«Yedinaya Rossiya» Partiyası Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır

 

İCAP-ın VII Baş Assambleyasında iştirak etmək üçün Bakıda səfərdə olan Rusiyanın "Yedinaya Rossiya" Partiyasının rəyasət heyətinin üzvü Andrey Klimov noyabrın 23-də Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - icra katibi, Milli Məclisin deputatı Əli Əhmədovla görüşmüşdür.

AzərTAc xəbər verir ki, Əli Əhmədov YAP ilə "Yedinaya Rossiya" Partiyası arasında əlaqələrin inkişaf etdiyini bildirmişdir. O demişdir ki, hər iki ölkənin hakim partiyaları arasında əməkdaşlıq beynəlxalq səviyyədə də inkişaf edir. Düşünürük ki, partiyalarımızın gənclər təşkilatları arasında da əlaqələr genişlənməli və inkişaf etməlidir. Partiyalarımız, xüsusən də partiyaların gənclər təşkilatları arasında əməkdaşlığın genişlənməsi xalqlarımız arasındakı dostluq münasibətlərinin inkişafına töhfə verəcəkdir.

Andrey Klimov İCAPP-ın VII Baş Assambleyasının Bakıda yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirmişdir. Assambleyanın işində iştirakdan məmnunluğunu ifadə edən qonaq Azərbaycanın sürətli inkişafından, xüsusən də Bakının daha da gözəlləşməsindən razılıqla danışmışdır. O demişdir ki, "Yedinaya Rossiya" Partiyası hakim Yeni Azərbaycan Partiyası ilə əlaqələrin təkcə ikitərəfli formatda deyil, beynəlxalq təşkilatlar çərçivəsində də inkişafında maraqlıdır.

Qonaq YAP-ın nümayəndə heyətini dekabrın 3-də Sankt-Peterburqda Avrasiya ölkələri siyasi partiyalarının əməkdaşlığına dair keçiriləcək konfransa dəvət etmişdir.

Əli Əhmədov dəvəti qəbul etmiş və Azərbaycan nümayəndə heyətinin bu toplantıda iştirak edəcəyini bildirmişdir.

Sonra görüşdə Azərbaycan ilə Rusiya hökumətlərinin, parlamentlər və siyasi partiyalar arasında əlaqələrin inkişaf perspektivlərinə dair müzakirələr aparılmışdır.

 

 

Azərbaycan.-2012.- 24 noyabr.- S.2.