Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir

 

Daha bir beynəlxalq təşkilat - Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (ICAPP) Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləmişdir.

AzərTAc xəbər verir ki, Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə ICAPP-ın ölkəmizdə keçirilmiş VII Baş Assambleyasında Bakı Bəyannaməsi qəbul edilmişdir. Bəyannamədə Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənir. Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyü vurğulanır.

Bakı Bəyannaməsində deyilir: "Biz, Cənubi Qafqaz regionunda ədaləti, qanunun aliliyini, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri dəstəkləyirik. Bildiririk ki, Azərbaycanın ərazi bütövlüyü pozulmazdır. Biz Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin regionda sülhün, barışığın və təhlükəsizliyin təmin edilməsi, ölkədə demokratik strukturların gücləndirilməsi ilə bağlı mövqeyini yüksək qiymətləndiririk".

Assambleyanın iştirakçıları, həmçinin Azərbaycan hökumətinə və xalqına, xüsusilə də Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə səmimi qonaqpərvərliyə və ICAPP-ın VII Baş Assambleyasının yüksək səviyyədə təşkilinə görə dərin minnətdarlıqlarını bildirmişlər.

 

 

Azərbaycan.-2012.- 24 noyabr.- S.1.