ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev Böyük Britaniyanın Lordlar Palatasında çıxış etmişdir

 

Londonda səfərdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Britaniya Parlamentinin Lordlar Palatasında çıxış etmişdir. Çıxış Lordlar Palatasının "Peer's Dining Room" salonunda olmuşdur.

Qonaqları lord Şeyx və energetika və iqlim dəyişmələri üzrə dövlət katibi Con Hays salamlamışlar. Lord Şeyx bu ilin iyununda  Azərbaycana səfəri və bu yaxınlarda Azərbaycana dair müzakirələr zamanı parlamentin üzvləri qarşısında çıxışı barədə qısa məlumat vermişdir. O, ARDNŞ-ni  regionda enerji sabitliyinin əsası və  Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi siyasətində  mühüm tərəfdaş adlandırmışdır. Con Hays dünya neft-qaz  bazarında son dəyişikliklər və həmin bazarın konyunkturasının dəyişməsində Xəzər regionunun rolu ilə bağlı fikirlərini bölüşmüşdür. Onun sözlərinə görə, Xəzər regionundan Avropaya çəkilmiş və işə salınmış, habelə layihələndirilən boru kəmərlərinin böyük əhəmiyyəti vardır. C.Hays demişdir: "Mən Böyük Britaniyanın Azərbaycan iqtisadiyyatının ən iri investoru olmasından qürur duyuram".

Sonra söz ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevə verilmişdir. R.Abdullayev ARDNŞ-nin regional və qlobal əhəmiyyətli neft-qaz layihələri çərçivəsində gördüyü işlər, əldə etdiyi uğurlar barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Azərbaycanın mühüm neft və qaz ixracçısı kimi dünya iqtisadiyyatındakı mövqeyinə, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı rola toxunan R.Abdullayev ARDNŞ-nin bu istiqamətdə  gördüyü işlərdən, qaz mənbələrinin və qazın nəqlinin şaxələndirilməsi məqsədilə gerçəkləşdirilən layihələrdən, o cümlədən Transanadolu qaz kəmərindən (TANAP) danışmışdır. ARDNŞ prezidentinin çıxışı maraqla qarşılanmışdır.

Sonra Rövnəq Abdullayev  iştirakçıların suallarına cavab vermişdir.

Sonda çıxış edən lord Lizbi gecədə iştirak etdiklərinə görə qonaqlara minnətdarlığını bildirərək xatırlatmışdır ki, Azərbaycan  çox mürəkkəb bir geosiyasi əhatədə siyasi və iqtisadi sabitliyi  qoruyub saxlaya bilmişdir ki, bu da heç şübhəsiz, heyranlıq hissi doğurur.

R.Abdullayevin nitqi böyük maraqla dinlənilmişdir. Qonaqlar arasında Britaniya Parlamentinin üzvləri ilə yanaşı, nüfuzlu siyasətçilər, işgüzar dairələrin, diplomatik korpusun nümayəndələri, Aİ dövlətlərinin aparıcı beyin mərkəzlərinin rəhbərləri olmuşdur.

 

 

 Vüqar SEYİDOV,

AzərTAc-ın xüsusi müxbiri

 

Azərbaycan.-2012.- 24 noyabr.- S.6.