə 5,5 dəfə, qaz hasilatı isə 4 dəfə artmışdır.
Hazırda Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin layihədə nəzərdə tutulmuş ötürücülük qabiliyyəti 1 milyon bareli keçmişdir. Azərbaycan 3 neft və 4 qaz ixrac boru kəməri ilə dünya bazarlarına ildə təxminən 40 milyon ton xam neft və 7 milyard kubmetr qaz nəql edir.
Azərbaycan ixrac potensialı ilə dünyanın və özünün enerji təhlükəsizliyində mühüm rol oynayır. 2010-cu ildə Azərbaycanda yeni - "Ümid" qaz yatağı aşkar edilmişdir. "Abşeron" yatağının da kəşfi ilə Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatı 2 trilyon 650 milyard kubmetrə çatmışdır.
O, son illərdə Azərbaycan ilə Asiya ölkələri arasındakı əlaqələrin strateji əməkdaşlıq ruhunda inkişaf etdiyini vurğulamış, bu tədbirin Azərbaycan ilə Asiya ölkələri arasında əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyini bildirmişdir.
Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanov Bakının gözəlliyindən heyrətləndiyini vurğulamışdır. Böyük Vətən müharibəsində Qələbənin əldə olunmasında Azərbaycanın rolunu yüksək qiymətləndirən G.Züqanov bildirmişdir ki, bu zəfərin qazanılmasında Bakı nefti çox böyük rol oynamışdır. O demişdir: "Mən Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyev ilə yaxın dost olmuşam. Heydər Əliyev ən böyük dövlət xadimi və siyasi xadim idi. Biz ondan çox şeyi öyrənirdik. Çox yaxşı haldır ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev onun siyasətini uğurla davam etdirir".
Belə bir tədbirin yeni böhranlar dalğası zamanı keçirildiyini vurğulayan G.Züqanov demişdir ki, Asiya ölkələri əsasən bu böhranlara qarşı daha dayanıqlıdırlar. Son illər göstərir ki, dünyada baş verən münaqişələrin aradan qaldırılmasında belə tədbirlərin əhəmiyyəti çox mühümdür. Dünyanın digər ölkələri Çinin təcrübəsindən öyrənməlidirlər. Çünki Çin bazar iqtisadiyyatını dövlət tənzimlənməsi ilə elə uzlaşdırmışdır ki, nəticədə yüksək inkişaf təmin olunur.
Rusiyanın Avropa və Asiya arasında körpü olduğunu vurğulayan G.Züqanov qeyd etmişdir ki, yeni İpək Yolu və Şimal yolu yük daşınmasında və iqtisadi əlaqələrin inkişafında çox mühüm əhəmiyyət kəsb edir. O demişdir ki, bu yolların yaradılmasında Azərbaycanın və Rusiyanın çox böyük xidmətləri vardır.
G.Züqanov əlaqələrin genişləndirilməsi üçün Parlament İttifaqının yaradılmasını da təklif etmişdir.
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının sədri və Mərkəzi Komitənin üzvü Hoang Binh Quan Asiya regionunun dünyada iqtisadi artımın mərkəzinə çevrildiyini diqqətə çatdırmışdır. O bildirmişdir ki, dinamik inkişafın saxlanılması üçün regionda sülh və sabitliyin bərqərar olunması çox vacibdir. Buna görə də bölgəni zəiflədən münaqişələrin aradan qaldırılması mühüm əhəmiyyət kəsb edir. Münaqişələri aradan qaldırmaq üçün Asiyanın aparıcı siyasi partiyaları sıx əməkdaşlıq etməli, vahid prinsip əsasında fəaliyyət göstərməlidirlər. Asiyada davamlı sürətli inkişaf yalnız qarşılıqlı faydalı əməkdaşlıq nəticəsində mümkün olacaqdır.
Sudan Prezidentinin köməkçisi və Sudanın Milli Konqres Partiyasının vitse-prezidenti Nafie Ali Nafie Ahmed Bakıda belə bir tədbirin keçirilməsindən və ölkəmizdə olmaqdan məmnunluğunu bildirmişdir.
Qeyd edilmişdir ki, Asiya ölkələrində iqtisadi yüksəlişin və rifahın təmin olunması baxımından sağlam əsaslara söykənən əməkdaşlığın qurulması çox vacibdir. Sudan Afrika və ərəb ölkəsi olmaqla, faydalı əməkdaşlığa can atır ki, sülh yaradılsın, inkişaf təmin edilsin.
İranın İslam Motalefeh Partiyasının Mərkəzi Komitəsinin üzvü və sabiq vitse-prezident Həsən Qafuri çıxışında əsas diqqəti gənclərin ictimai siyasi fəallığının artırılmasına yönəltmişdir. O, bu baxımdan Gənclər Forumunun təsis edilməsinin əhəmiyyətini yüksək qiymətləndirmiş, Asiya ölkələri siyasi partiyalarının əməkdaşlığının gücləndirilməsi məqsədilə İCAPP-nin xəbərlər agentliyinin yaradılması, eləcə də İCAPP ticarət palatasının qurulması, qurumun üzvü olan siyasi partiyaların ofisinin yaradılması və digər təkliflərlə çıxış etmişdir.
Koreya Respublikasının Saenuri (Yeni Cəbhə) Partiyasının üzvü, Koreya Milli Assambleyasında İCAPP Parlamentarilər İttifaqının sədri Huanq Jin-Ha Bakıda belə bir mötəbər tədbirin yüksək səviyyədə keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirmişdir. Əsas diqqəti Koreya yarımadasındakı gərginliyə yönəldən qonaq beynəlxalq birliyin bu gərginliyin aradan qaldırılmasına çalışdığını vurğulamışdır. Qeyd olunmuşdur ki, yarımadadakı gərginlik bölgə ölkələrinin dinamik inkişafına ciddi təhlükədir.
Bu baxımdan biz İCAPP-nin Bakı Bəyannaməsində Koreya yarımadasında gərginliyin aradan qaldırılması ilə bağlı müddəanın daxil edilməsini alqışlayırıq.
Birinci plenar iclasdan sonra VII Baş Assambleyanın iştirakçıları xatirə şəkli çəkdirdilər.
İCAPP-nin VII Baş Assambleyasının ikinci bölmə iclasına sədrliyi Livan Baş nazirinin müşaviri, Gələcək Hərəkat Partiyasından olan Fadi Favaz etmişdir.
İkinci bölmə iclasında çıxış edən COPPPAL sədrinin müavini Qustavo Karavaxal Moreno bildirmişdir ki, əgər biz bir qitədə sülh və firavanlıq istəyiriksə, bütün bölgələrdə bu prosesin təmin olunmasına çalışmalıyıq. O, COPPPAL-in təmsil etdiyi bölgədə fəaliyyəti - əsasən də, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, insan hüquqlarının təmin olunması və digər sahələrdə gördüyü işlərdən danışmışdır. Diqqətə çatdırılmışdır ki, İCAPP-nin, eləcə də COPPPAL-in daha səmərəli fəaliyyət üçün birgə səy göstərilməli, yaxından əməkdaşlıq edilməlidir.
İndoneziyanın GOLKAR Partiyasından olan Happi Bone Zulkarneyn ölkəsinin regionda sülhün və təhlükəsizliyin təmin olunması istiqamətindəki səylərindən bəhs etmiş və demişdir ki, keçmişdən qalan məsələləri yalnız əməkdaşlıq və sülh yolu ilə həll etmək olar. O, təmsil etdiyi partiya ilə İCAPP arasında sıx əməkdaşlığın olduğunu vurğulamış, bu prosesin gələcəkdə də davam etdiriləcəyini bildirmişdir.
Pakistanın Camiyət Ulema-e-İslam Partiyasından parlamentin deputatı Maulana Fazl-ur-Rahman Bakıda keçirilən tədbirin yüksək səviyyədə təşkilinə görə YAP rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Asiyada yoxsulluğun azaldılması və savadsızlığın aradan qaldırılmasının vacibliyini vurğulayan M.Rahman demişdir ki, bu problemin həlli üçün region ölkələri bir-biri ilə yaxından əməkdaşlıq etməlidirlər. Bu baxımdan İCAPP mühüm rol oynaya bilər.
Gələcək dünyamızda Asiya qitəsinin rolu daha da böyük olacaqdır - deyən M.Fazl-ur Rahman bu məsələdə insan kapitalının inkişaf etdirilməsinin əhəmiyyətini bildirmişdir. Məhz bu baxımdan Asiya dövlətləri təhsilə, səhiyyəyə xüsusi diqqət yetirməli, yardım üçün ticarəti inkişaf etdirməlidir.
Tacikistanın İslami Dirçəliş Partiyasının sədri Mühiddin Kabirov Azərbaycanın inkişaf modelinin bölgənin digər ölkələri üçün nümunə olduğunu diqqətə çatdırmışdır. Tacikistan sülhün və təhlükəsizliyin inkişafına mühüm töhfə verir. Çünki ölkəmiz qarşıdurmalardan böyük ziyan görmüşdür. Bundan başqa, Assambleyanın bəyannaməsində Suriya və Fələstin məsələsi ilə bağlı müddəaların salınması da olduqca əhəmiyyətli məsələdir.
Kambocanın Funcinpec Partiyasının sədri, bu ölkənin Kral Hökumətinin müşaviri Keo Puth Reasmey YAP-ın İCAPP-nin VII Baş Assambleyasına çox uğurla ev sahibliyi etdiyini vurğulamışdır.
Asiya qitəsində tarixən münaqişələrin çox olduğunu vurğulayan qonaq bu proseslərin regionun dinamik inkişafına mane olduğunu bildirmişdir. Bu münaqişələrin, əsasən də, strateji resurslar uğrunda baş verən qarşıdurmaların aradan qaldırılması üçün sivilizasiyalararası dialoqun inkişaf etdirilməsi çox vacibdir.
Bu baxımdan İCAPP-nin üzərinə də böyük məsuliyyət düşür.
Qazaxıstanın Nur Otan Partiyasının sədr müavini Bakitjan Sagintayev Bakının və Astananın İCAPP-nin iclaslarına ev sahibliyi etmələrini Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin bu təşkilata mühüm önəm vermələrinin göstəricisi olduğunu vurğulamışdır.
Qazaxıstanın nüvəsiz dünya siyasətinin tərəfdarı olduğunu vurğulayan qonaq bildirmişdir ki, ölkəsi yaxın vaxtlarda nüvəsiz dünyanın qurulması ilə bağlı beynəlxalq tədbir keçirməyi planlaşdırır. "Qazaxıstanın nüvə silahından imtina etməsi Bakı Bəyannaməsinə daxil edilməlidir", - deyə o bildirmişdir.
Nepal Konqresinin beynəlxalq əlaqələr departamentinin rəhbəri və baş nazirin sabiq müavini xanım Sujata Koirala Asiyada regional əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, əgər sülhə doğru getmək istəyiriksə, əvvəlcə sabitliyi təmin etməliyik. Asiyanın siyasi partiyaları da region ölkələrinin inkişaf etdirilməsi üçün əməkdaşlıq siyasətini dəstəkləməlidirlər. Siyasi partiyaların, parlamentlərin, xalqların birgə səyləri olmadan biz səmərəli fəaliyyətə nail ola bilmərik. Bununla yanaşı, biz informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərindən də istifadə etməliyik.
Malayziyalı Çinlilər Assosiasiyasının sədri Çua Soi Lek bildirmişdir ki, Asiya sosial-iqtisadi inkişafa nail ola bilmişdir. Əməkdaşlığın əhəmiyyəti, kommunikasiya problemlərinin aradan qaldırılması, təhlükəsizlik, sülh və bərabərlik Asiya ölkələri üçün heç vaxt indiki qədər aktual olmamışdır. Biz öz regionumuzda güclü əməkdaşlığın təmin olunmasına, ərazi münaqişələrinin mümkün qədər tez həll edilməsinə çalışmalıyıq. Bu prosesdə Asiyanın bütün siyasi partiyalarının üzərinə çox böyük məsuliyyət düşür. O, sonda tədbirin yüksək səviyyədə təşkilinə görə dərin minnətdarlığını bildirmişdir.
Azərbaycanın Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı həm dinlərarası, həm də mədəniyyətlərarası dialoq baxımından Azərbaycanın təcrübəsinin dünya ölkələri tərəfindən öyrənilməsinin əhəmiyyətini vurğulamışdır. Bildirilmişdir ki, tarixi Azərbaycan torpaqlarında yaranan Ermənistan bu gün ölkəmizin daha 20 faiz ərazisini işğal etmişdir. Ancaq hələ də dünya birliyi, beynəlxalq qurumlar buna ciddi etiraz etmirlər. Əslində, onlar bunu etmək istəmirlər. Beynəlxalq qüvvələrin əsas istəyi region ölkələrini zəif salmaq, bu regionda təsir gücünə malik olmaqdır. Ona görə də Asiya Ölkələrinin Parlament İttifaqı yaradılacaqsa, o zaman bu qurum beynəlxalq münaqişələrin həlli mexanizminə sahib olmalıdır.
Filippinin Liberal Partiyasından Nümayəndələr Palatasının üzvü Mel Senen Sarmiento inkişafa nail olmaq üçün münaqişələrin həllinin vacibliyini vurğulamış, Filippin ilə Mindanau vilayəti arasında gərginliyin aradan qaldırılmasındakı xidmətlərinə görə İCAPP-yə minnətdarlığını bildirmişdir.
Beynəlxalq Ekoloji Təhlükəsiz Əməkdaşlıq Təşkilatının baş direktoru Jiang Minqjun çıxışında son illərdə dünyada baş verən ekoloji problemlərin, təbii fəlakətlərin nəticələrinin vaxtında aradan qaldırılması məsələlərinə geniş yer vermişdir. Bildirilmişdir ki, iqlim təhlükəsizliyi milli təhlükəsizlik səviyyəsinə qaldırılmalı, ekoloji fəlakətlərin nəticələrinin həlli üçün sıx əməkdaşlıq yaradılmalı, təbii fəlakətlər zamanı itkilərin azaldılması üçün xüsusi xəbərdarlıq sistemi qurulmalı, əhalinin təhsil səviyyəsi artırılmalıdır. Bütün bu amilləri İCAPP diqqət mərkəzində saxlamalıdır.
İCAPP-nin VII Baş Assambleyasının Türkiyənin Ədalət və İnkişaf Partiyasından parlamentin deputatı Ercan Candanın sədrliyi ilə keçən üçüncü plenar iclasında çıxış edən Tailandın Pheu Thai Partiyasından Nalinee Taveseen bildirmişdir ki, dövlətlər arasında inkişafa nail olmaq üçün sülhə və təhlükəsizliyə , eləcə də bir sıra fundamental problemlərin həllinə nail olmaq vacibdir. Bunun üçün siyasi partiyalar da vətəndaş cəmiyyətinin bir hissəsi kimi səylərini birləşdirməlidir.
Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov çıxışında cəmiyyətdə dəyişikliklərin baş verdiyi dövrdə iqtidar partiyalarının üzərinə böyük məsuliyyət düşdüyünü vurğulamışdır.
Asiyada sülhün və əməkdaşlığın bu gün çox böyük aktuallıq kəsb etdiyini bildirən R.Qurbanov region ölkələrində nüvə silahlanmasının bu prosesə ciddi təhdid olduğunu qeyd etmişdir.
Şri-Lankanın Birləşmiş Milli Partiyasının təşkilatçısı Daya Dharmapala Kilittuva Gamage tədbirin əsas devizi olan təhlükəsizlik və sülhün ölkəsində insanların əsas arzusu olduğunu vurğulamışdır. Bildirilmişdir ki, Şri-Lanka Asiya üçün həmişə çox əhəmiyyətli olmuşdur. Bu baxımdan Şri-Lankada baş verən siyasi prosesləri İCAPP daim diqqət mərkəzində saxlamalıdır.
İCAPP-nin VII Baş Assambleyasının yüksək səviyyədə təşkilinə görə Yeni Azərbaycan Partiyasına minnətdarlığını bildirən şri-lankalı qonaq ölkəmizdə gördüyü xoş münasibət və mehribanlığa görə təşəkkürünü bildirmişdir.
Malayziya Baş nazirinin xüsusi müşaviri Dato Seri Şahidan bin Kassim çıxışında yalnız əməkdaşlıq və mehriban münasibətlər vasitəsilə Asiyada sülhün, sabitliyin və sürətli inkişafın mümkün ola biləcəyini vurğulamışdır. Qeyd edilmişdir ki, Asiyanın zəngin iqtisadi və insan resurslarından istifadə olunarkən heç kim istisna edilməməlidir. Yalnız bu yolla biz bərabər inkişafı təmin edə bilərik. Asiya ölkələrində gənclərin fəallığının artırılmasının zəruriliyindən danışan qonaq onların təhsil almaları üçün dövlət tərəfindən əlverişli şəraitin yaradılmasının vacibliyini diqqətə çatdırmışdır.
Yaponiya Kommunist Partiyasının xarici əlaqələr komitəsi sədrinin müavini və beynəlxalq münasibətlər komissiyasının sədri Yasua Oqata Xəzərin sahilində yerləşən gözəl Bakı şəhərində yüksək səviyyədə keçirilən bu mötəbər tədbirdə iştirakından məmnunluğunu bildirmişdir. Qeyd etmişdir ki, Asiyada sabitlik və inkişaf üçün çox gözəl potensial vardır. Yaponiya da bu potensialdan istifadə edərək həmin sahədə çox ciddi addımlar atmışdır. Burada əsas prinsip kimi münaqişələrin hərbi yolla deyil, diplomatik yolla həll olunması götürülməlidir.
Almaniyanın Hanns Seidel Fondunun nümayəndəsi Maks Corc Meyer çıxışında gənclərin və qadınların siyasətə cəlb edilməsinin cəmiyyətimizin inkişafına mühüm töhfələr verəcəyini bildirmişdir. Natiq bu baxımdan təşkilat daxilində bütün ölkələri təmsil edən siyasi partiyaların əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırmışdır.
İran Partiyalar Evinin (İPH) Mərkəzi Şurasının üzvü və İPH-nin Daimi Komitəsinin təmsilçisi Qüdrət Əli Haşmetian çıxışında Azərbaycan hökumətinə və YAP-a tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkür etmişdir.
Qeyd olunmuşdur ki, beynəlxalq sülh və təhlükəsizliyin təmini və həqiqi demokratiyaya nail olmaq üçün beynəlxalq əlaqələrdə mədəniyyətlərin qarşılıqlı anlaşması və dəyərlərə hörmət, sağlam rəqabət, terrorizmə qarşı mübarizədə əməkdaşlıq, başqa dövlətlərin daxili işlərinə qarışmamaq kimi məsələlər vacibdir.
Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının VII Baş Assambleyası işini noyabrın 23-də plenar iclaslarla davam etdirəcəkdir.
Assambleyanın
sonunda Bakı Bəyannaməsi qəbul olunacaqdır.
AzərTAc
Azərbaycan.-2012.- 23 noyabr.- S.2;3.