Qəzetimizin əməkdaşı mükafata layiq görüldü
Dünən Dövlət Sosial Müdafiə Fondunda (DSMF) kütləvi informasiya vasitələri üçün "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu: İnkişafın 20 ili" mövzusunda elan edilən müsabiqənin nəticələrinin açıqlanması münasibətilə tədbir keçirildi.
Tədbiri açan DSMF-nin sədri Səlim Müslümov bildirdi ki, ötən 20 il həm uğurlar, həm də çətinliklərlə müşayiət olunmuşdur. Həyata keçirilən islahatlar nəticəsində ölkəmizdə beynəlxalq standartlara tam cavab verən sığorta-pensiya modeli formalaşmış və bu model müasir dünyada sığorta-pensiya sistemləri üzrə ən mühüm elementləri özündə birləşdirmişdir. Yeni sığorta-pensiya sisteminin fəaliyyəti dövründə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi uçotu qurulmaqla vətəndaşların pensiya hüquqlarının həmin uçotun məlumatları əsasında müəyyənləşdirilməsi və beləliklə də pensiya təminatında sığorta prinsiplərinə keçid təmin edilmişdir.
DSMF-nin sədri fondun gördüyü işlərin cəmiyyətə çatdırılmasında mətbuatın böyük rolunun olduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, KİV müsabiqəsi Dövlət Sosial Müdafiə Fondunun 20 illik yubileyinin keçirilməsi ilə bağlı "Tədbirlər planı"na uyğun olaraq təşkil olunmuşdur. Müsabiqəyə 10 iyul 2012-ci il tarixdən 1 oktyabr 2012-ci il tarixinədək DSMF-nin son 20 ildə göstərdiyi fəaliyyətlə bağlı mətbuatda, saytlarda dərc edilmiş analitik məqalələr, radio və televiziya kanallarında yayımlanmış verilişlər, süjetlər təqdim edilmişdir.
Daha sonra müsabiqənin qaliblərinin adları açıqlanmışdır. "Ən yaxşı məqalələr" nominasiyası üzrə qəzetimizin əməkdaşı Elçin Cəfərov ikinci yerə layiq görülmüşdür. S.Müslümov qalibləri və müsabiqədə fərqlənənləri təbrik edərək onlara diplomlar təqdim etdi. Vurğuladı ki, fond sığorta-pensiya sahəsində həyata keçirilən islahatlarla bağlı əhalinin maarifləndirilməsinə xüsusi önəm verir və bu baxımdan gələcəkdə kütləvi informasiya vasitələrinin rolundan daha geniş şəkildə istifadə olunacaq.
Azərbaycan.-2012.- 24 noyabr.- S.7.