Görkəmli bəstəkar Fikrət Əmirovun 90 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir

 

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli bəstəkar, Dövlət mükafatı laureatı, xalq artisti Fikrət Əmirovun anadan olmasının 90 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.

Kitabxananın direktoru Kərim Tahirov Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin də iştirak etdikləri tədbiri açaraq bildirmişdir ki, burada görkəmli adamların yubileylərinin keçirilməsi ənənə halını almışdır: "Mən cəsarətlə Fikrət Əmirovu dahi bəstəkar adlandırardım. Çünki o, başqa əsərlər yazmasaydı belə, təkcə "Şur", "Bayatı-şiraz", "Kürd ovşarı" simfonik muğamları ilə özünə ölməzlik, dahilik qazanmışdır.

Fikrət Əmirov Azərbaycan musiqisinin inkişafı və dünyada təbliği istiqamətində böyük işlər görmüşdür. Onun yaradıcılığında millilik çox güclüdür. Xalq musiqisini dərindən bildiyindən bu, bəstəkarın bütün yaradıcılığından qırmızı xətt kimi keçir".

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə vurğulamışdır ki, son zamanlar musiqidə sintez məsələlərindən çox danışılır, təqdir edilir. Amma çox az adam bilir ki, Azərbaycan musiqisində ilk dəfə sintez yaratmaq Fikrət Əmirovun adı ilə bağlıdır. Onun simfonik muğamları musiqimizdə bu yeniliyin bariz nümunələridir.

Natiq diqqətə çatdırmışdır ki, görkəmli bəstəkarın yaradıcılığı çoxşaxəlidir. Demək olar ki, onun müraciət etmədiyi musiqi janrı yoxdur. Hansı janrda yazmasından asılı olmayaraq - istər mahnı, opera, balet, simfoniya və s. yaratdığı əsərlər dahiyanədir. Musiqişünaslar opera janrında "Koroğlu"dan sonra ən yaxşı əsər kimi  "Sevil"i dəyərləndirirlər.

Fikrət Əmirov sənətinin böyüklüyü onun film və tamaşalara yazdığı musiqilərdə də özünü göstərir.

F.Əlizadə demişdir ki, bəstəkar bir insan kimi də hamının hörmətini qazanmışdır. Həmişə gənclərə dəstək olmuşdur. Gənclər onun yaradıcılığından çox şey öyrənmişlər.

Bəstəkarlar İttifaqının məsul katibi, sənətşünaslıq namizədi Lalə Hüseynova demişdir ki, 26-27 yaşlarında "Şur" və "Kürd ovşarı" simfonik muğamlarına görə SSRİ Dövlət mükafatına layiq görülən böyük sənətkarın bədii kəşfləri hələ lazımınca açılmamışdır. Dünyanın korifey bəstəkarları sırasında adıçəkilən Dmitri Şostokoviçin də yaradıcılığına yüksək qiymət verdiyi Fikrət Əmirov hələ gənc yaşlarında ABŞ-a səfər etmiş ilk Azərbaycan bəstəkarı olmuşdur.

Əməkdar incəsənət xadimi, rejissor Arif Qazıyev həyatında və təhsilində qohumu Fikrət Əmirovun daim qayğısını hiss etdiyini vurğulamış, onunla bağlı xatirələrini danışmışdır.

Tədbir çərçivəsində "Fikrət Əmirov-90" elektron məlumat bazasının təqdimatı keçirilmiş, bəstəkarın həyat və yaradıcılığından bəhs edən kitab, jurnal, qəzet materiallarından ibarət sərgi açılmışdır.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 24 noyabr.- S.6.