BMT-nin Baş katibi Pan Gi Munun Bakıda keçirilən Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının VII Baş Assambleyasına videomüraciəti

 

Xəbər verdiyimiz kimi, noyabrın 22-23-də Bakıda Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının VII Baş Assambleyası keçirilmişdir.  AzərTAc xəbər verir ki, assambleyanın birinci iş günü BMT-nin Baş katibi Pan Gi Munun videomüraciəti nümayiş etdirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, İCAPP-nin rəsmiləri - təsisçisi və icraçı sədri, həmçinin baş katib, Daimi Komitənin həmsədrləri Xose de Venesiaya və Çanq Eui-Yonqa  səmimi salamlarını çatdıran Pan Gi Munun videomüraciətində deyilir:

"Zati-aliləri, hörmətli nümayəndələr, xanımlar və cənablar!

Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasına salamlarımı çatdırmaqdan məmnunam. Bu vacib tədbirə ev sahibliyi etdiyinə görə Yeni Azərbaycan Partiyasına təşəkkür edirəm.

2000-ci ildə ilk assambleyasını keçirəndən bəri İCAPP inkişaf edərək regionun müxtəlif dövlət, müxalif və müstəqil qurumları arasında dialoq və əlaqələndirmə forumuna çevrilmişdir.

Builki toplantının mövzusu - təhlükəsizlik, sülh və barışıq  çox aktualdır. Asiyada dinlər və mədəniyyətlər arasındakı münaqişə və anlaşılmazlıq tərəqqi üçün əsas maneə olaraq qalır. Bu, Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq, insan hüquqlarını qorumaq, ekstremizmiqlim dəyişikliyi kimi ümumi təhlükələri aradan qaldırmaq zərurətindən irəli gələn qlobal əməkdaşlığın səfərbər edilməsini daha da çətinləşdirir.

Bu assambleya gələcəkdə sabitliyə, tərəqqiyə, azadlığa gətirib çıxaracaq qarşılıqlı anlaşma körpülərinin yaradılması üçün bir imkandır. Bu yolda addımlayarkən, sizi zəmanəmizin demokratik axarına uyğun olaraq qadınlara, gənclərə və vətəndaş cəmiyyətinə də səlahiyyətlər verməyə çağırıram.

BMT öz növbəsində enerjidən tutmuş təhsilə, münaqişələrin qarşısının alınmasından tutmuş fəlakət risklərinin azaldılmasına qədər bütün məsələlərdə sizin tərəfdaşınız olaraq qalacaqdır.

Assambleyanızın faydalı olmasını arzu edir, Asiyanın bütün xalqlarının daha yaxşı həyatı naminə səylərinizdə sizə uğurlar diləyirəm. Sağ olun".

 

 

Azərbaycan.-2012.- 25 noyabr.- S.3.