Sudan dövləti Azərbaycan ilə əlaqələrin hərtərəfli inkişafında maraqlıdır

 

Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasının plenar sessiyasında iştirak etmək üçün Azərbaycana gəlmiş Sudan Prezidentinin köməkçisi və Sudanın hakim Milli Konqres Partiyasının vitse-prezidenti Nafie Ali Nafie Ahmed noyabrın 24-də Milli Məclisin Sədri Oqtay Əsədovla görüşmüşdür.

Oqtay Əsədov demişdir ki, Azərbaycan ilə Sudan dost, qardaş ölkələrdir. Sudan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir və gələn il diplomatik münasibətlərimizin qurulmasının 20 ili tamam olur. Ötən illər ərzində hər iki ölkənin yüksək vəzifəli hökumət nümayəndələri qarşılıqlı səfərlər etmiş, səmərəli görüşlər keçirmişlər. Bu günə qədər ölkələrimiz arasında 5 sənəd imzalanmışdır. Düşünürəm ki, iki dövlət arasında hüquqi bazanın möhkəmləndirilməsi üçün daha çox sənəd imzalanmalıdır və bunun üçün geniş imkanlar vardır.

Bildirilmişdir ki, dövlətlərarası əlaqələrin genişlənməsində parlamentlərin də rolu böyükdür. Bu gün deputatlarımız beynəlxalq təşkilatlarda, qarşılıqlı maraq doğuran məsələlərdə eyni mövqedən çıxış edirlər. Amma qanunverici orqanlarımız arasında əlaqələrin hərtərəfli inkişafı üçün də müəyyən səylər göstərilməlidir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə  ətraflı məlumat verən O.Əsədov demişdir ki, Azərbaycan bu problemi başqa yolla da həll edə bilər. Lakin biz, hələ də münaqişənin sülh yolu ilə həlli yoluna üstünlük veririk. İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsinin soyqırımı aktı kimi tanınması barədə bu təşkilata üzv ölkələrə müraciət etmişdir. İnanırıq ki, Sudan parlamenti də bu məsələdə öz sözünü deyəcək, Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi, problemin sülh yolu ilə həlli ilə bağlı mövqeyini dəyişməyəcəkdir.

Milli Məclisin Sədri Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzvlük məsələsində göstərdiyi dəstəyə görə bir daha Sudan tərəfinə minnətdarlığını bildirmişdir.

Nafie Ali Nafie Ahmed Azərbaycana səfərindən və hakim Yeni Azərbaycan Partiyası tərəfindən yüksək səviyyədə təşkil olunmuş İCAPP-ın VII Baş Assambleyasında iştirakdan məmnun qaldıqlarını bildirmişdir.

O demişdir ki, Sudan Milli Konqres Partiyası Afrika qitəsindən bu tədbirdə iştirak edən yeganə təşkilatdır. Sudan dövləti və onun Prezidenti həm İCAPP çərçivəsində, həm də ikitərəfli formatda Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır. Sudan dövlətinin başçısı bizim bu səfərimizə böyük önəm verir. Onun tövsiyələrinə uyğun olaraq Bakıda bir sıra görüşlər keçirmişik və əməkdaşlığımızın daha da genişlənməsinə dair olduqca səmərəli danışıqlar aparmışıq. Düşünürəm ki, Milli Məclisdəki görüşümüz də parlamentlərimiz arasında əlaqələrin inkişafına töhfə verəcəkdir.

Sonra görüşdə parlamentlərarası dostluq qruplarının yaradılması, qarşılıqlı səfərlərin intensivləşdirilməsi, qanunverici orqanlar arasında təcrübə mübadiləsi və s. məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.   

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 25 noyabr.- S.1.