Bakıda keçirilmiş VII İnternet İdarəçilik Forumunun nəticələri müzakirə olunmuşdur

 

Birləşmiş Millətlər Təşkilatı (BMT) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə noyabrın 6-9-da Bakıda keçirilmiş VII İnternet İdarəçiliyi Forumunun (İİF) nəticələri müzakirə olunmuşdur.

AzərTAc xəbər verir ki, noyabrın 24-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə BMT-nin Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə təşkil olunmuş müzakirələrdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı fərman və sərəncamlar sayəsində ölkədə informasiya-kommunikasiya texnologiyalarının (İKT) sürətli inkişafına nail olunduğunu  vurğulamışdır. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında İKT-nin xüsusi diqqət mərkəzində olduğunu deyən nazir gələcəkdə bu sahənin ölkə iqtisadiyyatında mühüm təkanverici amillərdən birinə çevriləcəyinə əminliyini ifadə etmişdir.

BMT və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Forumun əhəmiyyətini qeyd edən Əli Abbasov bunu ölkəmizdə azad internetin göstəricisi kimi vurğulamışdır.

Nazir bildirmişdir ki, beynəlxalq tədbirdə BMT-nin Baş katibinin iqtisadi və sosial işlər üzrə müavini Vu Honqbo, Beynəlxalq Telekommunikasiya Təşkilatın baş katibi Hamadun Ture, bir çox ölkələrin informasiya texnologiyaları üzrə nazirləri iştirak etmişlər. Tədbirə 128-dək ölkəni təmsil edən 1600-dən çox nümayəndə qatılmışdır. Forumun builki müzakirələrində önəmli məsələlər yer almışdır. Belə ki, İİF-də intellektual mülkiyyət hüquqları və yeni biznes modelləri, açıq informasiya bazası və təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması zamanı internetdən istifadə məsələləri gündəmdə olmuşdur. Hər il keçirilən internet forum artıq siyasi məsələlərin müzakirə edildiyi çoxtərəfli platformaya çevrilmişdir.

Azərbaycan İKT sahəsində regionda liderdir deyən BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Antonius Broek bildirmişdir ki, Bakıda keçirilən İnternet İdarəçilik Forumu informasiya texnologiyalarının bundan sonrakı inkişaf yollarını müzakirə etməyə imkan verəcəkdir.

Tədbirdə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin İnternet İdarəçilik Forumunun nəticələri ilə bağlı məruzəsi dinlənilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev, Azərbaycan İnternet Cəmiyyətinin sədri Qalib Qurbanov,  "AzQtel" şirkətinin prezidenti Ceyhun Mollazadə və başqaları mövzu ilə bağlı çıxış etmişlər. Qeyd olunmuşdur ki, son 10 ildə Azərbaycanda informasiya cəmiyyətinin qurulması ilə bağlı əhəmiyyətli işlər aparılmış, həm ölkə daxilində, həm də ölkədən kənarda beynəlxalq səviyyədə müxtəlif tədbirlər keçirilmiş, müvafiq sənədlər imzalanmışdır. Azərbaycanda informasiya cəmiyyətinin qurulması dövlət siyasətinin əsas prioritetlərindən biri kimi qəbul edilmişdir. İnternet İdarəçilik Forumunun Azərbaycanda keçirilməsi Azərbaycan dövlətinə, xalqına böyük etimadın göstəricisidir.

Sonda İnternet İdarəçilik Forumunda fəal iştirak etmiş gənclərə sertifikatlar təqdim olunmuşdur.

 

 

Azərbaycan.-2012.- 25 noyabr.- S.3.