TANAP Azərbaycanın irəli sürdüyü təşəbbüs əsasında reallaşacaq

 

Bu ilin iyun ayında Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) üzrə hökumətlərarası müqavilə imzaladılar. Bu günlərdə isə Azərbaycan Respublikasının Milli Məclisi TANAP-a müsbət münasibətini bildirdi. TANAP Azərbaycan qazını Türkiyə ərazisindən Avropaya tranzit daşınmasına imkan verəcək önəmli bir layihədir.

Noyabrın 20-də Milli Məclisin növbəti plenar iclasında gündəlikdəki birinciikinci məsələ "Azərbaycan Respublikasının hökuməti və Türkiyə Respublikasının hökuməti arasında təbii qazın Türkiyə Respublikasına satışı və Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair" sazişin təsdiq edilməsi haqqında və "Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair" sazişin təsdiq edilməsi barədə qanun layihələri idi.

TANAP yeni layihə olsa da, möhkəm təməl üzərində inkişaf edəcək. Bu təməl müəllifi ulu öndər Heydər Əliyev olan Bakı-Tbilisi-Ceyhan neft kəməridir ki, Səngəçaldan başlayaraq 1768 kilometr ərazi boyu Aralıq dənizindəki limanadək uzanır. Sonra Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" yatağından hasil olunan qazı Ərzurumadək daşıyan boru xətti bu təməli daha da möhkəmləndirdi. Qazın ixrac marşrutlarının şaxələndirilməsi məqsədi bu gün eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən iqtisadi siyasətindən qaynaqlanır.

Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində ildə 16 milyard kubmetr qaz alınacağı gözlənilir. Bu, birinci mərhələnin illik hasilatından az qala, iki dəfə çoxdur. "Şahdəniz-2"nin ilkin mühəndis-layihələşdirmə işlərinə başlanması barədə qərar bu ilin aprel ayında Prezident İlham Əliyevlə "Şahdəniz"in operatoru olan BP-nin baş icraçı direktoru Robert Dadli arasında keçirilmiş görüş zamanı rəsmən elan edilib.

Keçən il aparılan müzakirələr nəticəsində isə "Şahdəniz-2"dən əldə olunacaq təbii qazın 6 milyard kubmetrinin Türkiyəyə satışına, 10 milyard kubmetrinin isə bu ölkənin ərazisindən Avropaya nəqli ilə əlaqədar Türkiyə və Azərbaycan tərəfindən hökumətlərarası müqavilə və ilkin razılaşma imzalanıb.

Nazirlər Kabinetinin cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı bu mövzu üzərində xüsusi dayanaraq demişdir: "Bizə böyük həcmli qaz infrastrukturu lazımdır. TANAP layihəsinin bizim tərəfimizdən irəli sürülməsinin səbəblərindən biri də məhz bundan ibarətdirE İndi dünyada TANAP layihəsinə böyük maraq vardır. TANAP layihəsi sırf Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüs əsasında reallaşacaqdır".

Beləliklə, Azərbaycan artıq qaz kəmərlərini Avropanın mavi yanacaq daşıyan boru xətlərinə birləşdirəcək layihəyə imza atıb. Milli Məclisin iclasında vitse-spiker Valeh Ələsgərov bildirib ki, TANAP-ın 2017-ci ilin sonu, yaxud 2018-ci ilin əvvəlində işə düşəcəyi gözlənilir və sözügedən saziş Azərbaycan qazının Avropaya çıxarılması üçün mühüm addımdır. Bu, Xəzər regionu üçün bəlkə də Bakı-Tbilisi-Ceyhan qədər önəmli bir layihədir. V.Ələsgərov həmçinin əminliyini bildirib ki, TANAP Azərbaycan iqtisadiyyatının inkişafı üçün, regionda ölkənin qüdrətinin daha da artması üçün mühüm layihədir. Bununla bağlı  sazişə əsasən, Azərbaycandan Türkiyəyə nəql edilən qaz üçüncü ölkələrə də ixrac edilə bilər.

Beləliklə, Azərbaycan qazını dünyaya aparan yol Türkiyədən keçəcək. Xatırladaq ki, hazırda "Şahdəniz"in işlənməsinin birinci mərhələsi çərçivəsində hasil olunan qaz Türkiyəyə Bakı-Tbilisi-Ərzurum kəməri ilə çatdırılır. Bu kəmərin Azərbaycan və Gürcüstandan keçən hissələri Cənubi Qafqaz Boru Kəməri (CQBK) adlanır. Gürcüstan-Türkiyə sərhədindən başlayaraq CQBK-ya 280 kilometrlik bir xətt qoşularaq Ərzurumadək uzanır. "Şahdəniz"dən hasilata 2006-cı ilin sonlarından başlanıb. "Şahdəniz" qazı bu gün Azərbaycana, Gürcüstanın GOGC, BTC və Türkiyənin BOTAŞ şirkətlərinə satılmaqda davam edir. Trans-Anadolu Qaz Boru Kəməri üzrə hökumətlərarası müqavilə və "Şahdəniz" qazının qardaş ölkənin ərazisindən Avropaya nəqlinə aid digər sənədlər isə ixracın diversifikasiyası istiqamətində atılmış mühüm addımdır.

TANAP layihəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 80 faiz, Türkiyənin BOTAŞ və TPAO şirkətləri isə birlikdə 20 faiz paya malikdirlər. Tərəfdaşlar layihədə ARDNŞ-yə məxsus səhmlərin 29 faizini BP, "Statoyl" və "Total" şirkətləri ilə paylaşmaq niyyətindədirlər. İlkin rəqəmlərə görə, layihəyə "Statoyl" 12, BP 12 və "Total" 5 faizlik iştirak payı ilə qoşulacaqlar.

Yeni kəmər "Şahdəniz-2" qazının hasil olunması ilə işləməyə başlayacaq. Gələcəkdə isə bu kəmərlə dünya bazarlarına Xəzərdəki digər perspektivli yataqlardan çıxarılan mavi yanacaq da nəql olunacaq. Axı, son illərdə Xəzərin Azərbaycan sektorunda "Ümid", "Abşeron" kimi iri qaz yataqları da aşkarlanıb. "Ümid"dən artıq qaz alınmasına başlanıb.

Beləliklə, TANAP Azərbaycan qazını dünya bazarlarına aparacaq uzaq yolların uğurlu başlanğıcıdır.

 

 

Azərbaycan.-2012.- 25 noyabr.- S.2.