Azərbaycan ilə Çin arasında əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılmışdır

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-Zadə noyabrın 23-də Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasında iştirak edən Çin Kommunist Partiyasının Mərkəzi Komitəsi Katibliyinin katibi, Çin Xalq Siyasi Məsləhət Şurasının Ümumçin Komitəsinin sədr müavini Du Qinglinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Baş nazir İCAPP-nin VII Baş Assambleyasının Bakıda keçirilməsinin əhəmiyyətini qeyd etmiş, Azərbaycan-Çin münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulamışdır. Ölkələrimiz arasında istər siyasi, istərsə də iqtisadi baxımdan münasibətlərin inkişaf etdiyini deyən Baş nazir Azərbaycan-Çin Hökumətlərarası Birgə İqtisadi Komissiyasının işini yüksək dəyərləndirmiş, yeni layihələrdə birgə iştirakın önəmini diqqətə çatdırmışdır.

Baş nazir Artur Rasi-Zadə 20 ildən bəri davam edən Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin həll edilməməsinin bölgənin inkişafına mane olduğunu demişdir. Münaqişənin nizamlanmasında Azərbaycan rəhbərliyinin mövqeyi, Ermənistan tərəfinin qeyri-konstruktivliyi haqqında qonaqlara məlumat verən Baş nazir ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsində dəyişməz mövqeyinə görə ÇXR rəhbərliyinə minnətdarlığını bildirmişdir.

Du Qingli səmimi qəbul üçün təşəkkür etmiş, Çin ilə Azərbaycanı ənənəvi tarixi dostluq münasibətlərinin birləşdirdiyini vurğulamışdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılmışdır.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 24 noyabr.- S.1.