«Milli müstəqilliyimizin
yetirməsi» kitabı
TQDK-nın inkişaf mərhələlərindən
bəhs edir
Milli
müstəqillik tariximizdə mühüm yeri olan Tələbə
Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ötən
20 ildə Azərbaycan təhsilinin inkişafına
böyük töhfələr vermişdir. Dövlət
müstəqilliyimizin ilk illərində yaranan TQDK-nın
keçdiyi çətin, eyni zamanda şərəfli yol
"Milli Müstəqilliyimizin yetirməsi" kitabında
geniş və əhatəli şəkildə öz əksini
tapmışdır.
Kitabın
ön səhifələrində ümummilli liderimiz Heydər Əliyevin
və ulu öndərin siyasi kursunun layiqli
davamçısı Prezident İlham Əliyevin ölkəmizdə
ali və orta ixtisas təhsili məktəblərində
aparılan tələbə qəbulunun müasir tələblərə
tam və yüksək səviyyədə cavab verməsini əks
etdirən dəyərli fikirləri yer almışdır.
TQDK-nın
sədri Məleykə Abbaszadənin kitaba yazdığı
"Tələbə Qəbulu üzrə Dövlət
Komissiyası 20 ildə: tələbə qəbulu sisteminin
inkişaf mərhələləri" ön sözündə
qurumun fəaliyyəti xronoloji ardıcıllıqla izah
olunmuşdur. Bildirilmişdir ki, ötən 20 ildə 2 milyon
155 min insan TQDK-nın keçirdiyi imtahanlarda iştirak
etmişdir.
Məleykə
Abbaszadə yazır: "1993-1996-cı illərdə ali məktəblərə
qəbul qaydaları Prezidentin xüsusi fərmanları ilə
təsdiq olunurdu və bu, ölkə
başçısının test üsulunu, təhsil sisteminin
inkişafını dəstəkləməsinə dair cəmiyyətə
sanki bir mesaj idi. Komissiyamız o dövrdə məhz dahi Heydər
Əliyevin siyasi müdrikliyi sayəsində bir təşkilat
kimi formalaşma mərhələsinə qədəm qoydu. O
vaxtdan etibarən Komissiyanın fəaliyyəti bir neçə əsas istiqamət
üzrə, özü də bir-birindən əlaqəsiz
şəkildə deyil, bütöv bir prosesin tərkib hissələri
kimi vəhdətdə formalaşmağa başladı".
Ön
sözdə qeyd olunmuşdur ki, TQDK-nın istifadə etdiyi
bütün tətbiqi proqram təminatı qurumun öz
mütəxəssisləri tərəfindən
hazırlanmışdır. TQDK-nın fəaliyyətinin digər
mühüm istiqamətlərindən biri də respublikada
İKT-nin inkişaf etdirilməsi, aidiyyəti beynəlxalq
qurumlarla əlaqələri yaratmaqdan ibarət olmuşdur.
Kitabda
vurğulanır ki, 1999-2004-cü illərdə Tələbə
Qəbulu üzrə Dövlət Komissiyası yüksək
etimad göstərilmiş və respublikada İKT-nin
inkişaf etdirilməsi işi bu quruma həvalə
edilmişdir. Həmin illərdə Azərbaycan Prezidentinin fərmanı
ilə dövlət qulluğuna işə qəbul, hakim vəzifəsinə
və prokurorluq orqanlarına namizədlərin seçilməsi
işləri də TQDK-ya tapşırılmışdır.
O illərdə Azərbaycan hökumətinin
tapşırığı və BMT-nin İnkişaf
Proqramının qrantı əsasında Tələbə Qəbulu
üzrə Dövlət Komissiyası tərəfindən
qısa zamanda "Seçkilər" Dövlət
Avtomatlaşdırılmış İnformasiya Sistemi
yaradılmışdır. Bu sistem 2000-ci ilin noyabrında Azərbaycan
Respublikasının Milli Məclisinə keçirilmiş
seçkilərdə və sonrakı seçkilərdə
istifadə edilmişdir.
TQDK-nın
inkişaf mərhələlərini,
qarşılaşdığı çətinlikləri, əldə
etdiyi uğurları oxucuya çatdıran M.Abbaszadə, həmçinin
təmsil etdiyi təşkilatın həyata keçirdiyi yerli
və beynəlxalq layihələrdən geniş söz
açmışdır.
"TQDK-nın yaranması: ilk
addımlar", "Təşkilatlanma və texnoloji təminatın
formalaşması", "Qəbul imtahanlarının elmi cəhətdən
əsaslandırılmış məzmununun
formalaşdırılması", "Qəbul prosesinin
bütün mərhələlərinin
avtomatlaşdırılması", "Elmi-texniki, texnoloji təminat
və avtomatlaşdırma istiqamətindəki işlərin
davamı", "Qabaqcıl təcrübənin təbliği",
"TQDK-nın İKT üzrə təcrübəsinin yerli və
beynəlxalq layihələrdə tətbiqi", "Beynəlxalq
əlaqələr və əməkdaşlıq",
"TQDK-nın 1992-2012-ci illərdə müxtəlif istiqamətlər
üzrə keçirdiyi imtahanlar" və s. bölmələrdən
ibarət kitabda ötən 20 ildə görülmüş
işlər rəngli fotoşəkillərin müşayiəti
ilə oxuculara təqdim olunmuşdur.
Ümumilikdə
16 bölmədən ibarət olan bu nəfis tərtibatlı
kitabda ulu öndər Heydər Əliyevin müvafiq fərmanlarının
mətnləri və prezident təqaüdünə layiq
görülmüş tələbələrlə
görüşlərini əks etdirən fotoşəkillər,
həmçinin Prezident İlham Əliyevin TQDK-nın
formalaşması və inkişafı ilə bağlı
imzaladığı fərman və sərəncamlar yer
almışdır. Eyni zamanda, nəşrdə TQDK tərəfindən
keçirilmiş yerli və beynəlxalq tədbirlər əksini
tapmışdır.
Kitabda
TQDK-nın iş prinsipi, strukturu, müasir texnologiyaların tətbiqi
istiqamətində gördüyü işlərlə bərabər,
qurumun yaradılmasının 20 illiyi münasibətilə
tanınmış ictimai-siyasi xadimlərin, elm
adamlarının təbrikləri, məktubları, rəyləri
də verilmişdir.
Oxucular
bu nəşr vasitəsilə, həmçinin imtahanlarda
açıq tipli test tapşırıqlarından istifadə,
rezidenturaya qəbul məsələləri, regional bölmələrin
yaradılması və fəaliyyəti, imtahanların
keçirilmə coğrafiyasının genişlənməsi,
TQDK-nın beynəlxalq əlaqələri, elmi-metodiki nəşrləri
və digər çoxsaylı tədbirləri barədə
geniş və əhatəli informasiyalar əldə edə biləcəklər.
AzərTAc
Azərbaycan.-2012.- 23 noyabr.- S.7.