Abadlıq-quruculuq işləri geniş miqyas alır
Dünən Bakının Binəqədi rayonunda ictimaiyyətlə görüş keçirildi. İcra hakimiyyətində təşkil olunan tədbirdə iştirakçılar rayon ərazisində görülən abadlıq-quruculuq işləri, o cümlədən infrastruktur layihələri ilə tanış oldular. Bildirildi ki, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda və həmin proqrama əlavələrdə Binəqədi rayonu üzrə 103 tədbir nəzərdə tutulmuşdur.
Nəzərdə tutulmuş tədbirlərdən 9-nun icrası 2011-ci ildə təmin edilmişdir. 2012-ci ildə 26 tədbirdən, həmçinin 2011-2012 və 2012-2013-cü illərə nəzərdə tutulmuş tədbirlərdən 8-nin icrası tam, 3-nün icrası isə qismən təmin edilmiş, 25 tədbir üzrə işlər davam etdirilir. Binəqədi qəsəbəsinin su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması ilə əlaqədar qəsəbədə su və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinə başlanmışdır. Rayonda aparılan abadlıq-quruculuq işlərinin gedişinə gəldikdə isə, qeyd edildi ki, "Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın və "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası istiqamətində rayonun qəsəbələrarası və qəsəbədaxili yollarında, mərkəzi prospektlərdə, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin digər infrastruktur sahələrində abadlıq-quruculuq, yenidənqurma və əsaslı təmir işləri davam etdirilir. Binəqədi rayonu ərazisində son 10 ay ərzində ümumilikdə 4127 ədəd müxtəlif növ ağac, 41630 kvadratmetr qazon sahəsi, 18272 növ gül-çiçək və bəzək kolları əkilmiş və hazırda yaşıllıq işləri davam edir.
Azadlıq prospektində, H.Hüseynov, İ.Dadaşov, S.S.Axundov, F.Məlikov, K.Rəhimov, A.Kunanbayev, Ə.Naxçıvani, Ələkbərova, N.Nərimanov, N.Tusi kücələrində 49 binanın zirzəmisində su-kanalizasiya xətləri, dam örtüyü əsaslı təmir edilmiş, təmizlik işləri aparılmışdır.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal İsmayılov bildirdi ki, rayon ərazisində qəsəbədaxili və məhəllədaxili yolların cari və əsaslı təmir işləri diqqət mərkəzindədir. Cari ilin 10 ayı ərzində Xocasən, Rəsulzadə, Biləcəri qəsəbələrində, mikrorayonlarda, Binəqədi-Biləcəri şosesində, Binəqədi körpüsü-Novxanı yolunda, həmçinin Novxanı-Goradil bağ massivlərində və digər ərazilərdə yol-təmir işləri aparılmışdır. Qəsəbələrdə, mikrorayonlarda və digər yaşayış məntəqələrində binaların həyətlərində nümunəvi, abad məhəllə layihəsi çərçivəsində geniş abadlıq-quruculuq işləri aparılır. Bildirildi ki, rayon ərazisində xüsusi proqramlar əsasında abadlıq-quruculuq işləri sürətlə aparılır. Rayonda əhalinin problemlərinin həlli həyat şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər görülür.
Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin təbliği, məruzə və nitqlərində ölkənin ictimai-siyasi həyatında baş verən dəyişikliklərlə bağlı fikirlərinin, sosial-iqtisadi inkişaf və həyata keçirilən genişmiqyaslı layihələr haqqında məlumatların əhaliyə çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tövsiyəsi ilə rayon Təbliğat Qrupu yaradılmışdır. Hesabat dövrü ərzində rayonun inzibati ərazi nümayəndəliklərində, həmçinin rayon sakinlərinin sıx toplaşdıqları yerlərdə Təbliğat Qrupu tərəfindən 37 görüş keçirilmiş və bütün görüşlər protokollaşdırılmışdır.
2012-ci ilin ilk on ayı ərzində Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatına vətəndaşlardan ümumilikdə 3511 müraciət daxil olmuşdur. Hesabat dövründə rayondan daxil olmuş vətəndaş müraciətlərindən 11-i təklif, 2245-i ərizə və 1255-i şikayət olmuşdur. Müraciətlərə əsasən tikinti aparılmasına icazə, inşası başa çatmış tikintilərin sənədləşdirilməsi, mənzillə və ya torpaq sahəsi ilə təmin edilmə, işlə təmin olunma, maddi yardım göstərilməsi, su, işıq, qaz, kanalizasiya, qaçqınlar və məcburi köçkünlərin problemləri ilə bağlı məsələlərlə əlaqədar olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından 763, Milli Məclisdən 69, Nazirlər Kabinetindən 174 və mərkəzi icra hakimiyyəti orqanlarından 309 müraciət daxil olmuşdur. Daxil olmuş müraciətlər əsasən mənzillə və ya torpaq sahəsi ilə təmin edilmə, maddi yardım göstərilməsi, işlə təmin olunma, qaçqınlar və məcburi köçkünlərin problemləri ilə əlaqədardır. Bütün müraciətlərə qanunvericilikdə müəyyən edilmiş müddətdə baxılaraq, qaldırılan problemlərin həlli istiqamətində tədbirlər görülmüş, bir sıra hallarda məsələlərin həllinə yerində köməklik göstərilmiş, zərurət olduqda müraciətlər aidiyyəti qurumlara yönləndirilmiş, həmçinin müraciətlər əsassız olduqda bununla bağlı vətəndaşlara müvafiq izahatlar verilmişdir.
Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatında 1564 vətəndaş qəbul edilmişdir. Qəbul zamanı qaldırılan məsələlərin həlli istiqamətində mövcud qanunvericiliyə uyğun olaraq vətəndaşlara müvafiq kömək göstərilməsi üçün RİH başçısı tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilmiş, zərurət olduqda vətəndaşların iştirakı ilə yerində araşdırmalar aparılmışdır.
Tədbirdə iştirak edən RİH-in Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elnur İmanov bildirdi ki, 2013-cü ilin yanvar ayından rayon ərazisində mövcud olan qanunsuz tikililərin sənədləşməsi prosesinə başlanılacaq.
İcra hakimiyyətində vətəndaşların videoqəbul məsələsi öz həllini tapmaq üzrədir. Yəni vətəndaş icra hakimiyyətinə gəlmədən aparatın məsul şəxsləri ilə videoqəbul həyata keçirə biləcək. Vahid telefon məlumat xidməti də istifadəyə veriləcək.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-2012.- 23 noyabr.- S.6.