«YARAT!» Müasir
İncəsənət Məkanının «YAY!»
qalereyasında gənc
rəssam Ramal Kazımovun fərdi sərgisi Bakının mədəniyyət
həyatının mərkəzi mövzularından birinə
çevriləcəkdir
"YARAT!" Müasir İncəsənət Məkanının "YAY!" qalereyasında noyabrın 30-da təşkil olunacaq gənc rəssam Ramal Kazımovun fərdi sərgisi, şübhəsiz, Bakının mədəniyyət həyatının mərkəzi mövzularından birinə çevriləcəkdir.
"YARAT!" qeyri-kommersiya təşkilatından AzərTAc-a bildirmişlər ki, Azərbaycan Dövlət İncəsənət Akademiyasının məzunu olan Ramal Kazımov qadağan edilmiş məsələləri qəbul etmir. Ramalın bitkin və müəyyən qədər tutqun üslubu ekspressionist rəssamların obrazlarının yaratdığı təəssürat nəticəsində formalaşmışdır. Onun yaratdığı əsərlərdə Frensis Bekon ilə Munkun reallıqla çarpışması təsvir olunmuşdur. Son nöqtəyə qədər həyat savaşı aparan və sözün əsl mənasında, öz döş qəfəslərini yortan personajlar tamaşaçıları çaşdırırlar. Onlar tikanlar və şüşə qırıntıları aləmində güzəranlarını keçirirlər və özlərinə bənzər personajlar izdihamını yarıb keçməklə qəm, ehtiras və haraydan korlanmış simaları ilə və sanki ifrat əsəb gərginliyi keçirərək qıc olmuş vücudları ilə nur aləminə yol açırlar. Onların açıq-aşkar çılpaqlığı bilərəkdən gözləri oxşayan məlahətdən məhrum olunmuşdur və tamaşaçıları utanmaq hissi keçirməyə vadar edir. Bəzi personajlar "qorxu", "xəcalət" və "həyəcan" məfhumlarının vizual əksinə bənzəyirlər.
Rəssamın yaratdığı əsərlərdə izhar olunan təhrikçilik qatı humanizm tərəfdarı sayılan və ədalətsizliyin bütün əlamətlərini pisləyən Ramal Kazımovun xasiyyəti ilə uyğunsuzluq təşkil edir. Fəqət, məhz xasiyyət yumşaqlığı və ziyalılığı hesabına "Abstinensiya", və "Diqqətdən kənar" kimi mənalı adlandırılmış əsərlərin müəllifi cəmiyyətin bütün ağrılı nöqtələrini tam hiss edə bilir.
Sərginin mərkəzində bir-birinə sarmaşan altı vücuddan ibarət heykəl kompozisiyası yerləşir. "Təbəqələşmə" adlı əsər getdikcə uğurlu və uğursuzlara, həssas və özündən əmin olanlara, tanınan və səfillərə bölünən cəmiyyətin mərsiyəsidir. Əsərin əsasını insan kütləsini müxtəlif qruplara və təbəqələrə bölməyə imkan yaradan saysız-hesabsız prinsiplər təşkil edir. Fərdi təcrübəyə və dəyərlər sisteminə əsaslanaraq, bütün insanlar öz mövcudluqlarının sərhədini müəyyənləşdirirlər.
1987-ci ildə Gəncə şəhərində anadan olmuş və 2004-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirmiş Ramal Kazımovun artıq yetkin və eyni zamanda, müəyyən dərəcədə tünd rənglərə üstünlük verən üslubu peşəkar tənqidçilər tərəfindən yüksək qiymətləndirilmişdir.
Peşəkar
rəssam kimi fəaliyyətə başlamasından az müddət
keçməsinə baxmayaraq, Ramal Kazımov indiyədək
bir sıra nüfuzlu sərgilərdə
iştirak etmişdir. Bunlar arasında 2006-cı ildə Şimali Kiprin Yakın Doğu
Universitetində keçirilən, 2007-ci ildə İsrail Dövlətinin
qurulmasının 60-cı ildönümünə həsr
olunan, 2011-ci ildə "Almaniya
Azərbaycan rəssamlarının gözü ilə", elə
həmin ildə "YARAT!"
Müasir İncəsənət Məkanı tərəfindən
təşkil olunan "Ön söz" və nəhayət,
bu il yenə də "YARAT!"ın təşkil etdiyi "Birləşən
körpülər" adlı sərgilər xüsusi yer
tutur.
Azərbaycan.-2012.- 23 noyabr.- S.7.