Bakıda «Xəzər hövzəsində enerji təhlükəsizliyinin təmini və mühüm enerji infrastrukturlarının mühafizəsində NATO-nun rolu» mövzusunda beynəlxalq konfrans keçirilmişdir

 

Noyabrın 22-də "Hyatt Regency" hotelində "Xəzər hövzəsində enerji təhlükəsizliyinin təmini və mühüm enerji infrastrukturlarının mühafizəsində NATO-nun rolu" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbir İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM), Rumıniyanın Azərbaycandakı səfirliyi və NATO-nun ölkəmizdəki əlaqələndirici səfirliyinin təşkilatçılığı ilə baş tutmuşdur.

Konfransda çıxış edən İSİM-in idarə heyətinin sədri Vüqar Bayramov tədbirin əhəmiyyəti haqqında danışmışdır. Bildirilmişdir ki, enerji təhlükəsizliyi son illərdə NATO-nun prioritetləri sırasına daxildir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təminində Azərbaycanın rolunu qeyd etmişdir. Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun getdikcə daha da artdığını söyləyən Prezident Administrasiyasının rəsmisi ölkəmizin NATO ilə səmərəli əməkdaşlıq qurduğunu bildirmişdir.

Tahir Süleymanov Azərbaycanın 1994-cü ildən NATO ilə "Sülh Naminə Tərəfdaşlıq" Proqramı çərçivəsində səmərəli əməkdaşlıq etdiyini, sonrakı dövrlərdə rəsmi Bakının Alyansın bir sıra proqramlarına qoşulduğunu xatırlatmışdır. Qeyd etmişdir ki, bu gün Azərbaycan NATO-nun sülhməramlı əməliyyatlarına mühüm töhfə verir.

Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu demişdir ki, hazırda Alyans Azərbaycana Silahlı Qüvvələrin modernləşdirilməsi, mina təmizləmə məsələlərində yardım göstərir. Səfir qeyd etmişdir ki, NATO strateji konsepsiyasına əsaslanaraq enerji təhlükəsizliyi sahəsində də Azərbaycana dəstək verir.

Tədbirə video-konfrans vasitəsilə qoşulan Azərbaycanın NATO yanında nümayəndəliyinin rəhbəri Xəzər İbrahim ölkəmizin Alyans çərçivəsində mühüm infrastruktura rəhbərlik etdiyini söyləmişdir. Dünyada dostluq və həmrəylik prinsiplərinə riayət etməyin vacibliyini diqqətə çatdıran X.İbrahim Azərbaycanda müxtəlif mədəniyyətlərin, dinlərin dinc yanaşı yaşadığını bildirmiş, siyasi dialoqun əhəmiyyətini vurğulamışdır.

NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndirici zabiti Vilyam Lahue bildirmişdir ki, Xəzər hövzəsində enerji təhlükəsizliyi tərəflər arasında müzakirələrdə əsas mövzulardan biridir. V.Lahue demişdir:

"NATO enerji infrastrukturunun qorunmasında texniki yardımlar göstərməyə hazırdır. Azərbaycan dəniz platformalarının qorunması, fövqəladə hallarda çevik reaksiya tələb edən məsələlər sahəsində ABŞ ilə də əməkdaşlıq edir".

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycanın terrorizmlə mübarizədə NATO ilə əməkdaşlığı haqqında danışmışdır. Azərbaycanın da terrordan əziyyət çəkən bir ölkə olduğunu diqqətə çatdıran S.Seyidov bölgədə sülh və təhlükəsizliyin təmininin real inkişaf üçün zəruriliyini vurğulamışdır.

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov respublikamızın uzun illər Avropa İttifaqına və NATO-ya üzv olan ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında əsas rolundan danışmışdır.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirov və digər çıxış edənlər enerji təhlükəsizliyinin bu gün regional və qlobal məsələlərdən  biri olduğunu söyləmiş, enerji infrastrukturlarının mühafizəsi sahəsində həyata keçirilən tədbirlər barədə danışmışlar.

 

 

Azərbaycan.-2012.- 23 noyabr.- S.4.