Bakı şəhəri Xəzər rayonunun Pirallahı qəsəbəsinin sosial-iqtisadi inkişafına
dair tədbirlər haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1.
Bakı şəhərinin sosial-iqtisadi inkişafı ilə
bağlı, 16 min nəfər əhalisi olan Pirallahı qəsəbəsini
sahillə birləşdirən avtomobil yolunun dəniz suyu ilə
yuyulmasının qarşısının alınması, yolətrafı
zonalarda ekoloji vəziyyətin
yaxşılaşdırılması üçün avtomobil
körpüsünün tikintisi və yol boyunca sahilbərkitmə
işlərinin aparılması məqsədi ilə Azərbaycan
Respublikasının 2012-ci il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Nəqliyyat
Nazirliyinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın
1-ci hissəsində nəzərdə tutulan məbləğdə
maliyyələşməni müəyyən olunmuş qaydada
təmin etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 23 noyabr
2012-ci il
Azərbaycan.-2012.- 24 noyabr.- S.1.