«İrəvan xanlığı» sənədli televiziya filminin təqdimatı olmuşdur

 

Noyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında "İrəvan xanlığı" sənədli televiziya filminin təqdimatı olmuşdur.

AzərTAc xəbər verir ki, Milli Məclisin deputatlarının, elm xadimlərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri  təqdimat mərasimini giriş sözü ilə açan AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov Prezident İlham Əliyevin tapşırıqlarına və tövsiyələrinə əsasən akademiyanın ən aparıcı elm müəssisələrindən biri olan A.Bakıxanov adına Tarix İnstitutunda  tariximizin təhriflərdən təmizlənməsi ilə bağlı böyük layihə həyata keçirildiyini diqqətə çatdırmışdır. Akademik layihə çərçivəsində  sənəd topluları, məqalələr və kitabların nəşr olunaraq müxtəlif xarici dillərə tərcümə edildiyini bildirmişdir.

A.Həşimov demişdir ki, toplanmış sənədlər əsasında "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətində hazırlanmış "İrəvan xanlığı" filmi də bu layihənin davamıdır.

Sonra Azərbaycan xalqına Bakı, Təbriz, Ərdəbil, Dərbənd qədər əziz və doğma olan İrəvan şəhərinin (xanlığının) tarixindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.

Yaqub Əlioğlunun rejissorluğu ilə ərsəyə gələn filmdə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin arxiv sənədlərindən də istifadə olunmuşdur.

Azərbaycan ordusunun gücünü və qüdrətini əks etdirən kadrlarla başlayan filmdə göstərilir ki, 1747-ci ildə Nadir şah Əfşarın öldürülməsindən sonra onun yaratdığı nəhəng imperiya dağılmağa başlayır və Azərbaycan ərazisində xanlıqlar yaranır. Bu xanlıqlardan biri də İrəvan xanlığı idi. İrəvan xanlığını yaradan, onun əsasını qoyan Mir Mehdi xan Qacar olmuşdur.

Azərbaycanın şimal-qərbində, keçmiş Çuxursəd bəylərbəyliyinin böyük bir hissəsində yaranan İrəvan xanlığının böyük bir ərazini - Ağrı düzənliyi, Dərələyəz və Göyçə gölü arasındakı torpaqları əhatə etdiyi, eləcə də bu ərazidə türkdilli azərbaycanlıların yerli xalq olması sənədlərin dili ilə tamaşaçıya təqdim olunur. Bütün bunların Qafqazın ovaxtkı ali baş komandanı, general Paskeviç rəsmi məlumatlarda, ABŞ-dan olan professor Castin Makkartinin yazılarında, dünyanın müxtəlif ölkələrindəki arxiv sənədlərində qeyd edildiyi diqqətə çatdırılır.

Filmdə İrəvan qalasının rus işğalçılarına qarşı rəşadətli mübarizəsindən də bəhs olunur. Bildirilir ki, İrəvan xanlığının Rusiya tərəfindən 1828-ci ildə işğalı Azərbaycan xalqının taleyində son dərəcə faciəli olaylara yol açan bir hadisədir. Məhz İrəvan və Naxçıvan xanlıqlarının işğalı və onun Türkmənçay müqaviləsində öz əksini tapması 1828-ci il martın 21-də çar I Nikolayın "erməni vilayəti" adlı qurumun yaradılması barədə fərmanı üçün hüquqi əsas olur.

İrəvan xanlığının ərazisində ermənilərin əsas dini mərkəzlərindən biri olan  Eçmiədzin monastırının (Üçkilsə) Azərbaycan xalqına qarşı düşmən mövqe tutmasının və pozuculuq fəaliyyətinin tarixi faktlarla sübutu da filmdə yer almışdır.

Bir sözlə, tarixi Azərbaycan torpaqlarında ermənilərin özlərinə dövlət yaratmalarını, maddi-mədəniyyət və memarlıq abidələrimizi məhv etmələrini, yer adlarımızı dəyişdirmələrini arxiv sənədləri ilə açıb göstərmək filmin əsas qayəsini təşkil edir.

Sonra "İrəvan xanlığı" sənədli televiziya filminin müzakirəsi aparılmışdır.

Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdulla, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə, Milli Məclisin deputatı Çingiz Qənizadə çıxış edərək sovet tarixşünaslığındakı boşluqları doldurmaq baxımından filmi yüksək qiymətləndirmiş və yaradıcı heyəti təbrik etmişlər.

Bildirilmişdir ki, maarifləndirici əhəmiyyətə malik olan film ali təhsil müəssisələrində də nümayiş etdirilməlidir. Filmin müxtəlif dillərə tərcümə olunmasının vacibliyi də bildirilmişdir.

Sonda filmin məsləhətçisi, A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov çıxış edərək Azərbaycan tarixinin saxtalaşdırmalardan və təhriflərdən təmizlənməsi istiqamətində görülən işlərdən danışmışdır.

 

 

Azərbaycan.-2012.- 24 noyabr.- S.6.