Almaniyalı rəssamın fərdi sərgisi maraqla qarşılanmışdır

 

Noyabrın 23-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) sərgi salonunda almaniyalı rəssam İnqa Şmidtin "Rəngkarlıq" mövzusunda fərdi sərgisi açılmışdır.

AzərTAc xəbər verir ki, respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin, rəssamların, ADRA-nın professor-tələbə heyətinin iştirak etdikləri sərgi Almaniyanın ölkəmizdəki səfirliyinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının beynəlxalq əlaqələr şöbəsinin və "Qız qalası" Qalereyasının birgə təşkilatçılığı ilə keçirilmişdir.

Tədbirdə ADRA-nın rektoru, xalq rəssamı, akademik Ömər Eldarov, bu ali təhsil ocağının prorektoru, xalq rəssamı Səlhab Məmmədov çıxış edərək sərginin əhəmiyyəti və almaniyalı rəssam İnqa Şmidtin yaradıcılığı, sənətinin mahiyyəti haqqında məlumat vermişlər.

Bildirilmişdir ki, xanım İnqa Şmidt ADRA-nın beynəlxalq əlaqələr şöbəsinin dəvəti ilə bu ali təhsil müəssisəsinin tələbələrinə peşəkar ustad dərsləri keçmək üçün dəvət edilmişdir. Bu, Berlin Rəssamlıq Akademiyasının professoru xanım İnqa Şmidtin Azərbaycana ikinci səfəridir. Onun ustad dərsləri hər dəfə tələbələrimiz tərəfindən maraqla qarşılanır və İ.Şmidt rəssamlıq sənətinin incəliklərini yaradıcı gənclərə ustalıqla başa salmağa çalışır.

 Diqqətə çatdırılmışdır ki, İ.Şmidt rəssamlıq sənətində individualist kimi öz yerini tutmuşdur. Yaradıcılığında özünəməxsus dinamikası olan xanım İnqanın sənətinə tamaşa edərək müasir incəsənətə yiyələnmək olar. Onun əsərlərinə baxarkən insan çox təsirlənir və qəlbində yeni hisslər oyanır. Bu istiqamətdə açılan sərgilərin tələbələrin, yaradıcı gənclərin inkişafına təsiri böyükdür.

Qeyd edilmişdir ki, Avropada və dünyada böyük şöhrət qazanmış İ.Şmidtin səfər çərçivəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında fərdi sərgisinin açılışı da nəzərdə tutulmuşdur. Artıq bu niyyət reallaşmışdır. Bu sərginin açılışı akademiyanın həyatında mühüm hadisədir. Bu gün "Rəngkarlıq" mövzusunda açılmış sərgidə rəssamın müxtəlif mövzularda 22 əsəri nümayiş etdirilir.

Bildirilmişdir ki, xanım İnqa Şmidt Azərbaycanı çox sevir və ölkəmizə vurğunluğunu əsərlərində əsrarəngiz şəkildə tərənnüm etmişdir. Rəssam bu sevginin məntiqi nəticəsi olaraq  "Azərbaycan arzusu", "Xəzər dənizinin şəhəri", "Şərq şəhəri", "Hökumət evi", "Bakıda məscid", "M.Ə.Sabir", "Alov qüllələri", "Qobustan", "Fəvvarələr meydanı" və s. əsərlərində ölkəmizə olan məhəbbətini, Bakının füsunkar gözəlliklərini, tarixi abidələrini, müasir inkişafını  peşəkarcasına təsvir etmişdir.

Tədbirdə çıxış edən İnqa Şmidt ölkəmizdə olmasından məmnunluğunu ifadə etmiş, dəvət üçün Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rəhbərliyinə minnətdarlığını bildirmiş və sərginin açılışı üçün təşəkkür etmişdir.

Almaniyalı qonaq  ADRA ilə Berlin Rəssamlıq Akademiyası arasında əlaqələrin davamlı olmasını arzulamışdır.

Tədbirdə xanım İnqa Şmidtə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının fəxri doktoru diplomu təqdim edilmişdir.

Mərasimdə çıxış edən tələbələr yüksək səviyyəli ustad dərslərinin keçirilməsinə görə professor İ.Şmidtə minnətdarlıqlarını bildirmişlər.

Dünya şöhrətli rəssam İnqa Şmidt Almaniya Leypsik Universitetinin incəsənət tarixi fakültəsini bitirmiş və əlavə iki ali təhsil alaraq magistr dərəcəsinədək yüksəlmişdir. O, bugünədək 500-ə yaxın  beynəlxalq rəsm sərgisində iştirak etmişdir. ABŞ, Meksika, İtaliya, Fransa, Gürcüstan, Polşa və digər ölkələrdə isə görkəmli rəssamın fərdi sərgiləri açılmışdır.

İ.Şmidt yaradıcılığında əsasən  müxtəlif sifətləri, insanların  üz cizgilərini və onun arxasında dayanan həyat tərzini təsvir etməyə çalışır.

Sərgidə nümayiş olunan "Mavi başlar", "Səma və okean", "Ana və dünya", "Yetkinlik yaşına çatmış qız", "Çılpaq qız", "İnsan", "Böyük baş (I, II, III)" və s. əsərləri mərasim iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

 

 

Azərbaycan.-2012.- 24 noyabr.- S.6.