Bakıda «Biznes
inzibatçılığı və korporativ
sosial məsuliyyət» mövzusunda I Beynəlxalq elmi konfrans
işə başlamışdır
Noyabrın
23-də Azərbaycan Dövlət İqtisad Universitetində
(ADİU) "Biznes inzibatçılığı və
korporativ sosial məsuliyyət" mövzusunda I Beynəlxalq
elmi konfrans işə başlamışdır.
AzərTAc
xəbər verir ki, əvvəlcə konfrans
iştirakçıları Fəxri xiyabana gələrək
xalqımızın ümummilli lideri, müasir müstəqil
Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin
xatirəsini ehtiramla yad etmiş, məzarı önünə
əklil qoymuşlar.
Dünyanın
30-a yaxın ölkəsindən 150 alimin, universitet rektoru,
professor, tədqiqatçı və müəllimin iştirak
etdiyi beynəlxalq konfransın tərəfdaşları Sakarya
və Qazi universitetləri (Türkiyə), Sankt-Peterburq Maliyyə
İqtisad Universiteti (Rusiya), İvan Cavaxişvili adına
Tbilisi Dövlət Universiteti (Gürcüstan), Turan Universiteti
(Qazaxıstan), Minnesota və Hyuston universitetləri (ABŞ),
Leeds Metropolitan Universiteti (Böyük Britaniya), Ottava
Universiteti (Kanada), Bremen Universiteti (Almaniya), Corvinus Universiteti
(Macarıstan), San-Paulo Universiteti (Braziliya) və
başqalarıdır.
Universitetin
Biznes inzibatçılığı kafedrasının təşkilatçılığı
ilə keçirilən tədbirdə ADİU-nun rektoru, Milli
Məclisin Elm və təhsil komitəsinin sədri, professor
Şəmsəddin Hacıyev bildirmişdir ki, bu konfrans Azərbaycanda, eləcə də
Qafqaz regionunda ilk dəfədir ki,
keçirilir. Konfransın məqsədi dünyada biznes
inzibatçılığı və korporativ sosial məsuliyyət
sahəsində tədqiqat aparan alim və mütəxəssisləri,
həmçinin iqtisadçı ekspertləri bir araya gətirərək
bu sahələrdəki yenilikləri müzakirə etmək, təkmilləşdirmək
üçün metodoloji dəstək təmin etmək və
bu mövzuda müasir problemlərin həlli yolları istiqamətində
tövsiyələr verməkdir. Konfransın əsas
mövzusu da qloballaşan dünyada biznes
inzibatçılığı və korporativ sosial məsuliyyət
sahəsindəki yeniliklər və müasir problemlərdir.
Dosent
Xankişi Xankişiyev demişdir ki, ADİU-da 1992-ci ildə
"Biznes inzibatçılığı" fakültəsi
yaradılmışdır. Fakültə zəngin maddi-texniki,
elmi bazası ilə dünyada, xüsusilə də Azərbaycanda
biznes inzibatçılığı elminin inkişafı və
biznes strukturları üçün
kadrların hazırlanması istiqamətində
müasir standartlara cavab verir.
Digər
çıxış edənlər də tədbirin əhəmiyyətindən
danışmış, konfransın işinə uğurlar
arzulamışlar.
Bölmə
iclaslarında alim və tədqiqatçıların 130-dək
məruzəsi dinləniləcək, müzakirələr
aparılacaqdır.
Konfrans
işini noyabrın 25-də başa çatdıracaqdır.
Azərbaycan.-2012.- 24 noyabr.- S.5.