Məcburi köçkünlərin
başqalarına məxsus mənzillərdən
köçürülməsi mövcud qanunvericiliyə və
beynəlxalq standartlara uyğun həyata keçirilməlidir
BMT Baş
katibinin məcburi köçkünlərin insan
hüquqları üzrə nümayəndəsinin də dediyi
kimi, real alternativlər təklif olunmadan bu cür hallar
yolverilməzdir
Ölkəmizdə
qaçqın və məcburi köçkünlük
probleminin yarandığı ilk dövrdə postsovet məkanında
belə ağır problemlə üzləşən Azərbaycan
bu gün əhalisinin sayına görə dünyada ən
çox qaçqın və məcburi
köçkünü olan ölkədir! Bu yaxınlarda
respublikamızda keçirilən İkinci Bakı Beynəlxalq
Humanitar Forumunda da dövlətimizin başçısı bir
daha bəyan etmişdir ki, hazırda dünyada
adambaşına düşən qaçqınların ən
yüksək sayı məhz Azərbaycandadır. Bir milyondan
artıq qaçqın və məcburi köçkün
soydaşımızın bu gün də öz doğma
torpaqlarına qayıda bilmədiklərini önə çəkən
Prezident İlham Əliyev belə ağır problemlə
üzləşməsinə baxmayaraq, ölkəmizin müstəqillik
dövründə bu sahədə də böyük
uğurlara imza atdığını, qaçqın və məcburi
köçkünlərin problemlərinin həlli istiqamətində
bundan sonra da müvafiq tədbirlərin həyata keçiriləcəyini
vurğulamışdır.
Qeyd
edək ki, bu gün Azərbaycanda ötən müddət ərzində
qaçqın və məcburi köçkünlərin istər
sosial müdafiəsini, statusunu, istərsə də
bütün hüquqlarını müdafiə edən və
beynəlxalq hüququn norma və prinsiplərinə uyğun
olan kifayət qədər qanunvericilik bazası
yaradılıb. Belə ki, indiyədək imzalanmış
çoxsaylı fərman və sərəncamlar, qəbul
edilmiş qanunlar, problemin kompleks həllini əhatə edən
dövlət proqramları və əlavələr, bunlara
uyğun olaraq həyata keçirilən tədbirlər və
digər genişmiqyaslı işlər deyilənləri təsdiq
etməklə yanaşı, nüfuzlu beynəlxalq
qurumların da böyük marağına səbəb
olmuş, görülən bu işlər həmin
qurumların ölkəmizdə səfərdə olmuş rəhbərləri
tərəfindən də başqa ölkələr
üçün nümunə kimi dəyərləndirilmiş,
dünyanın da bu faktı etiraf etməsinin vacibliyi önə
çəkilmişdir.
Məcburi
köçkünlüyün özünü haqlı olaraq
insan hüquqlarının pozulması kimi dəyərləndirən
BMT Baş katibinin məcburi köçkünlərin insan
hüquqları üzrə nümayəndəsi Valter Kalin
ölkəmizə səfəri zamanı görülən
işlərlə tanışlıqdan sonra Azərbaycan
hökumətinin məcburi köçkünlərin həyat
şəraitinin yaxşılaşdırılması
üçün davamlı və əhatəli tədbirlər
gördüyünü xüsusi vurğulayaraq demişdir:
"Mən bu sahədə Azərbaycan hökumətinin fəaliyyətini
yüksək qiymətləndirirəm. Çünki Azərbaycandakı
məcburi köçkünlər digər ölkələrdəki
qaçqın və məcburi köçkünlərlə
müqayisədə ən yüksək səviyyədə
bütün sosial-iqtisadi layihələrlə əhatə
olunublar".
BMT-nin
qaçqınlar üzrə ali komissarı Antonio Quterreş
isə istər ötən il ölkəmizə ikinci səfərinin
yekunlarına həsr olunmuş mətbuat konfransında, istərsə
də bu günlərdə BMT-nin Qaçqınlar üzrə
Ali Komissarlığının İcraiyyə Komitəsinin
Cenevrədə keçirilmiş və həmin komitənin
tamhüquqlu üzvü kimi Azərbaycanın nümayəndə
heyətinin də ilk dəfə iştirak etdiyi 63-cü
sessiyasında ölkəmizdə bu sahədə görülən
işləri yüksək dəyərləndirərək
fikirlərini belə ümumiləşdirmişdir: "Azərbaycan
hökumətinin qaçqın və məcburi
köçkünlərin həyat şəraitinin
yaxşılaşdırılması və onların
hüquqlarının təmin edilməsi sahəsində
atdığı addımlar oxşar problemlə üzləşən
ölkələr üçün bir nümunədir".
Lakin
bütün bunlar o demək deyil ki, artıq Azərbaycanda bu
problem həll olunub. Ölkəmizdə hələ də
müxtəlif məskunlaşma obyektlərində ağır
şəraitdə yaşayan yüz minlərlə
soydaşımız var və təbii ki, qaçqın və
məcburi köçkünlərin bütün problemlərinin
həlli, onların həyat şəraitinin tam
yaxşılaşdırılması bilavasitə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq
hüquq normaları əsasında həllindən
asılıdır. Bu baxımdan qaçqın və məcburi
köçkünlərin hüquqlarının bərpa
olunması, onların doğma ocaqlarına qaytarılması
istiqamətində hələ çox iş görülməlidir
ki, Azərbaycan dövləti də bu baxımdan fəaliyyətini
beynəlxalq hüquq normalarına uyğun qurmaqla problemin həllini
gündəlik diqqət mərkəzində saxlayır və
bütün bunların nəticəsidir ki, bu gün ölkədəki
qaçqın və məcburi köçkünlər
dövlətin tam himayəsi ilə təmin olunmuşlar.
Yuxarıda
da qeyd etdiyimiz kimi, onların mənzil-məişət şəraitlərinin
yaxşılaşdırılması istiqamətində indiyədək
həyata keçirilən genişmiqyaslı tədbirlərə
baxmayaraq, hələ də çoxsaylı məcburi
köçkün digər şəxslərə məxsus mənzillərdə
müvəqqəti məskunlaşıb ki, onların da
münaqişə həll olunanadək mənzil-məişət
şəraitlərinin yaxşılaşdırılması
istiqamətində tədbirlər həyata keçirilir. Lakin
bütün bunlara baxmayaraq, son vaxtlar xüsusilə
başqalarına məxsus mənzillərdə müvəqqəti
məskunlaşmış məcburi köçkünlərin
həmin mənzillərdən köçürülməsinə
dair məhkəmələrə, həmçinin İnsan
Hüquqları üzrə Avropa Məhkəməsinə
müraciətlər edilməkdədir və indiyədək
32 məcburi köçkün ailəsi məhkəmələrin
müvafiq qərarları ilə başqalarına məxsus mənzillərdən
çıxarılaraq yeni yaşayış sahələri ilə
təmin olunub. Bəs bu sahədə indi vəziyyət necədir,
qaçqın və məcburi köçkünlərin
bütün problemləri, xüsusən onların
hüquqlarının qorunması ilə birbaşa məşğul
olan Dövlətqaçqınkom tərəfindən nə
kimi tədbirlər həyata keçirilmişdir?
Dövlətqaçqınkomun
baş məsləhətçisi - hüquqşünası
Vüqar QARAYEVlə söhbətimiz də bu və buna bənzər
digər məsələlərə aydınlıq gətirmək
məqsədi daşıyır.
-
Vüqar müəllim, bəllidir ki, son vaxtlar
başqalarına məxsus mənzillərdə müvəqqəti
məskunlaşmış məcburi köçkünlərin
mənzillərdən köçürülməsinə dair
məhkəmə proseslərinin sayı artmaqdadır. Təbii
ki, Azərbaycan ərazisinin 20 faizinin işğal olunması nəticəsində
evlərindən didərgin düşmüş məcburi
köçkünlərin yaşayış problemlərinin
başqa mülkiyyətçilərin hesabına həll edilməsi
də təqdirəlayiq hal deyil. Amma onlar məcburiyyət
qarşısında qalıb bu mənzillərdə məskunlaşıblar.
Belə olan halda hazırda məcburi köçkünlərin
bu baxımdan hüquqlarının qorunması və
onların yeni yaşayış sahəsi ilə təmin
olunanadək bu cür mənzillərdən
çıxarılmasının qarşısının
alınması istiqamətində nə kimi işlər
görülür?
- Əvvəlcə
qeyd edim ki, qaçqın və məcburi köçkünlərin
hüquqlarının və qanuni maraqlarının müdafiəsinə,
pozulmuş hüquq və vəzifələrinin bərpasına
qanunvericiliklə müəyyən olunmuş qaydada yardım
etmək Dövlətqaçqınkomun əsas fəaliyyət
sahələrindən biridir. Komitə yarandığı
dövrdən, xüsusilə son illərdən başlayaraq bu
sahədə tərəfimizdən qanunvericiliyə uyğun
olaraq zəruri tədbirlər və hüquqi hərəkətlər
həyata keçirilmiş, fəaliyyətimiz zamanı
qanunvericiliyin tələbləri rəhbər tutulmuşdur.
Məlumdur
ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul
tarixli 298 nömrəli sərəncamının 2-ci bəndinə
əsasən aidiyyəti dövlət orqanlarına
tapşırılmışdır ki, məcburi
köçkünlər öz doğma yurdlarına
qayıdana və yaxud müvəqqəti yaşamaq məqsədilə
tikilmiş yeni qəsəbələrə və evlərə
köçürülənədək mülkiyyət
formasından asılı olmayaraq 1992-1998-ci illərdə
müvəqqəti məskunlaşdıqları ictimai
binalardan, mənzillərdən, torpaq sahələrindən və
digər obyektlərdən çıxarılması
hallarına yol verməsinlər. Ölkə
başçısının qeyd olunan
tapşırığının icrası ilə bağlı
son beş ildə başqa şəxslərin xüsusi
mülkiyyətində olan mənzillərdə və digər
yaşayış sahələrində müvəqqəti məskunlaşmış
məcburi köçkünlərin hüquqlarının
qorunması məqsədilə həmin şəxslər tərəfindən
komitəyə daxil olmuş 2962 müraciətə
baxılmış və kömək göstərilməsi məqsədilə
aidiyyəti orqanlara göndərilmişdir.
Komitənin
və məcburi köçkünlərin hüquq və mənafeyinin
təmin edilməsi ilə bağlı komitənin nümayəndələri
müxtəlif məhkəmələrdə bu məqsədlə
aparılmış 759 prosesdə iştirak etmişlər ki,
həmin proseslərdən 546-sı başqa şəxslərə
məxsus mənzillərdə müvəqqəti məskunlaşmış
məcburi köçkünlərin
çıxarılması ilə bağlı olmuşdur.
Keçirilmiş məhkəmə proseslərində
nümayəndəmiz tərəfindən məcburi
köçkünlərin hüquqlarının qorunması məqsədilə
bu sahədə mövcud olan qanunvericiliyin tələbləri
məhkəmələrin diqqətinə
çatdırılmış və mövcud qanunvericiliyə
əsasən məcburi köçkünlərin başqa
yaşayış sahəsi verilmədən
çıxarılmasının yolverilməz olduğu qeyd
edilib və əksər hallarda bu məsələdə məhkəmə
orqanları ilə ümumi razılığa gəlinib.
Eyni
zamanda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin
"Akimova Azərbaycana qarşı" işi üzrə 27
sentyabr 2007-ci il tarixli qərarına qədər məhkəmələr
tərəfindən ölkə Prezidentinin 2004-cü il 1 iyul
tarixli 298 nömrəli sərəncamının 2-ci bəndi
rəhbər tutularaq məcburi köçkünlərin
müvəqqəti məskunlaşdıqları yerlərdən
çıxarılmasına möhlət verilməsi barədə
qərarlar qəbul edilmişdir. Avropa Məhkəməsinin bu
qərarından sonra qəbul edilmiş məhkəmə qətnamələrinin,
demək olar ki, 90 faizində onların
çıxarılması qərara alınmışdır.
- Belədirsə,
onda gəlin məsələyə başqa prizmadan yanaşaq:
əgər evləri məcburi köçkünlər tərəfindən
zəbt olunmuş bütün mülkiyyətçilər
Avropa Məhkəməsinə müraciət etsələr,
onda nə baş verər və problemdən
çıxış yolu nədir?
- Mən
bir məsələni diqqətə çatdırım ki,
müharibə şəraitində yaşayan ölkəmiz
üçün bu, ümumi problemdir. Məcburi
köçkünlər də bu ölkənin vətəndaşıdır,
mənzilləri müvəqqəti olsa da zəbt edilənlər
də. Və ən başlıcası, burada hər iki tərəfin
mülkiyyət hüququ pozulub. Ermənistanın hərbi təcavüzü
məcburi köçkünləri şəxsi mülkiyyətindən
məhrum edib, insanlar illərlə qurub-yaratdıqları
ev-eşiklərindən didərgin salınıb, mənzilləri
onlar tərəfindən, belə deyək, qeyri-qanuni zəbt
olunan vətəndaşlar da illərlə səbirsizliklə
gözlədikləri mənzillərində yaşamaq
hüququndan məhrum olublar və təbii ki, onların hər
birinin mənzillə təmin olunmaq, öz mənzillərində
rahat yaşamaq hüququ var. Bunlar etiraf olunmalıdır və
yuxarıda da qeyd etdiyim kimi, müharibə şəraitində
yaşayan bir ölkədə belə problemin qısa zaman kəsiyində
həlli qeyri-mümkündür. Ancaq burada təəssüf
doğuran hal odur ki, vaxtilə məcburi köçkün
soydaşlarımıza ürək yanğısı ilə
yanaşan, onların dərdinə şərik olan vətəndaşlarımız
indi onlardan Avropa Məhkəməsinə müraciət edirlər.
Avropa Məhkəməsi isə oxşar hallarda adətən
Azərbaycandakı reallığın, məcburi
köçkünlərin düşdükləri ağır
vəziyyətin mahiyyətinə varmadan əsas mülkiyyətçinin
tərəfindən çıxış edir və zəbt
olunmuş mənzilin sahibinə qaytarılması ilə
bağlı qərar çıxarır. Halbuki məcburi
köçkünün köçürülməsi
üçün yaşayış yeri olmalıdır, onun
üçün şərait yaradılmalıdır, sonra
köçürülmə həyata keçirilməlidir.
Artıq bu işlərə başlanılmışdır.
Belə ki, məcburi köçkünlər tərəfindən
zəbt olunmuş evlərlə bağlı məsələ
dövlət proqramına cənab Prezidentin 21 fevral 2011-ci il
tarixli sərəncamı ilə təsdiq olunmuş Əlavələrdə
də nəzərdə tutulub və qeyd edək ki, bu cür mənzillərin
sayı çoxdur. Ona görə də şəxsi mənzillərdə
məskunlaşanlar da mərhələli şəkildə
köçürüləcəklər.
Bütün
bunları nəzərə alan Azərbaycan hökuməti
Avropa Məhkəməsinə başqalarına məxsus mənzillərdə
məskunlaşan məcburi köçkünlərlə
bağlı məsələlərə baxmamaq
üçün müraciət edib. Baş nazirin müavini -
Dövlətqaçqınkomun sədri Əli Həsənov
bununla bağlı mətbuata açıqlamasında da
bildirmişdir ki, Azərbaycan Avropa Məhkəməsi tərəfindən
indiyədək bununla bağlı qəbul olunan qərarların
hamısını icra edib. Hökumət özü problemi
yoluna qoymaqda maraqlıdır və artıq bu prosesi həyata
keçirir. Hesab edirik ki, İnsan Hüquqları üzrə
Avropa Məhkəməsi ayrı-ayrı şəxslərə
məxsus mənzillərdə müvəqqəti məskunlaşmış
məcburi köçkünlərin həmin
yaşayış sahəsindən köçürülməsi
barədə işlərə baxarkən mənzillərin
sahiblərinin mülkiyyət hüququ ilə məcburi
köçkünlərin yaşayış yerinə malik
olmaq hüququ arasındakı tarazlığın qorunması
məsələsinə də xüsusi diqqət yetirməlidir.
Yəni bir tərəfin hüququnu bərpa edirsə, digər
tərəfi də nəzərə almalıdır.
BMT
Baş katibinin məcburi köçkünlərin insan
hüquqları üzrə nümayəndəsi cənab Valter
Kalinin 19-24 may 2010-cu ildə Azərbaycan Respublikasına səfərinə
dair hazırlanmış hesabatında da qeyd edildiyi kimi,
"İnsan Hüquqları üzrə Avropa Məhkəməsi
tərəfindən ayrı-ayrı şəxslərə məxsus
mənzillərdə müvəqqəti məskunlaşmış
məcburi köçkünlərin həmin
yaşayış sahəsindən köçürülmələri
barədə qəbul edilmiş qərarların icrası
olaraq məcburi köçkün ailələrinin mənzillərdən
çıxarılmaları beynəlxalq insan haqları
hüququna əsasən qadağan edilmir. Məcburi
köçkünlərin könüllü olaraq mənzili tərk
etməkdən imtina etdiyi və mülkiyyət sahiblərinin
mülkiyyəti yenidən əldə etməkdə təkid
etdiyi bir sıra hallarda çıxarılma qaçılmaz
ola bilər. Bununla belə, çıxarılma beynəlxalq
standartlara tam uyğun şəkildə həyata keçirilməli,
xüsusilə çıxarılan şəxslərə
yaşayış yeri, yaşayış vasitələri, səhiyyə
və təhsil kimi əsas xidmətlərə
çıxış təmin edən real alternativlər təklif
edilmədən həyata keçirilməməlidir".
-
Ümumiyyətlə götürdükdə, bu sahədəki
problemlərin həlli ilə bağlı məhkəmələrdə
qaldırılmış iddiaların, qəbul edilmiş qətnamələrin
icra vəziyyəti nə yerdədir və bunlarla bağlı
Dövlətqaçqınkom tərəfindən nə kimi tədbirlər
həyata keçirilmişdir?
-
İlk növbədə onu diqqətə çatdırım
ki, başqa şəxslərin mülkiyyətində olan mənzillərdə
müvəqqəti məskunlaşmış məcburi
köçkünlərin çıxarılması ilə
bağlı 447 məhkəmə qətnaməsindən
153-ü son beş ildə qəbul edilmişdir. Eyni zamanda, məhkəmələr
tərəfindən fiziki və hüquqi şəxslərin
xüsusi mülkiyyətində olan qeyri-yaşayış və
torpaq sahələrində müvəqqəti məskunlaşmış
məcburi köçkünlərin
çıxarılması ilə bağlı 50-dən
artıq qətnamə qəbul edilmişdir.
Yeri
gəlmişkən qeyd edək ki, digər şəxslərin
xüsusi mülkiyyətində olan yaşayış və
qeyri-yaşayış sahələrində müvəqqəti
məskunlaşmış məcburi köçkünlər məskunlaşdığı
zaman həmin yaşayış və qeyri-yaşayış
sahələri müxtəlif dövlət təşkilatlarının
balansında olmuş, lakin sonradan müxtəlif vasitələrlə
həmin əmlakları özəlləşdirənlər
mülkiyyət hüququ əldə etmiş və
çıxarılma ilə bağlı məhkəmələrdə
iddialar qaldırmışlar.
Başqalarına
məxsus mənzillərdə müvəqqəti məskunlaşmış
məcburi köçkün ailələrinin böyük əksəriyyəti
Bakı və Sumqayıt şəhərlərində
yaşadıqları üçün çıxarılma ilə
bağlı qətnamələrin 441-i Bakı və
Sumqayıt şəhər məhkəmələri tərəfindən
qəbul edilmişdir. Məhkəmələr tərəfindən
çıxarılma ilə bağlı qətnamələrin
qəbul edilməsinə baxmayaraq, Ədliyyə Nazirliyi ilə
ümumi razılığa əsasən həmin qətnamələrin
99 faizinin icrası dayandırılmışdır.
İnsan
Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən
başqa şəxslərə məxsus mənzillərdə
müvəqqəti məskunlaşmış məcburi
köçkünlərin çıxarılması ilə
bağlı qəbul edilmiş məhkəmə qərarlarının
icrası ilə əlaqədar, yuxarıda da qeyd etdiyimiz kimi,
hökumət tərəfindən 32 məcburi
köçkün ailəsi mənzillərdən
çıxarılaraq öz daimi yaşayış yerlərinə
qayıdanadək dövlət mülkiyyətinə alınmış
və yaşayış üçün bütün zəruri
tələblərə cavab verən mənzillərə
köçürülmüşlər. Hazırda məhkəmənin
qərar çıxardığı və icraatda olan 33
işlə əlaqədar tədbirlər davam etdirilir.
Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 21 fevral tarixli sərəncamı
ilə təsdiq edilmiş Əlavələrin 1.4-cü bəndi
ilə yuxarıda qeyd edilən problemin hüquqi və sosial həlli
təmin edilmiş, 2012-2014-cü illərdə Bakı və
Sumqayıt şəhərlərində başqa vətəndaşlara
məxsus olan mənzillərdə müvəqqəti məskunlaşmış
1200 məcburi köçkün ailəsi üçün
yaşayış evlərinin tikilməsi nəzərdə
tutulmuşdur.
-
Vüqar müəllim, son vaxtlar bəzi KİV-lərdə məcburi
köçkünlər üçün tikilmiş yeni mənzillərin
onların mülkiyyətinə verilməsi ilə
bağlı söhbətlər də yer almaqdadır. Hətta
bəzi "ekspert və hüquq müdafiəçiləri"
fərqinə belə varmadan həmin mənzillərin
onların mülkiyyətinə verilməsinin
"vacibliyini" də dilə gətirirlər. Halbuki onlar
unudurlar ki, məcburi köçkün kimi müxtəlif məskunlaşma
obyektlərində müvəqqəti qeydiyyatda olan
soydaşlarımız yeni mənzillərə köçürülərkən
həmin mənzillər xüsusi təyinatlı mənzil
fondu olduğundan onların mülkiyyətinə verilə bilməz...
-
Qeyd edim ki, bu məsələ həqiqətən də tez-tez
gündəmə gətirilir və mən bu barədə
müəyyən vaxtlarda mətbuata da açıqlama
vermişəm. Bir daha bildirirəm ki, məcburi
köçkünlərə verilən yeni mənzillər
onlar üçün müvəqqəti məskunlaşma
obyektləridir. Cənab Prezidentin özü də yeni qəsəbələrin
açılışlarında, məcburi köçkünlər
qarşısındakı çıxışlar zamanı dəfələrlə
bəyan edib ki, bunlar müvəqqəti məskunlaşmaq
üçün onların istifadəsinə verilir. Bundan əlavə,
ölkə başçısının sərəncamı
ilə təsdiq olunmuş dövlət proqramında da
göstərilir ki, bunlar məcburi köçkünlərin
müvəqqəti məskunlaşmaları üçün
verilən yaşayış sahələridir. Buradan da belə
bir nəticə hasil olur ki, əgər həmin mənzillər
məcburi köçkünlərin daimi mülkiyyətinə
verilsə və onlar burada daimi qeydiyyata götürülsə,
o zaman gərək onların üzərindən status da
götürülə. Halbuki "Qaçqınların və
məcburi köçkünlərin (ölkə daxilində
köçürülmüş şəxs) statusu haqqında"
Azərbaycan Respublikası Qanununun 14-cü maddəsində də
göstərilmişdir ki, məcburi köçkün əvvəl
adətən yaşadığı yerə qayıtdıqda və
ya həmin regionda müəyyənləşdirilmiş
ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz
qaydada təmin edildikdə, bu mümkün olmadıqda isə
dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş
səviyyədə yaşayış yeri ilə təmin
edildikdə məcburi köçkün statusunu itirir. Buna
görə də bu evlər və salınan qəsəbələr
müvəqqəti yaşayış sahələri hesab olunur
və Prezidentin sərəncamı ilə bu yaşayış
sahələri də Qaçqınların və Məcburi
Köçkünlərin işləri üzrə Dövlət
Komitəsinin balansına verilir. Elə bu məqsədlə də
komitənin nəzdində Mənzil İstismar Departamenti
yaradılmışdır.
Təbii
ki, bu məsələ mürəkkəb və hüquqi cəhətdən
əsaslandırılması çətin olan problemdir. Ancaq
bütün bunlara baxmayaraq, məcburi köçkünlər
doğma ocaqlarına qayıdanadək onlara verilən mənzil
və torpaq sahələri onların xüsusi mülkiyyəti
sayıla bilməz. Ötən il Mənzil Məcəlləsinə
uyğun olaraq mənzil fondları yaradıldı. Məcburi
köçkünlərin yaşayış sahəsi də
Xüsusi təyinatlı mənzil fonduna aiddir. Mənzil Məcəlləsində
göstərilir ki, Xüsusi təyinatlı mənzil fondu
heç vaxt özəlləşdirilə bilməz. Ona
görə də bu gün məcəlləyə uyğun
olaraq məcburi köçkünlərin
yaşadığı sahələr Xüsusi təyinatlı
mənzil fonduna daxildir. Hətta bununla bağlı Nazirlər
Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı
ilə təsdiq edilən Xüsusi təyinatlı
yaşayış sahələrinin kirayə müqaviləsi də
mövcuddur. Həmin qərara əsasən, Xüsusi təyinatlı
yaşayış sahələrində yaşayış
qaydaları da müəyyən olunur. Həmin qanuna əsasən
mənzil verilən şəxs 3 və 6 ay ərzində ona
verilən mənzildə yaşamırsa, onun əlindən
alınır.
Sonda
bir daha qeyd edim ki, indiki şəraitdə məcburi
köçkünlərin dövlət tərəfindən
yerləşdirilmiş mənzillərdə mülkiyyət
hüququnun olmasından söhbət gedə bilməz. Mənzillər
dövlətin mülkiyyətindədir və onlar hər
hansı vətəndaşın adına özəlləşdirilə
bilməz!
Elnur HACALIYEV
Azərbaycan.-2012.- 23 noyabr.- S.5.