Asiya Siyasi
Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasının Bakıda
keçirilməsi Azərbaycanın siyasi həyatında
önəmli hadisədir
Azərbaycan
Respublikasının Baş naziri Artur Rasi-Zadə noyabrın
23-də Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının
(İCAPP) VII Baş Assambleyasında iştirak edən
nümayəndələrin bir qrupu ilə
görüşmüşdür.
Baş
nazir İCAPP-nin VII Baş Assambleyasının Bakıda
keçirilməsini Azərbaycanın siyasi həyatında
önəmli hadisə adlandırmışdır. İştirakçıların
bu mühüm tədbir vasitəsilə həm də
respublikamızla tanışolma fürsətlərini dəyərləndirən
Baş nazir bundan sonrakı qərarların qəbul
olunması prosesində daha çox obyektivlik nümayiş
olunacağına əminlik ifadə etmişdir.
Azərbaycanın
bugünkü iqtisadi həyatı barədə məlumat verən
Artur Rasi-Zadə bütün uğurların əldə
olunmasında Prezident İlham Əliyevin uzaqgörən siyasətinin,
həmçinin onun rəhbərlik etdiyi Yeni Azərbaycan
Partiyasının rolunun danılmaz olduğunu bir daha
xatırlatmışdır.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi barədə məlumat
verən Artur Rasi-Zadə söyləmişdir ki, bu problem
yalnız beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində
həll edilməlidir.
İCAPP-nin
təsisçisi, qurumun icraçı sədri və Daimi
Komitəsinin həmsədri, Filippin parlamentinin keçmiş
sədri Xose de Venesia VII Baş Assambleyanın əhəmiyyətini
vurğulayaraq yüksək səviyyəli təşkilatçılıq
üçün ölkə rəhbərliyinə təşəkkürünü
bildirmişdir. O bu konfransı Asiya siyasi partiyalarının
görüşlərinin tarixində baş verən əhəmiyyətli
tədbir kimi qiymətləndirmişdir. Xose de Venesia Azərbaycan
Prezidenti İlham Əliyevin rəhbərliyi ilə
böyük nailiyyətlər əldə etdiyini
vurğulamış, bunun ən bariz göstəricisi kimi əhalinin
rifah səviyyəsinin artması və yoxsulluğun minimuma
endirilməsi faktını diqqətə
çatdırmışdır.
Görüşdə
qarşılıqlı maraq doğuran məsələlər
barədə fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.-2012.- 24 noyabr.- S.1.