YAP-ın Salyan rayon təşkilatının sıraları
getdikcə genişlənir
Ümummilli lider Heydər Əliyevin ən böyük tarixi xidmətlərindən biri özünün təbirincə desək, "dünənin, bu günün və gələcəyin" partiyası olan Yeni Azərbaycan Partiyasını yaratmasıdır. 1992-ci il oktyabrın 16-da Heydər Əliyevə respublikanın 91 nəfər ziyalısı "Səs" qəzeti vasitəsi ilə müraciət etdi. Bu elə bir vaxt idi ki, müstəqilliyinə yenicə qovuşmuş Azərbaycanda xaos, anarxiya baş alıb gedirdi, torpaqlarımız işğal olunurdu. Müraciətdə deyilirdi: "Bizim bu müraciətimizə minlərlə Azərbaycan vətəndaşı məmnuniyyətlə qoşulmağa hazırdır. Biz həm öz, həm də on minlərlə respublika əhalisi adından Sizdən xahiş edirik ki, yaradılmaqda olan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir".
Böyük siyasətçi Heydər Əliyev xalqın səsinə biganə qalmadı. Ulu öndər bu müraciətə cavabında yazdı: "Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğulur. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində iştirak etməyə hazıram". Beləliklə, Yeni Azərbaycan Partiyası 1992-ci ilin noyabrın 21-də Naxçıvanda özünun təsis konfransını keçirdi və Heydər Əliyev açıq səsvermə yolu ilə partiyanın sədri seçildi.
Heydər Əliyev siyasi fəaliyyətinin bütün dönəmlərində həmişə xalqın yanında olub, onun səsinə səs verib. Məhz 1993-cü ilin iyun ayında da belə oldu. "Olum və ya ölüm" dilemması qarşısında qalan xalqımız yeganə çıxış yolunu Heydər Əliyevin yenidən hakimiyyətə gətirilməsində gördü və ulu öndəri təkidlə Bakıya dəvət etdi. Heydər Əliyevin iyun ayının 15-də Azərbaycana rəhbərliyə qayıdışı isə həqiqətən, xalqımızın gələcək xoşbəxt həyatının təməlini qoydu və həmin gün millətin əsl qurtuluş günü oldu. Odur ki, hər il iyunun 15-ni Azərbaycan xalqı Qurtuluş Günü kimi təntənə ilə qeyd edir.
O vaxtdan etibarən Azərbaycan parçalanma, məhv olma təhlükəsindən xilas oldu, separatçı qüvvələr neytrallaşdırıldı, sabitlik təmin olundu. Siyasi həyatda, iqtisadiyyatda, məfkurə aləmində inkişaf başlandı. Heydər Əliyev dünyanın aparıcı ölkələrinə səfərlər etdi, Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırdı.
Sıralarında 600 min nəfərə yaxın insanın birləşdiyi Yeni Azərbaycan Partiyası bu il özünün 20 illik yubileyini qeyd edir. Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu və bu gün Prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Pariyası cəmiyyətimizdə böyük nüfuza və ümumxalq dəstəyinə malikdir. Bu dəstəyin əsas səbəblərindən biri də Yeni Azərbaycan Partiyasının ümumxalq partiyası olması, xalqın və dövlətin mənafeyini uca tutmasıdır. Bu gün ümummilli liderin siyasi xəttinin layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin ardıcıl və məqsədyönlü daxili və xarici siyasəti nəticəsində Azərbaycan dünyanın inkişaf etmiş ölkələrindən birinə çevrilmişdir.
Yeni Azərbaycan Partiyasının gücünü şərtləndirən amillərdən biri də onun yerli strukturlarıdır. Partiyanın mütəşəkkil fəaliyyət göstərən rayon və şəhər təşkilatları öz fəaliyyətini daim inkişaf etdirir və yeniliklərə imza atır.
YAP Salyan rayon təşkilatının yaranması da Azərbaycanın ən ağır və faciəli günlərinə təsadüf edir. Yeni Azərbaycan Partiyası yarandıqdan sonra Azərbaycanın bütün bölgələrində partiyanın tərəfdarlarının sayı artırdı. Çox keçmədən Salyanda partiyanın tərəfdarları 1993-cü il martın 31-də rayon təşkilatının 15 nəfərdən ibarət təşkilat komitəsini yaratdılar. Onlar heç bir təzyiqdən, çətinlikdən qorxmayaraq partiyanın rayon təşkilatının fəaliyyət göstərməsi üçün var qüvvələri ilə mübarizə apardılar və nəhayət, 1993-cü ilin iyul ayının 17-də konfrans keçirərək YAP rayon təşkilatını təsis etdilər. Təşkilatın sədri mərhum Yasər Cəbrayılov seçildi. Həmin vaxt Y.Cəbrayılov Salyan Rayon Sovetinin sədr müavini idi. Tutduğu yüksək vəzifəyə baxmayaraq, o, öz tərəfdaşları ilə birlikdə bütün təhlükələrə sinə gərərək YAP-ın rayon təşkilatını yaratdı və ilk günlər ona bacarıqla rəhbərlik etdi. Təəssüf ki, vaxtsız əcəl ona arzularının çin olmasını görməyə macal vermədi.
Yarandığı gündən ölkədə özünəməxsus dəst-xətti ilə seçilən, bütün siyasi kampaniyalarda fəallıq göstərən salyanlı YAP-çılar müasir demokratik metod və üsullardan istifadə edərək digər siyasi qurumlara nisbətən daha böyük nüfuz qazanmış, sıralarını genişləndirmiş, nəticədə təşkilatın sosial bazası həm keyfiyyət, həm də kəmiyyətcə artmışdır. Buna görə də rayonda başqa siyasi partiyalardan fərqli olaraq, YAP-a maraq göstərənlərin sayı ildən-ilə çoxalır, cəmiyyətin ən sağlam düşüncəli insanları təşkilatın güclənməsində fəallıq göstərirlər. Salyanda YAP-ın ərazi partiya təşkilatlarının sayı 92-yə çatmışdır. Hazırda rayonumuzda 6,4 mindən çox partiya üzvü var. Onlardan 2,7 mini gənclər, 2,6 mini qadınlardır. YAP üzvlərindən 2,2 min nəfəri ali təhsillidir. 62 nəfər gənc və 60 nəfər qadın olmaqla YAP üzvləri 133 nəfərlə bələdiyyələrdə təmsil olunurlar.
Yeni
Azərbaycan Partiyasının qabaqcıl və mübariz dəstəsi
olan Salyan rayon təşkilatı bundan sonra da öz işini və
gələcək fəaliyyətini partiyanın qarşıya
qoyduğu vəzifələr istiqamətində qurur,
ümummilli lider, müstəqil Azərbaycanın memarı və
qurucusu Heydər Əliyevin siyasi xəttinə öz sədaqətini
daim nümayiş etdirir, partiyanın amallarına sədaqətli
olduğunu əməllərində göstərməklə
ölkə rəhbəri, Yeni Azərbaycan Partiyasının sədri,
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə
aparılan tikinti-quruculuq, abadlıq və digər məqsədyönlü
işlərin həyata keçirilməsində bütün
qüvvə və bacarıqlarını sərf edirlər.
Rəşad CƏBRAYILOV,
YAP Salyan rayon təşkilatının
sədri
Azərbaycan.-2012.- 25 noyabr.- S.3.