Türkiyənin Kocaeli
şəhərində Azərbaycan Mədəniyyət evi açılmışdır
Türkiyənin Kocaeli vilayətində Azərbaycan Mədəniyyət evinin açılış mərasimi keçirilmişdir. Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Türkiyə Baş nazirinin müşaviri Sadəttin Kılıç, Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları, digər rəsmi şəxslər və diaspor nümayəndələri mərasimdə iştirak etmişlər.
İki il əvvəl Qartəpə rayonunda istifadəyə verilmiş Heydər Əliyev Parkında keçirilmiş mərasimdə çıxış edən Əli Həsənov bildirmişdir ki, son illər dünyada hökm sürən iqtisadi böhrana baxmayaraq, Avrasiyanın ən sürətlə inkişaf edən ölkələri olan qardaş Azərbaycan və Türkiyə iqtisadi artım tempini davam etdirmiş və onların iqtisadi modeli dünyaya nümunə ola bilər. Türkiyə və Azərbaycanın qardaşlıq rəmzi yalnız parklar deyil, xalqlarımızın gücünün, iqtisadi qüdrətimizin və mədəniyyətinin vəhdətidir. Bu həmrəylik və qardaşlıq siyasəti qlobal dünyada ölkələrimizin nüfuzunu daha da artırır. Azərbaycan Prezidenti İlham Əliyevin Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının Türkiyə ərazisindən dünyaya çatdırılması və Qərb ilə Şərqi birləşdirəcək Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin həyata keçirilməsi istiqamətində göstərdiyi səylər qardaş ölkə üçün böyük imkanlar yaradır. Azərbaycanda və Türkiyədə gələcək nəsillər də bu siyasətin bəhrəsini görəcəklər.
Prezident Administrasiyasının şöbə müdiri demişdir ki, ölkələrimizin sürətli inkişafı və nüfuzunun artması fonunda Avropada və dünyada ölkələrimizi istəməyən İslamofobiya və antitürk təbliğatı aparan bəzi qüvvələr müxtəlif siyasətlər yürüdürlər. Onlar Türkiyə və Azərbaycanı islam aləminin ən çox inkişaf edən ölkələri olaraq gördükləri üçün maneələr yaratmağa çalışırlar. Lakin bizim gücümüz, prezidentlərimizin siyasəti və xalqlarımızın iradəsi qarşısında dura biləcək bir qüvvə yoxdur. Gücümüzü birləşdirərək, əməkdaşlığımızı inkişaf etdirərək xalqlarımızın dünyada mənafelərini müdafiə etməkdə davam edəcəyik. Bizim heç kimin torpaqlarında, sərvətində gözümüz yoxdur. Eyni zamanda, istəyirik ki, torpaqlarımız və sərvətimiz də bizə məxsus olsun və digər ölkələr buna hörmətlə yanaşsınlar.
Sonra
Kocaeli vilayətinin İzmit şəhərində Azərbaycan
Mədəniyyət evinin açılışı
olmuşdur. Türkiyə-Azərbaycan Dərnəkləri
Federasiyasının sədri Bilal Dündar, Qartəpə bələdiyyəsinin
sədri Şükrü Karabalık Azərbaycan nümayəndə
heyətinə təşəkkürünü bildirmiş,
xatirə hədiyyələri təqdim etmişlər.
Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi
müxbiri
Ankara
Azərbaycan.-2012.- 24 noyabr.- S.3.