Bakıda MDB ölkələrinin geodeziya, kartoqrafiya, kadastr və Yerin məsafədən tədqiq edilməsi üzrə
XXXIV sessiyası işə başlamışdır
Noyabrın 22-də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) təşkilatçılığı ilə Bakıda Müstəqil Dövlətlər Birliyi ölkələrinin geodeziya, kartoqrafiya, kadastr və Yerin məsafədən tədqiq edilməsi üzrə XXXIV sessiyası işə başlamışdır.
AzərTAc xəbər verir ki, sessiyada Azərbaycan ilə yanaşı, Belarus, Ukrayna, Moldova, Qazaxıstan, Özbəkistan, Tacikistandan mütəxəssislər iştirak edirlər.
Tədbir MDB ölkələrində fəaliyyət göstərən geodeziya, kartoqrafiya, kadastr və Yerin məsafədən tədqiq edilməsi üzrə təşkilatlarda tətbiq olunan texnika və texnologiya ilə tanışlığa həsr olunmuşdur.
Tədbirin açılışında çıxış edən DTXK-nın sədri Qərib Məmmədov Azərbaycanda aparılan torpaq islahatları, kartoqrafiya sahəsində görülən işlər haqqında məlumat vermişdir. Vurğulanmışdır ki bu sahədə beynəlxalq əməkdaşlıq çox vacibdir.
Komitə sədri bildirmişdir ki, sessiyanın əsas məqsədi MDB ölkələrində tətbiq olunan yeni texnologiyaların öyrənilməsi, ölkələrdə nəşr olunan xəritə materiallarının qarşılıqlı dəyişdirilməsi, geodeziya, kartoqrafiya, kadastr və Yerin məsafədən tədqiq edilməsi üzrə vahid texniki siyasət yürüdülməsindən ibarətdir.
Q.Məmmədov noyabrın 20-21-də Bakıda BMT-nin Coğrafi adlar üzrə Şərqi Avropa, Şimali və Orta Asiya şöbəsinin ekspertlər qrupunun 10-cu iclasının keçirildiyini xatırlatmışdır. Bildirmişdir ki, ümumiyyətlə belə bir şöbənin fəaliyyəti yerli toponimlər, o cümlədən Cənubi Qafqazda ermənilər tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində Azərbaycan toponimlərinin erməniləşdirilməsinin qarşısının alınmasına böyük kömək göstərəcəkdir.
Sessiyada topoqrafiya, geodeziya, qravimetriya, fotoqrametriya, kartoqrafiya işlərinin yerinə yetirilməsi zamanı vahid texnologiyaların tətbiqi, razılaşdırılmış yüksəklik və koordinat sistemlərinin istifadəsi, xəritə tərtibatı işində vahid şərti işarələrin və digər atributların tətbiqi, MDB ölkələri arasında SSRİ dövründən mövcud olan dövlət geodeziya, dövlət yüksəklik, dövlət qravimetriya şəbəkələrinin modernləşdirilməsi, birləşdirilməsi, tarazlaşdırılması, birgə istifadə qaydalarının hazırlanması və digər mövzular müzakirə edilmişdir.
Tədbir iki gün davam
edəcəkdir.
Azərbaycan.-2012.- 23 noyabr.- S.4.