Azərbaycan parlament
nümayəndə heyəti MDB PA-nın növbəti iclasında iştirak
etmişdir
Xəbər
verildiyi kimi, Milli Məclisin Sədri Oqtay Əsədovun
başçılığı ilə parlament nümayəndə
heyəti Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası
Assambleyasının 38-ci plenar iclasında iştirak etmək
üçün noyabrın 21-dən 23-dək Sankt-Peterburq
şəhərində səfərdə olmuşdur.
Nümayəndə
heyətinin tərkibinə Milli Məclisin Regional məsələlər
komitəsinin sədri Arif Rəhimzadə,
deputatlardan Elton Məmmədov, Aslan Cəfərov, Rüfət
Quliyev, parlament aparatının rəhbəri Səfa Mirzəyev
və digər rəsmi şəxslər daxil idilər.
Plenar
iclas çərçivəsində ilk tədbir MDB Parlamentlərarası
Assambleyası Şurasının iclası oldu. Əvvəlcə
təşkilatı məsələyə baxıldı. Rusiya
Federasiyası Federal Məclisi Federasiya Şurasının Sədri
Valentina Matviyenko yenidən qurumun sədri seçildi.
Sonra
şuranın iclasının gündəliyinə daxil olan bir
sıra məsələlər təqdim olundu, 38-ci plenar
iclasın gündəliyi də daxil olmaqla, qaldırılan məsələlər
müzakirə olunaraq təsdiq edildi.
Noyabrın
23-də keçirilən 38-ci plenar iclası qurumun sədri
Valentina Matviyenko açdı. Artıq ənənəyə
çevrilən bu tədbirin əhəmiyyətindən
danışan xanım Matviyenko MDB-yə üzv olan ölkələr
arasında əlaqələrin daha da möhkəmləndirilməsində
və genişləndirilməsində Parlament
Assambleyasının və onun keçirdiyi ayrı-ayrı tədbirlərin
xüsusi önəm daşıdığını diqqətə
çatdırdı. İclasda MDB-yə üzv olan ölkələrin
parlament sədrləri ilə yanaşı beynəlxalq təşkilatların
nümayəndələri də iştirak edirdilər.
İclasın gündəliyinə salınmış
bütün məsələlər, o cümlədən model
qanunlar müzakirə olunaraq təsdiq edildi.
İclas
başa çatdıqdan sonra mətbuat konfransı
keçirildi. Nümayəndə heyətlərinin rəhbərləri
jurnalistləri maraqlandıran suallara cavab verdilər.
Milli
Məclisin Sədri Oqtay Əsədov MDB PA-nın 38-ci plenar
sessiyası çərçivəsində bir sıra ikitərəfli
görüşlər keçirdi. Milli Məclis Sədrinin
Rusiya Federasiyası Federal Məclisinin Dövlət
Dumasının Sədri Sergey Narışkin, Rusiya
Federasiyası Federal Məclisi Federasiya Şurasının Sədri
Valentina Matviyenko, Moldova Respublikası Parlamentinin Sədri Marian
Lupu və Ukrayna Ali Radasının Sədri Vladimir Litvinlə
görüşlərində ikitərəfli münasibətlərin,
o cümlədən parlamentlərarası əlaqələrin
bu günü, perspektivləri və daha da inkişaf etdirilməsi
istiqamətində atılacaq addımlar barədə fikir
mübadiləsi aparıldı.
Bununla
da, Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərliyi
ilə parlament nümayəndə heyətinin Sankt-Peterburq
şəhərinə səfəri başa çatdı.
Akif TƏVƏKKÜLOĞLU,
Milli Məclisin mətbuat katibi
Azərbaycan.-2012.- 25 noyabr.- S.2.