Milli mətbuatımızın banisinin 170 illik yubileyi qeyd olunub

 

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin 170 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açıb.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək milli mətbuatımızın banisi, görkəmli ictimai xadim, böyük maarifpərvər, istedadlı publisist, pedaqoq və təbiətşünas alim Həsən bəy Zərdabinin xalqımızın tərəqqisi naminə gördüyü əvəzsiz işlərdən danışıb.

Prezident İlham Əliyevin son illər imzaladığı fərman və sərəncamlarla ölkəmizdə tanınmış ədiblərin yubileylərinə həsr edilmiş silsilə tədbirlərin keçirilməsini yüksək qiymətləndirən nazir bu tarixi sənədlərin böyük əhəmiyyət daşıdığını söyləyib. Diqqətə çatdırılıb ki, xalqımızın mədəni-ictimai fikir tarixinə dəyərli töhfələr vermiş H.Zərdabinin əməyi dövlətimiz tərəfindən həmişə yüksək dəyərləndirilib. Prezidenti İlham Əliyevin "Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında" 2012-ci il 4 iyun tarixli sərəncamı da buna əyani sübutdur.

Tədbirdə Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Jurnalistlər Birliyinin sədri, "Ayna"- "Zerkalo" qəzetlərinin baş redaktoru Elçin Şıxlı, Milli Məclisin deputatı, "Ədalət" qəzetinin təsisçisi Aqil Abbas, BDU-nun jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev milli mətbuatımızın çətin, eyni zamanda, zəngin və şərəfli inkişaf yolu keçməsindən danışıblar.

Çıxışlarda qeyd edilib ki, 1875-ci ildə maarifçi, xeyriyyəçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan "Əkinçi" qəzeti iki ilə yaxın fəaliyyəti dövründə mütərəqqi fikirli ziyalıları ətrafında birləşdirmişdir. Qəzetdə elm, maarif, mədəniyyət, incəsənət və kənd təsərrüfatının inkişafı ilə bağlı məqalələr dərc olunmuş, mövhumat və cəhalətə qarşı kəskin çıxışlar edilmiş, bu mətbu orqan vasitəsilə xalqın mədəni tərəqqisi uğrunda mübarizə aparılmışdır. Maarifçilik xüsusiyyətləri ilə seçilən bu qəzet milli mətbuatın müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, ədəbi dilin zənginləşməsi, hadisələrin obyektiv işıqlandırılması kimi təməl yaradıcılıq prinsiplərini təcəssüm etdirən məktəb səviyyəsinə yüksəlmişdir.

O da vurğulanıb ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə  artıq ölkəmizin bir çox bölgələrində Həsən bəy Zərdabinin 170 illiyi ilə bağlı silsilə tədbirlər keçirilmiş və bu istiqamətdə işlər davam etdirilməkdədir.

Sonda Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış "Həsən bəy Zərdabi-170" adlı elektron məlumat bazası tədbir iştirakçılarına təqdim olunub.

 

 

Azərbaycan.-2012.- 24 noyabr.- S.6.