Bakıda keçirilən Asiya
Siyasi Partiyaları Beynəlxalq
Konfransının VII
Baş Assambleyası başa çatmışdır
Baş Assambleyanın plenar
iclaslarının sonunda Bakı Bəyannaməsi qəbul
olunmuşdur
Asiya Siyasi Partiyaları Beynəlxalq
Konfransının (ICAPP) VII Baş Assambleyası noyabrın
23-də işini başa çatdırmışdır.
ICAPP-ın
VII Baş Assambleyası ikinci iş günündə işini
dördüncü, beşinci və altıncı plenar
iclaslarda davam etdirmişdir.
Dördüncü
plenar iclasa Livan Baş nazirinin müşaviri, Gələcək
Hərəkat Partiyasından olan Fadi Favaz sədrlik
etmişdir.
İclasda çıxış edən Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə əsas mövzulardan birinin təhlükəsizliklə bağlı olduğunu deyərək Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti ilə xalqımızın heç vaxt barışmayacağını bildirmişdir. Dünya birliyi təcavüzkar dövlətə təzyiqləri artırmalı, beynəlxalq qurumlar, xüsusən də BMT Təhlükəsizlik Şurası Azərbaycanın torpaqlarının azad edilməsi barədə qərar və qətnamələrinin yerinə yetirilməsi üçün təsirli tədbirlər görməlidir.
Tailandın Peu Tai Partiyasından xanım Nalini Tavesin Bakıya səfərindən məmnunluğunu bildirərək qanunun aliliyinin sosial, siyasi sabitlik üçün vacib amil olduğunu demişdir. Tailandlı siyasətçi xanım demokratik cəmiyyət quruculuğu prosesində qadınların fəallığının artırılmasının vacibliyindən danışmışdır.
Azərbaycan
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə
Şərqdə ilk demokratik respublikanın qurulduğu Azərbaycanın
üzləşdiyi Dağlıq Qarabağ münaqişəsindən,
Xocalı faciəsindən danışmış, bu
soyqırımının tanınması istiqamətində fəaliyyətin
davam etdirildiyini diqqətə
çatdırmışdır.
Banqladeşin
sabiq hüquq, ədalət və məskunlaşdırma
naziri, Ayami Liqanın Mərkəzi Komitəsinin hüquqi
işləri üzrə katibi Abdul Matin Xasru bildirmişdir ki,
tədbirin əsas mövzusu olan sülh, sabitlik və
dayanıqlı inkişaf, səhiyyə, su
çatışmazlığı, təhsil və digər məsələlər
Asiya regionu üçün aktual problemlərdir. Bu məsələlər
isə yalnız gərgin əməkdaşlıq nəticəsində
həll edilə bilər.
YAP
icra katibinin müavini Mübariz Qurbanlı isə demişdir
ki, əsas məqsəd Asiyada sülhə və əməkdaşlığa
nail olmaqdır. "Azərbaycan müstəqilliyini bərpa
edəndən bəri demokratik dövlət quruculuğu yolunu
tutmuşdur", - deyən Mübariz Qurbanlı bildirmişdir
ki, Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı hakimiyyətlə müxalifət
arasında heç bir fikir ayrılığı yoxdur və
Ermənistan Azərbaycanın ərazi bütövlüyü
ilə bağlı qəbul edilən bütün beynəlxalq
qərarları yerinə yetirməlidir.
Ədalət
Partiyasının sədri İlyas İsmayılov da
çıxışında ermənilərin tarixi Azərbaycan
torpaqlarında dövlət yaradaraq öz müqəddəratlarını
təyin etdiklərini bildirmişdir. Natiq demişdir ki, bununla
kifayətlənməyən ermənilər Azərbaycanın
yeni ərazilərinə göz dikmişlər.
İşğalçılıq Ermənistanın dövlət
siyasətinə çevrilmişdir. Ancaq Azərbaycan öz ərazilərinin
işğalı faktı ilə heç vaxt
barışmayacaqdır.
Milli
Məclisin deputatı Sevinc Fətəliyeva
çıxışında bildirmişdir ki, Azərbaycanın
əsas məqsədi regionda dayanıqlı sülhə nail
olmaqdır və ölkəmiz bununla bağlı mühüm
siyasət yürüdür. Azərbaycan müstəqilliyini bərpa
edəndən sonra siyasi, iqtisadi, sosial sahələrdə
böyük inkişaf yolu keçmişdir. Ölkəmiz
qonşu dövlətlərlə mehriban münasibətlər
qurmuşdur. Lakin Ermənistan ilə müharibə şəraitindəyik.
Bir milyondan artıq soydaşımız qaçqın və məcburi
köçkün vəziyyətindədir. Münaqişə
tezliklə həll olunmalıdır ki, bu insanların
hüquqları bərpa edilsin. S.Fətəliyeva bölgədə
əməkdaşlığın qurulmasında
qadınların rolunun artırılmasının əhəmiyyətindən
də danışmışdır.
İraqdakı
İslami qrupun liderlik şurasının üzvü Dara Məhəmməd
Saed tədbirin yüksək səviyyədə təşkilinə
və qonaqpərvərliyə görə Azərbaycan
hökumətinə təşəkkür etmişdir. Qonaq
Asiyanın gələcəyinin sabitlik və əməkdaşlıqdan
asılı olduğunu bildirmişdir.
Türkiyənin
Ədalət və İnkişaf Partiyasından parlament
deputatı Ərcan Candan da çıxışında
qondarma "erməni soyqırımı"na etiraz etmiş,
müasir Ermənistanda dövlət səviyyəsində
türklərə qarşı aparılan nifrət siyasətinin
yolverilməz olduğunu diqqətə
çatdırmışdır.
Malayziya
İslam Partiyasının baş katibi Mustafa Əli
demişdir ki, dünyada sülh və əmin-amanlığa
nail olmaq üçün mövcud münaqişələrə
son qoyulmalı, insan hüquqlarının pozulmasının
qarşısı alınmalı, iqtisadi böhran, yoxsulluq və
aclıqla mübarizə gücləndirilməlidir.
Ana Vətən
Partiyasının sədr müavini Elçin Ağamalı Azərbaycanda
aparılan uğurlu sosial islahatlar barədə məlumat
vermiş, ölkəmizdə bütün siyasi partiyalara bərabər
hüquqların yaradıldığını bildirmişdir.
Sonra
konfransın beşinci plenar iclası keçirilmişdir.
"Yedinaya
Rossiya" Partiyasının Rəyasət Heyətinin və
Federasiya Şurasının üzvü Andrey Klimovun sədrlik
etdiyi iclasda qadın siyasətçilərin
toplantısında müzakirə olunan məsələlərlə
bağlı Milli Məclisin deputatı Məlahət
İbrahimqızı məlumat vermişdir.
YAP Gənclər
Birliyinin sədr müavini Ramin Məmmədov isə siyasi
partiyalarda təmsil olunan gənclərin iştirakı ilə
keçirilən bölmə iclasında müzakirə edilən
məsələlər barədə
danışmışdır.
Azərbaycan
Liberal Partiyasının sədri Əvəz Temirxan Asiyada Təhlükəsizlik
və Əməkdaşlıq Təşkilatının
yaradılması təklifi ilə çıxış
etmişdir.
Filippin
parlamentinin Nümayəndələr Palatasının
üzvü Rufus Bautista Rodrigez çıxışında
ölkəsində siyasi partiyalar arasında münasibətlərdən
danışmışdır.
Hindistanın
Bharatiya Janata Partiyasının üzvü Vinay Şaşrabudde
bildirmişdir ki, regional əməkdaşlıqda səmərəli
nəticənin əldə olunması üçün
qarşılıqlı etimad mühitinin yaradılması
vacib şərtdir.
Maldivin
Cumhore Partiyasının Mərkəzi Şurasının
üzvü Məhəmməd İmtiyaz belə mötəbər
tədbirin Bakıda keçirilməsinə görə Yeni Azərbaycan
Partiyasına təşəkkür etmişdir. Qonaq
demişdir ki, bu tədbir təcrübələrimizin
bölüşdürülməsi, partiyalarımız
arasında siyasi dialoqun inkişaf etdirilməsi
baxımından çox əhəmiyyətlidir.
Böyük
İndoneziya Hərəkatı Partiyasının müdafiə
şurasının sədri xanım Harris İndra Məhəmməd
isə qeyd etmişdir ki, mədəniyyətlərarası
dialoq ölkələrarası əməkdaşlığa,
sülhün və təhlükəsizliyin bərqərar
olmasına mühüm töhfə verə bilər. Azərbaycan
humanitar əməkdaşlığın genişləndirilməsi
işinə mühüm töhfələr vermişdir.
Hindistan
parlamentinin deputatı Barun Mukerci Asiyanın mədəni, dini
və etnik müxtəliflik baxımından çox rəngarəng
olduğunu deyərək bu tədbirin mövcud problemlərin
həllinə töhfə verəcəyini diqqətə
çatdırmışdır.
ICAPP
VII Baş Assambleyasının altıncı plenar iclasına
Tailandın Peu Tai Partiyasından xanım Nalini Tavesin sədrlik
etmişdir.
"Yedinaya
Rossiya" Partiyasının Rəyasət Heyətinin və
Federasiya Şurasının üzvü Andrey Klimov iclasda
çıxış edərək VII Baş Assambleyanın
uğurla keçdiyini bildirmişdir. Rusiyalı siyasətçi
demişdir ki, Bakı görüşü təkcə Asiya
qitəsində deyil, ümumilikdə bütün
dünyanı narahat edən problemləri müzakirə etmək
baxımından böyük əhəmiyyətə malikdir.
Nepalın
Madhesi Xalq Hüquqları Forumunun sədri Upendra Yadav Asiya
regionunda terrorizmin və münaqişələrin sülhə
və sabitliyə əsas təhdid olduğunu bildirmişdir.
Qonaq demişdir ki, təhlükəsizlikdən
danışırıqsa terrorizmə qarşı birgə
mübarizə aparmalı, demokratiya ruhunu geniş təbliğ
etməliyik. Hər bir şəxs, hər bir partiya bu prosesə
öz töhfəsini verməlidir. Nüvə silahının
yayılmasının qarşısını almaqla biz Asiyada
sülh və sabitliyi yarada bilərik.
Livan
Baş nazirinin müşaviri Fadi Favaz
çıxışında "Ərəb
baharı"nın ərəb dünyasına təsirindən
danışmış, belə mötəbər tədbirin
yüksək səviyyədə təşkilinə görə
Azərbaycana minnətdarlığını bildirmişdir. O,
Bakının gözəlliyinə heyran
qaldığını demişdir.
Şri-Lanka
Xalq Azadlığı Cəbhəsinin lideri Amarasinqe Somavansa
Bakı kimi tarixi şəhərdə ICAPP-ın VII Baş
Assambleyasının keçirilməsini mühüm hadisə
kimi qiymətləndirmişdir. Çıxışını
qlobal təhlükəsizlik və sülh üzərində
quran natiq bildirmişdir ki, müəyyən güclər
dünyanı, eləcə də Asiya regionunu təsir dairələrində
saxlamaq üçün əsassız bəhanələrlə
müdaxilələr edirlər.
Maldivin
Dhivehi Rayyithunge Partiyasının Şaviyani Atoll
Şurasının sədri Musa Fathuhee Adam bildirmişdir ki,
kiçik ölkə olan Maldivdə təhlükəsizliyin,
sabitliyin təmin olunması üçün uzun yol qət
edilmişdir. Çoxpartiyalı demokratik idarəçilik
uzun mübarizə nəticəsində mümkün
olmuşdur.
Laos
Xalq İnqilab Partiyasının xarici əlaqələr komitəsi
sədrinin müavini Thonqsavanh Phomvihane bildirmişdir ki, Asiyada
sabitlik və inkişaf üçün ən mühüm
amil qarşılıqlı hörmətə və əməkdaşlığa
əsaslanan münasibətlərimizin qurulmasıdır. Son
illərdə Asiya ölkələrinin sürətli
inkişafı da bunu əyani şəkildə göstərmişdir
ki, bu bölgə dinamik tərəqqi, sabitlik və əmin-amanlıq
regionuna çevrilə bilər.
Monqolustan
Xalq Partiyasının üzvü Buren-Erdene Xuldorj tədbirin
yüksək səviyyədə təşkilinə görə
Yeni Azərbaycan Partiyasına minnətdarlıq etmişdir.
Qonaq demişdir ki, ICAPP VII Baş Assambleyası təhlükəsizlik,
sülh və davamlı inkişaf məsələlərini
müzakirə edir ki, bu da nəinki Asiya, bütün dünya
üçün olduqca mühüm əhəmiyyət
daşıyır. Sonuncu dünya iqtisadi böhranında Asiya
ölkələrinin dayanıqlılıq nümayiş etdirməsi
bu regionun təcrübəsinin öyrənilməsinin zəruriliyini
ortaya qoymuşdur. Hazırda Monqolustan sabitliyin, sülh və təhlükəsizliyin
regionda inkişaf etdirilməsinə ciddi səylər göstərir.
Fasilədən
sonra ICAPP VII Baş Assambleyasına yekun vuran Yeni Azərbaycan
Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov
tədbirin uğurla keçdiyini bildirmişdir. Qeyd
edilmişdir ki, Baş Assambleya müasir dünyamızı
narahat edən problemlərin həllinə mühüm töhfə
verəcəkdir. "VII Baş Assambleya partiyalararası
dialoqun da inkişafına yardım edəcəkdir", - deyən
Əli Əhmədov qarşıda böyük vəzifələrin
durduğunu, müzakirələrin gedişində səslənən
fikirlərin bütövlükdə təşkilatın fəaliyyətinə
stimul verdiyini bildirmişdir.
Baş
Assambleyanın işi barədə məlumat verən Milli Məclisin
deputatı Asəf Hacıyev iki gün ərzində tədbirdə
30-a yaxın ölkənin 55-dən çox siyasi
partiyasını təmsil edən 220 nümayəndənin
iştirak etdiyini, 84 məruzənin dinlənildiyini
vurğulamışdır.
Asiya
Siyasi Partiyaları Beynəlxalq Konfransının xüsusi məruzəçisi
Maşhid Hüseyn Seyid və təşkilatın baş katibi
və Daimi Komitəsinin həmsədri Çanq Eui-Yonq
Assambleyanın yüksək səviyyədə
keçirildiyini diqqətə çatdıraraq bir daha Azərbaycan
hökumətinə və Yeni Azərbaycan Partiyasına minnətdarlıqlarını
bildirmişlər.
Asiya
Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş
Assambleyası Bakı Bəyannaməsinin qəbul olunması
ilə öz işini başa çatdırmışdır.
AzərTAc
Azərbaycan.-2012.- 24 noyabr.- S.2.