ICAPP-ın VII Baş
Assambleyası çərçivəsində «Asiyada qadınlar: təhlükəsizlik,
sülh və tərəfdaşlıq» mövzusuna həsr
olunmuş bölmə iclası keçirilmişdir
Asiya
Siyasi Partiyalarının Beynəlxalq Konfransının VII
Baş Assambleyasının noyabrın 23-də davam edən plenar
sessiyası çərçivəsində siyasətçi
qadınların bölmə iclası keçirilmişdir.
Milli
Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Siyasi
Şurasının üzvü Məlahət
İbrahimqızının sədrliyi ilə keçən
iclas "Asiyada qadınlar: təhlükəsizlik, sülh və
tərəfdaşlıq" mövzusuna həsr olunmuşdur.
Məlahət
İbrahimqızı iclası açaraq ICAPP-ın əhəmiyyətindən
danışmış, bu təşkilatın tarixində ilk dəfə
qadın mövzusunda sessiyanın keçirildiyini
bildirmişdir.
Dünyada
təhlükəsizlik və sabitlikdə qadınların
rolundan danışan M.İbrahimqızı
vurğulamışdır ki, hərbi əməliyyatlar, terror
aktları və digər zorakılıq hallarında
qadınlar daha çox əziyyət çəkirlər. Milli
Məclisin deputatı Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi nəticəsində çoxlu
sayda azərbaycanlı qadının qətlə yetirildiyini,
girov götürüldüyünü diqqətə
çatdırmışdır. Vurğulanmışdır ki,
BMT qadınların bütün sahələrdə artan
nüfuzunu xüsusilə qeyd edir və bununla bağlı bir
neçə sənəd qəbul olunmuşdur.
Bölmə
iclasında çıxış edənlər Azərbaycanda
olmaqdan və tədbirdə iştirak etməkdən məmnunluqlarını
bildirmişlər. Qeyd olunmuşdur ki, belə tədbirlər
siyasətçi qadınların bir araya gələrək
mühüm məsələləri müzakirə etməsi
baxımından böyük əhəmiyyətə malikdir.
Asiyanın
dünyada artan strateji əhəmiyyətindən
danışan qadın siyasətçilər demişlər
ki, uzunmüddətli inkişafa nail olmaq üçün
sabitlik mühüm şərtdir və bu məsələdə
qadınlar müstəsna xidmətlərə malikdirlər.
Tədbirdə
qadınların ailədə, cəmiyyətdə və
iş yerindəki artan rolundan da
danışılmışdır.
ICAPP-ın
da bu istiqamətdə müəyyən addımlar atması,
dünyada sülhün, təhlükəsizliyin və əməkdaşlığın
genişlənməsində qadınların rolunu
artırması təqdirəlayiq hal kimi qiymətləndirilmişdir.
AzərTAc
Azərbaycan.-2012.- 24 noyabr.- S.2.