Bakıda Azərbaycan-UNESCO əlaqələrinin
20 illiyi təntənəli
mərasimlə qeyd edilmişdir
Bünövrəsi
ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuş Azərbaycan-UNESCO əlaqələrinin 20 ili tamam
olur.
AzərTAc xəbər verir ki, bu
münasibətlə Mədəniyyət və Turizm
Nazirliyinin və UNESCO üzrə Azərbaycan Milli
Komissiyasının birgə təşkilatçılığı
ilə noyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində
"Azərbaycan-UNESCO mədəni əməkdaşlıq:
20 il" mövzusunda mərasim keçirilmişdir.
Respublikamızın
görkəmli elm və mədəniyyət xadimlərinin,
Milli Məclisin deputatlarının, ictimaiyyat mümayəndələrinin
iştirak etdikləri mərasim
Azərbaycan-UNESCO mədəni əməkdaşlığına
həsr olunmuş filmin təqdimatı ilə
başlamışdır.
Tədbirdə mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev, UNESCO üzrə Azərbaycan
Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva
çıxış edərək Azərbaycan ilə BMT-nin mədəniyyət,
elm və təhsil təşkilatı olan UNESCO arasında əməkdaşlıq
əlaqələrinin tarixindən, eyni zamanda, bu əlaqələrin
inkişaf etdirilməsi və möhkəmləndirilməsi
istiqamətində ölkəmizdə görülən
işlərdən söhbət açmışlar.
Bildirilmişdir
ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa
etdikdən sonra, 1992-ci il iyulun
3-də UNESCO-ya üzv
olmuşdur. BMT-nin bu mötəbər təşkilatı ilə
Azərbaycan arasındakı əlaqələrin
inkişafında ən uğurlu addım ulu öndər Heydər Əliyev 1993-cü ilin
dekabr ayında Fransa Respublikasında rəsmi səfərdə
olarkən UNESCO-nun o vaxtkı baş direktoru Federiko Mayo ilə
görüşü zamanı atılmışdır.
Görüşdə UNESCO-nun Azərbaycan ilə əlaqələrini
genişləndirməyin perspektivləri müzakirə
olunmuş, Ermənistanın Azərbaycana hərbi təcavüzünün
yaratdığı
qaçqın, məcburi köçkün problemləri,
müharibənin elm, təhsil, mədəniyyət sahəsinə
vurduğu ağır zərbə, erməni
işğalının törətdiyi çətinliklərin
aradan qaldırılması yolları barədə fikir
mübadiləsi aparılmışdır. Məhz
xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü
ilə Azərbaycan UNESCO çərçivəsində qəbul
edilmiş bir sıra konvensiyalara qoşulmuşdur.
Mərasimdə
Prezident İlham Əliyevin də bu mötəbər təşkilatla
əlaqələrin inkişaf etdirilməsinə böyük
diqqətlə yanaşdığı
vurğulanmışdır. Qeyd edilmişdir ki,
görülmüş işlər nəticəsində
Şirvanşahlar sarayı və Qız qalası da daxil
olmaqla, İçərişəhər Dövlət
Tarix-Memarlıq Qoruğu, Qobustan Qayaüstü Tarixi-Bədii
Landşaft Kompleksi UNESCO-nun Dünya irsi siyahısına daxil
edilmiş, Azərbaycan muğamı UNESCO-nun Bəşəriyyətin
şifahi və qeyri-maddi mədəni irsinin şah əsərləri
siyahısına, eləcə də Azərbaycan aşıq sənəti
və Novruz bayramı UNESCO-nun Bəşəriyyətin
qeyri-maddi irsi siyahısına daxil edilmişdir.
Azərbaycanın
mədəni dəyərlərinin qorunması sahəsində
Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyevanın xidmətləri xüsusi qeyd
edilmişdir. Vurğulanmışdır ki, Mehriban xanım Əliyevanın
əvəzsiz xidmətləri sayəsində Azərbaycan-UNESCO əlaqələri
yeni mərhələyə qədəm qoymuşdur.
Çıxışlarda
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinə də toxunulmuş, Ermənistan tərəfindən
işğal olunmuş ərazilərdə ölkəmizə
məxsus mədəni dəyərlərin, muzey
eksponatlarının, qədim əlyazmaların məhv edilməsi
haqqında iştirakçılara ətraflı məlumat
verilmişdir.
Tədbirdə
UNESCO-nun milli komissiyalar və vətəndaş cəmiyyəti
şöbəsinin direktoru Genc Seiti, qurumun Moskva ofisinin
nümayəndəsi xanım Alla Ampar, UNESCO-nun Mərkəzi
Asiya Beynəlxalq Tədqiqatlar İnstitutunun direktoru Şahin
Mustafayev çıxış edərək bu beynəlxalq təşkilatla
əməkdaşlıqda Azərbaycanın əhəmiyyətli
tərəfdaş olduğunu, eləcə də Azərbaycan dövlətinin maddi
irsin qorunmasına xüsusi önəm verdiyini bildirmişlər.
Sonra
Azərbaycanın incəsənət ustaları konsert
proqramı ilə çıxış etmişlər.
Mərasim
çərçivəsində həmçinin Beynəlxalq
Muğam Mərkəzinin foyesində
Azərbaycanın qədim musiqi alətlərini və
milli geyimlərini əks etdirən sərgi də təşkil
olunmuşdur.
Azərbaycan.-2012.- 23 noyabr.- S.6.