Azərbaycanın «Böyük
İqtisadi Ensiklopediya»sı var
Təbiətin və cəmiyyətin müxtəlif sahələrini əhatə edən ensiklopediyaların meydana gəlməsinin çoxəsrlik tarixi olsa da, "ensiklopediya" termini beş yüz il əvvəl ingilis linqvisti Tomas Eliot tərəfindən "bütün məlum əşya və elmləri izah edən kitab" anlamında ictimai dövriyyəyə buraxılmışdır. Sözlərin mənası və təyinatı barədə minimum informasiya təqdim edən lüğətlərdən fərqli olaraq, ensiklopediyalar oxucuya daha geniş və əhatəli biliklər vermək missiyasını yerinə yetirir. Bəzən ensiklopediyalar lüğət formasında strukturlaşdırılmış elmi məlumat-sorğu kitabı adlandırılsalar da, onlar arasında mahiyyət daha çeşidli və dərindir. Belə ki, ensiklopediyalar insan biliklərinin bütün istiqamətləri üzrə təfərrüatları bir araya gətirən ayrıca bir bilik sahəsi kimi formalaşmışdır.
Azərbaycanda da ensiklopediya mədəniyyətinin öz tarixi var. Bu mühüm və dəyərli fəaliyyətin ən böyük yüksəliş çağları ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin təşəbbüsü və dəstəyi ilə 1976-1987-ci illərdə çap edilmiş "Azərbaycan Sovet Ensiklopediyası" ölkə tarixinə bilik və məlumatların bütün sahələrini əhatə edən ilk fundamental əsər kimi daxil olmuşdur. Böyük elmi potensialın cəlb edilməsi ilə hazırlanan bu on cildlik ensiklopediyanın nəşri Azərbaycanın elmi və mədəni həyatında tarixi hadisəyə çevrildi. Elmi-informativ zənginliyi, məzmun mükəmməlliyi baxımından bu sanballı nəşr indi də öz möhtəşəmliyini saxlamışdır.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra dövrün tələblərinə cavab verən yeni ensiklopediyanın yaradılması zərurəti meydana çıxdı. Prezident İlham Əliyev dövlət əhəmiyyətli bu mühüm işin həyata keçirilməsini, ensiklopediyanın yüksək elmi səviyyədə hazırlanıb nəşri üçün tələb olunan maddi-texniki bazanın yaradılmasını təmin etmək məqsədilə "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yaradılması haqqında", həmçinin "Azərbaycan Milli Elmlər Akademiyasının "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yeni binasının tikintisi ilə bağlı tədbirlər haqqında" sərəncamlar imzalamışdır. Yeni milli ensiklopediyanın hazırlanmasında azərbaycançılıq ideologiyası təməl prinsipi kimi önə çəkilmiş, onun respublikamızın yeni dövrdəki tələblərinə cavab verməsi, xalqımızın həyatındakı mühüm tarixi, ictimai-siyasi, elmi və mədəni hadisələri obyektiv şəkildə əks etdirməsi kimi mühüm vəzifələri müəyyənləşdirilmişdir. Ölkə rəhbəri İlham Əliyevin baş redaktorluğu ilə nəşr olunan Azərbaycanın Milli Ensiklopediyasının artıq ilk cildləri oxucuların istifadəsinə verilmişdir.
Ensiklopediya mədəniyyətinin inkişafı, onun müxtəlif sahələr üzrə yeni motivasiyalarda şaxələndirilməsi imkanlarını xeyli dərəcədə genişləndirmişdir. Bu baxımdan ölkəmizdə də sahəvi ensiklopediyaların hazırlanmasına və nəşrinə ehtiyac və zərurət yaranmışdır. Xüsusən ictimai elmlər arasında özünəməxsusluğu ilə seçilən və daim inkişafda olan iqtisad elminin cəmiyyətdə artan rolu bu istiqamətdə ayrıca predmetik təyinatlı ensiklopediyanın yaradılması məsələsini də aktuallaşdırmışdır. Bu artan aktuallığı sovet sisteminə xas ideoloji məhdudiyyət və qadağaların aradan qaldırılması, qloballaşan dünyanın yeni çağırışları ilə yanaşı, həm də Azərbaycanda keçid dövrünün başa çatması, milli iqtisadiyyatın modern əsaslarda davamlı inkişafının sürətləndirilməsi və respublikanın dünya birliyi ölkələri sırasında rolunun və yerinin daha da möhkəmləndirilməsi reallıqları obyektiv zərurətə çevirmişdir. Zamanın bu tələblərinə cavab olaraq akademik Ziyad Səmədzadənin ideya müəllifliyi və baş redaktorluğu ilə respublikada ilk dəfə irihəcmli fundamental "Böyük İqtisadi Ensiklopediya" hazırlanmış və nəşr edilərək oxucuların müzakirəsinə verilmişdir. Müstəqil Azərbaycan dövlətinin ilk iqtisadiyyat ensiklopediyasının nəşrinin məhz bu gün meydana çıxması ümummilli lider Heydər Əliyevin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" məşhur kəlamının əyani gerçəkliyini burada da bir daha təcəssüm etdirmişdir.
Olduqca böyük zəhmətin nəticəsi
olan "Böyük İqtisadi Ensiklopediya"nı vərəqləyib
dünya iqtisadiyyatının tarixi, bu gün
iqtisadi həyatın müxtəlif sahələrində
istifadə edilən terminlərin mahiyyəti, görkəmli
iqtisadçıların fəaliyyəti barədə və
verilən yazılarla tanış olduqda
bu ensiklopediyanın ideya
müəllifinə, baş redaktoruna və onunla
birlikdə çalışanlara da xoş mənada qibtə edirsən. Burada Nizaminin bir kəlamını xatırlamaq yerinə
düşərdi:
Hər kəs öz sənətindən yapışsa əgər,
Dünyada nə əksə,
onu da biçər.
Ölkəmizin
elmi-ictimai həyatında mühüm hadisə kimi dəyərləndirilən
"Böyük İqtisadi Ensiklopediya"nın
hazırlanması işinə respublikamızın ən
nüfuzlu alim və mütəxəssisləri cəlb
edilmişlər. Onların fəal yaradıcı əməyi
ilə ensiklopediyada iqtisadi termin və anlayışların, nəzəriyyə
və baxışların mükəmməl izahları
verilmiş, iqtisadi hadisələrin məzmunu və əhəmiyyəti
yüksək peşəkarlıqla açıqlanmış,
müasir gerçəkliklər fonunda dünya iqtisad elminin
nailiyyətləri hərtərəfli
işıqlandırılmışdır. Elmi-redaksiya heyətinin
üzvləri kimi demək istərdik ki, ensiklopediyaya daxil edilən
hər bir termin və anlayışın məzmunu onların
dəfələrlə müzakirəsi, ekspertiza edilməsi ilə
bir daha aydınlaşdırılmış, məqalələrin
əksəriyyəti müvafiq iqtisadi strukturlarda
baxılmış, yaradıcı heyətin ayrı-ayrı mənbələrdən
ünvanına göndərilən dəyərli tövsiyə
və təkliflər nəzərə
alınmışdır.
Beş
cilddən ibarət, 10 minə yaxın termin, iqtisadi
anlayış və məqaləni özündə ehtiva edən
"Böyük İqtisadi Ensiklopediya" çoxsaylı nəzəri,
faktoroloji material əsasında ictimai həyatdan gələn
sualları cavablandırmaqla oxucuya çoxsaylı iqtisadi hadisələr,
kateqoriyalar, modellərlə bağlı zəruri bilgilər
verir. Burada makroiqtisadi tarazlıq, marketinq, investisiya, menecment,
maliyyə, audit, mühasibatlıq, pul-kredit, qiymətli
kağızlar bazarı, rəqabət, inhisar, innovasiyalar,
nanoiqtisadiyyat və digər bu kimi çoxsaylı
anlayışların mahiyyəti yeni elmi interpretasiyada
acıqlanır, iqtisadiyyatın bütün səviyyələri
üzrə, muxtəlif iqtisadi nəzəriyyələr,
iqtisadi sistemlərin problemləri, elmi iqtisadi məktəblər
və onların görkəmli nümayəndələri
haqqında mühüm məlumatlar əksini tapır.
Ensiklopediyanın hazırlanmasında dünyanın inkişaf
etmiş ölkələrinin iqtisadiyyat luğətlərindən,
statistik külliyyatlardan, beynəlxalq iqtisadi, maliyyə-bank, əmək
təşkilatlarının internet resurslarından səmərəliliklə
istifadə olunmuşdur.
Azərbaycanın
müasir iqtisadi-hüquqi, sosial-siyasi sisteminin müxtəlif
aspektlərinin geniş işıqlandırılması
ensiklopediyanın mühüm fərqləndirici cəhətlərindən
biridir. Burada müstəqil Azərbaycan dövlətinin
iqtisadi qüdrətinin artmasına, dunya iqtisadiyyatına
inteqrasiyasına xidmət edən inkişaf strategiyası, azad
bazar munasibətlərinin genişlənməsinin və milli
maraqlara cavab verən yeni iqtisadi sistemin
formalaşmasının elmi-metodoloji əsasları və
mahiyyəti barədə konkret fakt və dəlillərə
istinad edən məqalələr əksini
tapmışdır. Ensiklopediyada ölkənin sosial-iqtisadi
inkişafını kompleks şəkildə təfərrüfatlandıran
milli təbii sərvətləri, sənaye və innovasiya
potensialı, sahə və müəssisələrin
investisiya imkanları, sosial və istehsal infrastrukturu, dövlət
və hökumət strukturları, xarici iqtisadi əlaqələr
coğrafiyası, beynəlxalq təşkilatlarda təmsilçilik,
milli iqtisadi nailiyyətlər haqqında tutumlu məlumatların
elmi-analitik, statistik və qrafik tərtibatda verilməsi
ensiklopedik innovasiya kimi qiymətləndirilməlidir.
Bir
gerçəklikdir ki, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin əzmkar fəaliyyəti
ilə aparılan miqyaslı islahatlar nəticəsində
ölkə iqtisadiyyatında daha geniş möhtəşəmlik
əldə olunmuşdur. Milli neft strategiyasının
multiplikativ effektləri iqtisadi artımda yeni özək təşkil
edəcək qeyri-neft sektorunun formalaşmasına rəvac
vermiş, neft-qaz sərvətlərinin insan kapitalına
çevrilməsi mərhələsinə qədəm
qoyulmuşdur. Bu transformasiyanın mühüm elementi olaraq
informasiya-kommunikasiya texnologiyaları çıxış etməkdədir.
Ölkədə informasiya cəmiyyətinin bərqərar
olması və bunun tərkib hissəsi kimi
informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi
istiqamətində sistemli fəaliyyət aparılır. Odur
ki, ensiklopediyada müasir dünyada informasiya cəmiyyətinə
keçid prosesinin özəllikləri, informasiya-kommunikasiya
texnologiyarı sektorunun iqtisadi inkişafdakı rolu xüsusi
qeyd edilir. Bu sahədə Azərbaycandakı sürətli
inkişaf ön plana çəkilir, onun yeni institusional yaranışlardakı
əhəmiyyətini genişliklə əks etdirən
yazılar, məqalələr, müvafiq indekslər və
reytinq cədvəlləri verilir.
Ensiklopediya
əsası ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuş, Prezident İlham Əliyevin çevik praqmatizmlə
reallaşdırdığı Azərbaycanın iqtisadi
inkişaf modeli barədə aydın təsəvvür
yaradır. Oxucuda bir daha belə bir qənaət möhkəmlənir
ki, müstəqil dövlətimiz qarşıya qoyulmuş məqsəd
və vəzifələrin dəqiq müəyyənləşdirildiyi,
xalqın keyfiyyətli yaşayış səviyyəsini təmin
etməyə imkan verəcək bu model əsasında
uğurla inkişaf edir. Burada müstəqil Azərbaycan
dövlətinin 20 ildə keçdiyi inkişaf yolu iqtisadi təhlil
instrumentariyadan səmərəli istifadə edilməklə
çox dəqiq qiymətini almışdır. Bu qiymətləndirmədə,
həmçinin elmi aspektdən hazırda Azərbaycanın
ictimai həyatının bütün istiqamətlərini əhatə
edən innovasiya yönümlü iqtisadiyyatın
formalaşdırılması və ölkəmizin yaxın on
ildə ÜDM-in iki dəfə artırılması ilə
müşayiət olunacaq güclü sosial irəliləyişləri
sürətləndirən inkişafın yeni mərhələsinə
qədəm qoymasına da geniş yer verilmişdir.
Ensiklopediyanın ana xəttini təşkil edən
bütün bu elmi-təhlili potensial isə öz növbəsində,
Azərbaycan Respublikası Prezidentinin sərəncamına
müvafiq olaraq "Azərbaycan - 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyası
hazırlanması istiqamətində mühüm baza rolunda
çıxış əldə etmə imkanı yaradır.
Ensiklopediyada
cəmiyyətdə iqtisadi mədəniyyətin yuksəldilməsi,
iqtisadi təhsilin təkmilləşdirilməsi, bazar
strukturları və infrastrukturları haqqında ensiklopedik məlumatlarla
yanaşı, Azərbaycan elminə dəyərli töhfələr
vermiş görkəmli iqtisadçı alimlər, milli
iqtisadiyyatımızın tarixi inkişafında mühüm
xidmətləri olan sahibkarlar və iş adamları
haqqında məqalələr böyük maraqla oxunur. Yeri gəlmişkən
qeyd edək ki, Azərbaycanda müasir iqtisad elmi məktəbinin
yaradıcılarından biri olan akademik Ziyad Səmədzadə
bu ensiklopediyada haqqında söz açılan
iqtisadçı alimlərin əksəriyyətini şəxsən
tanıyır ki, bu amil də heç şübhəsiz, həmin
görkəmli şəxsiyyətlər barədə məqalələrin
informasiya dolğunluğunun təmin edilməsində
mühüm əhəmiyyəti olmuşdur.
Ensiklopediyanın xarakterik cəhətlərindən danışarkən onu da qeyd etmək lazımdır ki, nəşrdə kontinental iqtisadi fikir tarixləri ilə bağlı yazılar da diqqəti cəlb edir. Bu, bir faktdır ki, Şərqin yaradıcı iqtisadi fikir tarixi daim öncül mövqedə dayanaraq bütövlükdə bəşəri sivilizasiyanın inkişafına mühüm təsir göstərmişdir. Lakin ötən əsrdə böyük bir məkanda sovet sistemi bu fikir tarixinin təbliğ olunmasına məhdudiyyətlər qoymuşdu. Bu baxımdan da dövrün iqtisadi ədəbiyyatlarında Şərqin iqtisadi fikir tarixini əks etdirən materiallar o qədər də geniş əksini tapmırdı. "Böyük İqtisadi Ensiklopediya" bu şərəfli vəzifəni də ləyaqətlə yerinə yetirmişdir. Onun səhifələrində Şərqin iqtisadi təlimlər tarixi, iqtisadi məktəbləri, həmçinin Şərq ölkələrinin özünün iqtisadi tarixi ilə bağlı elmi-ensiklopedik məqalələr yer almış, İslam iqtisadiyyatının görkəmli nümayəndələri və mütəfəkkirləri barədə geniş biblioqrafik yazılar verilmişdir.
"Böyük İqtisadi Ensiklopediya"nın unukallığı bir də onunla bağlıdır ki, bu sanballı nəşr formalaşmış mövcud iqtisadi vəziyyətə istinadən çox düşünülmüş, biçimli bir sxemdə qurulmuşdur. Bu da çox böyük əməktutumlu nəşrdə minlərlə səhifəni özündə birləşdirən nəhəng informasiya təbəqəsinin ümumiləşdirici vahidliyini və bütövlüyünü təmin edir. Yazılara nəzər yetirdikdə, onlarda çoxlu emosiya mövcudluğu nəzərə çarpır. Onu da qeyd edək ki, yaradıcı heyətin gərgin və səriştəli əməyi ilə hər bir istilah və anlayış mümkün qədər ixtisaslı səviyyədə təqdim olunmuşdur.
Çoxsaylı iqtisadi məsələlərə novator yanaşma sistemi ilə seçilən ensiklopediyanın özəlliklərindən danışarkən onu da qeyd etmək lazımdır ki, nəşrdə bir sıra beynəlxalq terminlərin Azərbaycan dilində qarşılığı da verilmişdir. Nəşrdəki 1200-dən çox cədvəl, sxem, qrafik, 1800-dən çox şəkil vizual informasiya mənbəyi olaraq, mətnlərin daha yaxşı mənimsənilməsinə xidmət edir. Özünün canlı dili, adekvat üslubu ilə oxucunu iqtisadi həyatın bütün sferalarında istifadə etmək üçün zəruri informasiya ilə təchiz edir.
Bu ensiklopedik külliyyat elmi-analitik çoxaspektliliyi, metodikliyi, leksik formatı, biblioqrafik və statistik informasiyalılığı, nəfis poliqrafik keyfiyyəti ilə də diqqəti cəlb edir. Yeni iqtisadi təfəkkürə köklənmiş bu irihəcmli nəşrdə müasir iqtisadi biliklərlə bağlı istənilən suala cavab tapmaq mümkündür. Bütün bunlar "Böyük İqtisadi Ensiklopediya"nın uzunömürlü olacağına əminlik yaradır.
Məlumdur ki, Azərbaycanda müasir iqtisadi nəzəriyyənin təcrübə, real həyatla daha sıx uzlaşmaması problematik məsələlərdəndir. Bununla əlaqədar olaraq konkret məqsədlərə xidmət edən iqtisadi biliklərin geniş toplumuna ehtiyac duyulur. Bu mənada "Böyük İqtisadi Ensiklopediya" istifadəçilər üçün çox geniş informasiya mənbəyi, həm də maraqlı müsahib və opponentdir. İnamla deyə bilərik ki, bu nəşr iqtisadi sferada rasional və kompetensiyalı qərarların qəbul edilməsinə kömək göstərəcəkdir.
Onu da qeyd edək ki, bir neçə sətirlik terminlərdən tutmuş iri həcmli məqalələrədək hər bir yazı maraqla oxunur. İlk baxışda adi, quru rəqəmlərdən ibarət olan sxem və cədvəllərdə saysız-hesabsız faktlar, insanı düşündürən proseslər, ölkələrin problemləri, əhalinin yaşayış səviyyəsi, ayrı-ayrı ölkələrdə demoqrafik göstəricilər və s. problemlər elə incəliklə, dolğun müqayisə olunmuşdur ki, bunlar iqtisadçı qədər də tarixçiyə, ədəbiyyatçıya, müəllimə, həkimə, mühəndisə, tələbəyə, bir sözlə, hamıya maraqlıdır. Elə buna görə də böyük əminliklə deyə bilərik ki, akademik Ziyad Səmədzadənin ideya müəllifi və baş redaktor kimi rəhbərliyi ilə çapdan çıxmış "Böyük İqtisadi Ensiklopediya" hamının stolüstü kitabına çevriləcəkdir.
Azərbaycanın ilk iqtisadi bestselleri kimi ensiklopediya kitab aləmində özunəməxsus yer tutacaqdır. Tam məsuliyyətlə bildirmək olar ki, ölkənin və onun hüdudlarından kənarda sayılıb-seçilən iqtisadçı alimlər arasında özünəməxsus yeri və sanbalı olan akademik Ziyad Səmədzadə ağır bir işi öhdəsinə götürmüş və onu layiqincə də yerinə yetirməklə, Azərbaycan elminə, xüsusilə də iqtisad elminə böyük töhfə vermişdir.
Bir məqamı xüsusilə qeyd etmək lazımdır ki, "Böyük İqtisadi Ensiklopediya" zamanla ayaqlaşan iqtisadi külliyyat olmaqla MDB məkanında da milli dildə işıq üzü görmüş bu tipli ilk irihəcmli nəşrdir. Yəqin ki "Böyük İqtisadi Ensiklopediya" ölkədə digər sahəvi ensiklopediyaların yaranmasına da güclü təkan verəcəkdir. Ensiklopediyada Azərbaycanın iqtisadi qüdrətinin və perspektiv inkişafının son dərəcə güclü elmi tərənnümdə verilməsinə istinadən, onun müvafiq hissələrini bir araya gətirərək xarici dillərə çevirmək və ayrıca kitab halında nəşr etdirmək də əhəmiyyətli olacaqdır.
Azərbaycan iqtisad elmi böyük
tarixə malikdir. Bu böyük inkişaf tarixi ərzində milli iqtisad elminin
töhfələri və
uğurları çox
olmuşdur. Bu gün bu uğurlara
"Böyük İqtisadi
Ensiklopediya" da öz sanbalı ilə qatılır.
Hesab edirik ki, ensiklopediya
bəşəri elmin
ən mühüm istiqamətlərindən biri
sayılan iqtisad elminin respublikamızda səmərəli tədrisinə,
onun real həyatla əlaqəsinin möhkəmlənməsinə,
milli iqtisadi təfəkkürün inkişafına
layiqli xidmət göstərəcəkdir. Heç şübhəsiz
ki, artıq geniş elmi-ictimai əks-səda və maraq doğurmuş "Böyük İqtisadi Ensiklopediya" hamının
rəğbətini qazanacaq,
yalnız tələbələrin,
magistrlərin, doktorantların,
müəllim və mütəxəssislərin, sahibkar
və investorların deyil, ümumən kütləvi oxucu auditoriyasının tələbatını
dolğun təmin edəcəkdir.
Bu
çətin və mürəkkəb intellektual əmək tələb
edən nəşrin işıq üzü görməsi
münasibətilə görkəmli akademiki və onunla
çiyin-çiyinə çalışıb
"Böyük İqtisadi Ensiklopediya"nı ərsəyə
gətirən bütün yaradıcı heyəti, Azərbaycanın
elmi ictimaiyyətini təbrik edirik. Böyük alim, akademik
Ziyad Səmədzadəyə yeni elmi axtarışlar və
yaradıcılıq uğurları, həyat sevincləri
arzulayır və ona dərin təşəkkürlərimizi
bildiririk.
Asəf NADİROV,
Akademik
Elşən HACIZADƏ,
iqtisad elmləri doktoru,
professor
Azərbaycan.-2012.-
23 noyabr.- S.7.