Azərbaycanda İspaniya
səfirliyinin açılması qarşılıqlı iqtisadi əməkdaşlığın
fəallaşmasına kömək edəcəkdir
Xəbər
verdiyimiz kimi, Azərbaycan Respublikası Baş nazirinin
müavini, Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin sədri Əli Həsənovun rəhbərliyi
ilə nümayəndə heyəti Madriddə rəsmi səfərdədir.
Səfər
çərçivəsində Baş nazirin müavini Əli
Həsənov İspaniya Senatının sədr müavini Xuan
Xose Lukas ilə görüşmüşdür.
Görüşdə
Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev,
Azərbaycan Nazirlər Kabineti Aparatının
qaçqınların, məcburi köçkünlərin
problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla
iş şöbəsinin müdiri Qurban Sadıqov, iqtisadi
inkişaf nazirinin müavini Sevinc Həsənova, Avronest PA-da
Azərbaycan nümayəndə heyətinin rəhbəri,
deputat Elxan Süleymanov, Məcburi Köçkünlərin
Sosial İnkişaf Fondunun sədri, deputat Ayaz Orucov, deputatlar
Qüdrət Həsənquliyev, Fazil Mustafa, Fərəc
Quliyev, Zahid Orucov və Ceyhun Osmanlı iştirak etmişlər.
İkitərəfli
münasibətlərin möhkəmlənməsinin vacibliyindən
danışan Əli Həsənov energetika sahəsində əməkdaşlığın
inkişafı məsələlərinə toxunmuşdur. O
demişdir ki, Azərbaycan Respublikası Dövlət Neft
Şirkəti İspaniyada nümayəndəliyini və
törəmə şirkətlərini aça bilər. Azərbaycanda
bir çox Avropa ölkəsindən şirkətlərin
işlədiklərini vurğulayan Baş nazirin müavini
bildirmişdir ki, İspaniya mütəxəssisləri də
Azərbaycanda fəaliyyət göstərə bilərlər.
Buna görə də Azərbaycanda İspaniya səfirliyinin
açılması qarşılıqlı surətdə
faydalı iqtisadi əməkdaşlığın fəallaşmasına
xidmət edəcəkdir.
Xuan
Xose Lukas qonaqları salamlayaraq İspaniya-Azərbaycan
münasibətlərinin inkişafından razılıq ifadə
etmişdir. O demişdir ki, İspaniyanın Azərbaycanda səfirliyinin
açılması üçün siyasi iradə
mövcuddur. Lakin son illər dünya maliyyə böhranı
İspaniya iqtisadiyyatına ziyan vurmuşdur. Senatın sədr
müavini bildirmişdir ki, İspaniya Azərbaycan ilə
bütün sahələrdə əlaqələrin genişlənməsində
maraqlıdır.
Baş
nazirin müavini Əli Həsənov qeyd etmişdir ki, Azərbaycan
İspaniyada baş verən prosesləri maraqla izləyir və
İspaniyanın böhrandan tezliklə
çıxacağına ümid bəsləyir.
* * *
Sonra
Baş nazirin müavini Əli Həsənovun rəhbərlik
etdiyi nümayəndə heyəti İspaniyanın xarici
işlər naziri Xose Manuel Qarsiya Marqalo ilə
görüşmüşdür.
Xarici
işlər naziri qonaqları salamlayaraq ikitərəfli əlaqələrin
bütün sahələrdə inkişaf etdirilməsinin
vacibliyini vurğulamışdır. O, Azərbaycanda diplomatik
nümayəndəliyin tezliklə açılacağına
ümidvar olduğunu bildirmiş və bunun dövlət rəhbərliyinin
siyasi iradəsini əks etdirəcəyini
vurğulamışdır.
Xarici
siyasət idarəsinin başçısı Azərbaycanın
əlverişli geosiyasi vəziyyətini, habelə
İspaniyanın Aralıq dənizi və Atlantik okeana
çıxışı olmasını nəzərə
alaraq qarşılıqlı surətdə faydalı iqtisadi əməkdaşlığın
əhəmiyyətini diqqətə
çatdırmışdır.
İspaniya
hökumətinin Azərbaycan ilə energetika, tikinti, nəqliyyat
sahələrində sıx əməkdaşlıqda
maraqlı olduğunu deyən nazir ümidvar olduğunu
bildirmişdir ki, Azərbaycan 2015-2016-cı illərdə
İspaniyanın BMT Təhlükəsizlik Şurasının
qeyri-daimi üzvlüyünə namizədliyini dəstəkləyəcəkdir.
Əli
Həsənov səmimi qəbula görə təşəkkürünü
bildirərək demişdir ki, Azərbaycan İspaniya ilə əlaqələrin
inkişafında maraqlıdır və bunun üçün
böyük imkanlar vardır. Azərbaycanın kiçik
ölkə olmasına baxmayaraq, o, Avropa və dünya ölkələrinin
diqqət mərkəzindədir. Azərbaycan enerji
ehtiyatları və geosiyasi vəziyyəti ilə cəlbedicidir.
Baş nazirin müavini vurğulamışdır ki,
İspaniya ilə əlaqələrin inkişafı
üçün daha bir əhəmiyyətli amil mövcuddur.
Bu, xalqlarımızın və ənənələrimizin
oxşarlığıdır. İqtisadi əməkdaşlığın
inkişaf etdirilməsinin vacibliyindən danışan Ə.Həsənov
qeyd etmişdir ki, Azərbaycan dünya iqtisadiyyatının
müxtəlif sahələrinə sərmayələr qoyan
investor ölkəyə çevrilmişdir. Nə
üçün də Azərbaycan İspaniya
iqtisadiyyatına sərmayə yatırmasın? İspaniya
alternativ energetika, liman tikintisi sahəsində böyük təcrübəyə
malikdir, İspaniya mütəxəssisləri müvafiq layihələrə
cəlb edilə bilərlər.
Görüşdə
parlamentlərarası qrupun fəaliyyətinin bütün sahələrdə
əlaqələrin inkişafına kömək edəcəyinə
əminlik ifadə olunmuşdur.
Görüşün
sonunda xatirə şəkli çəkdirilmişdir.
Nigar HÜSEYNOVA,
AzərTAc-ın xüsusi
müxbiri
Madrid
Azərbaycan.-2012.- 24 noyabr.- S.4.