Ədliyyə işçilərinin peşə bayramı geniş qeyd olunmuşdur

 

Ümummilli lider Heydər Əliyev tərəfindən bəxş edilmiş 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü ölkəmizdə qürur hissi ilə geniş qeyd edilir.

Bayramla əlaqədar ədliyyə orqanlarında silsilə tədbirlər təşkil olunmuş, o cümlədən ədliyyə veteranları və gənc əməkdaşlarla görüşlər keçirilmiş, 100-ə yaxın gənc mütəxəssis ilk dəfə olaraq ədliyyə orqanlarına, o cümlədən penitensiartibb xidmətlərinə işə qəbul edilmiş, Azərbaycan ədliyyəsinin tarixinə və müasir inkişafına dair xüsusi stend, habelə nazirliyin builki fəaliyyətinə həsr olunmuş qısametrajlı sənədli film hazırlanmışdır.

Peşə bayramı ərəfəsində Prezident İlham Əliyevin iştirakı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin müasir binasının açılışı, eləcə də Gəncə şəhəri Nizami və Gədəbəy rayon məhkəmələrinin yeni inşa olunmuş binalarının istifadəyə verilməsi xüsusilə əlamətdar olmuşdur.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, noyabrın 22-də ədliyyə işçiləri və hakimlər Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı önünə gül dəstələri düzülmüş, Şəhidlər xiyabanında xalqımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş övladlarımızın əziz xatirələri anılmışdır.

Ədliyyə işçiləri bu il öz peşə bayramlarını yenicə açılmış Yasamal Rayon Məhkəməsinin möhtəşəm binasında qeyd edərək geniş yığıncaq keçirmişlər.

Mərasimdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə şöbəsinin müdiri Fuad Ələsgərov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Baş prokuror Zakir Qaralov, Vəkillər Kollegiyasının sədri Azər Tağıyev və digər qonaqlar iştirak etmişlər.

Tədbirdən əvvəl məhkəmənin milli memarlıq üslubunda, müasir standartlara uyğun inşa edilmiş inzibati binası ilə yaxından tanışlıq olmuşdur.

Ədliyyə naziri mərasimi açaraq peşə bayramı münasibətilə bütün ədliyyə və məhkəmə orqanlarının işçilərini təbrik etmiş, Azərbaycan ədliyyəsinin şanlı tarixindən və inkişaf yolundan, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində ədliyyə sisteminə göstərdiyi diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırıqları ilə aparılan ədliyyə və məhkəmə islahatlarından danışmışdır. Bildirilmişdir ki, bu sahədə əldə olunmuş nailiyyətlər, o cümlədən məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, hakimlərin ən şəffaf seçimi, habelə elektron ədliyyənin inkişafı, penitensiar sistemin müasirləşdirilməsi sahəsində ölkəmizin müsbət təcrübəsi artıq beynəlxalq aləmdə böyük marağa səbəb olur. Ölkə rəhbərliyinin məhkəmə sisteminin inkişafına verdiyi böyük önəm beynəlxalq təşkilatlar tərəfindən təqdir olunur.

Bütün bunlar ədliyyə işçilərini qanunun aliliyinin təmin edilməsi və insan hüquqlarının qorunması işinə daha səmərəli xidmətə səfərbər edir.

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə şöbəsinin müdiri Fuad Ələsgərov çıxış edərək Prezident İlham Əliyevin ədliyyə işçilərinə təbrikini çatdırmış, ədliyyənin inkişafı üzrə görülən işləri təqdir edərək nazirliyin kollektivinə uğurlar arzulamışdır.

Yığıncaqda ədliyyənin fəaliyyətinə böyük diqqət və qayğıya, peşə bayramı ərəfəsində dövlət başçısı tərəfindən ədliyyə işçilərinə yüksək dövlət təltiflərinin və ali xüsusi rütbələrin verilməsinə görə iştirakçılar adından Prezident İlham Əliyevə dərin minnətdarlıq ifadə olunmuşdur. Ədliyyə işçiləri ölkəmizin hərtərəfli tərəqqisində dövlət başçısına layiqli yardımçı olmaq üçün daha əzmkarlıqla və məsuliyyətlə çalışacaqlarını söyləmişlər.

Mərasimdə fəaliyyətində fərqlənmiş bir qrup ədliyyə işçisinə dövlət təltifləri, fəxri fərmanlar və digər mükafatlar təntənəli şəkildə təqdim olunmuşdur.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 23 noyabr.- S.4.