Hədəfimiz Azərbaycana Nobel
mükafatı gətirəcək gənc
alimlər nəsli yetişdirməkdir
"Çağ" Öyrətim
fəaliyyətinin 20-ci ildönümünü Azərbaycan təhsilinin
keyfiyyət rəmzinə çevrilməklə qeyd edir
"Mən istərdim ki, Azərbaycanda
bu təhsil müəssisələrinin sayı çox
olsun... Mən türk liseylərinin fəaliyyətlərini
çox yüksək qiymətləndirirəm və
bunları quran, işlədən insanlara öz minnətdarlığımı
bildirmək istəyirəm. Burada təhsil alan gənclərimiz
beynəlxalq yarışlarda çox yüksək
mükafatlar qazanırlar. Bu, bizi çox sevindirir və onu
göstərir ki, həmin liseylər Azərbaycanın gələcəyi
üçün gözəl kadrlar yetişdirirlər. Əlbəttə
ki, bir Prezident kimi mən bu liseylərin öz fəaliyyətlərini
davam etdirmələrini və daha da genişləndirmələrini
istərdim".
İlham ƏLİYEV
"Bir millət - iki dövlət"...
Bu
ifadənin məna tutumu artıq iqtisadi-siyasi sahədən
beynəlxalq siyasətədək, mənəvi yönümdən
cəmiyyətin bütün zümrələrini əhatə
edən qarşılıqlı təəssübkeşliyədək
dövlətin və ictimai həyatın bütöv bir silsiləsini
əhatə edir. "Müttəfiqlik", "tərəfdaşlıq"
ifadələrinin beynəlxalq məkanda bəzən süni
hal aldığı çağımızda bu sözləri
tam mahiyyəti ilə, yəqin ki, yalnız Azərbaycan-Türkiyə
münasibətlərinə şamil etmək olar. Tarixin ən
dərin qatlarından gələrək genetik
kodlarımıza hopan türk mənsubiyyəti, əsrlərin
sınağından çıxmış təəssübkeşlik
və qardaşlıq əlaqələri, ən çətin
anlarda təmənnasız yardımçı olmaq niyyəti
nəticə etibarilə bu gün bizləri bir millət məramında
birləşdirir və dünyaya "Azərbaycanla Türkiyə
birdir, yekdildir, heç vəchlə bölünməyəcək
tamdır!" qənaətini təqdim edir.
Heydər
Əliyevin etimadına yüksək sədaqət
Bu danılmaz həqiqəti təsdiqləyən
faktlardan biri də Azərbaycandakı mövcudluğunun
artıq 20 ilini geridə qoyan "Çağ" Öyrətim
İşlətmələri Şirkətinin uğurlu fəaliyyətidir.
Qısa müddət ərzində ölkə təhsilinin
keyfiyyət flaqmanına - nailiyyətlər mərkəzinə
çevrilməyə müvəffəq olan şirkət
hazırda 1 universiteti, 10 liseyi, 1 gimnaziyanı, 1 ibtidai məktəbi,
13 ali təhsilə hazırlıq kursunu özündə birləşdirir.
"Mən bu liseylərin fəaliyyətini həmişə
müdafiə etmişəm, bu gün də müdafiə edirəm,
sabah da müdafiə edəcəyəm, çünki bu liseylər
Azərbaycanın təhsil sisteminə bir yenilik gətirir"
deyən ümummilli lider Heydər Əliyevin göstərdiyi
etimada sədaqətlə xidmət edən
"Çağ" Öyrətim Şirkətinin
"Qafqaz" Universiteti, Azərbaycan-Türkiyə özəl
liseyləri və "Araz" kursları Azərbaycanda ilk
beynəlxalq keyfiyyət standartları sertifikatı alan təhsil
müəssisələridir. Fəaliyyətinin iyirmi illik
yubileyinə hazırlaşan şirkət bu gün Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
apardığı nəhəng iqtisadi, ictimai, sosial-mədəni
inkişaf siyasətinə var gücü ilə xidmət edir.
"Çağ"
Öyrətimin təmsilçiləri Azərbaycanı
sözdə deyil, əməldə sevən, xidmətlərini
bəlağətdə yox, real işdə təsdiqləyən
fədakar və təmənnasız insanlardır. Onların
Azərbaycana ilk gəlişi Azərbaycanda milli-azadlıq
mücadiləsinin getdiyi qanlı-qadalı illərə
düşür. Üzləşdiyimiz Qarabağ
münaqişəsi, həmçinin erməni təcavüzü
və ittifaq rəhbərliyinin təsirləri
qarşısında təklənməyimiz, dünyada barəmizdə
"vəhşi xalq" obrazının sürətlə
yayıldığı bir dönəmdə bu insanlar Azərbaycanın
xaricə yayılan haqq səsi oldu. Bütün qüvvələrini
səfərbər edərək Azərbaycan davasında bizi tək
qoymadılar, gücümüzə qüdrət, iradəmizə
qətiyyət qatdılar.
1990-cı
ilin qanlı yanvarında Azərbaycan qan içində
boğulanda səsimizi dünyaya yayanlar da məhz bu insanlar
idi. Onların mənəvi istinadgahları olan böyük
maarifpərvər, mütəfəkkir Fətullah Gülən
Xocaəfəndi İzmirdə on minlərlə insanın
qarşısında uca minbərdən şəhidlərimizə
göz yaşı tökdü, haqq savaşımızla
bağlı xarici ölkələrə səsləndi, Azərbaycana
hərbi müdaxiləni törədənləri ifşa etdi,
ən əsas isə, tərəfdarları vasitəsilə
bizə hər mənada dəstək oldu. Bu
çağırışı bir gün sonra artıq yüz
minlərlə insan dinlədi, bir həftə sonra isə
milyonlarla insan Xocaəfəndinin Azərbaycan fəryadından
xəbərdar oldu, "Azərbaycanda tökülən qan
bizim qanımızdır, itirilən canlar bizim
canlarımızdır", - deyə hayqırdılar. 20
Yanvar faciəsinin, ümumiyyətlə isə Qarabağ
savaşının əsl mahiyyətini beynəlxalq birliyə
çatdırmaqda o zaman bu şəxslərin, xüsusən
də "Zaman" qəzetinin yazarlarının fəaliyyəti
misilsiz oldu.
Onlar
töhfələrini yeni, müstəqil, qüdrətli Azərbaycan
quruculuğundan da əsirgəmədilər. Müstəqilliyimizi
bərpa etdiyimiz dövrdə real təşəbbüslə
- yeni təfəkkürlü, elmi-texniki inqilabın nailiyyətlərini
mənimsəyəcək gənc nəsli formalaşdırmaq
məqsədilə çıxış etdilər. Təkliflərini
də məhz Azərbaycanın xilaskarlıq missiyasını
yürüdən Heydər Əliyevə Naxçıvanda təqdim
etdilər. Qeyd edək ki, bu insanlar həm də blokada vəziyyətində
olan, təcavüzkarın birbaşa hədəfinə
çevrilən Naxçıvanın haqq səsinin
yayılmasında da böyük işlər
görürdülər. Azərbaycanın, o cümlədən
Naxçıvanın qardaş Türkiyə ilə əlaqələrini
artıran "Ümid" körpüsü
açıldıqdan sonra ulu öndərin əsas məqsədi
məhz iki dövlət arasında təhsil, maarif, mədəniyyət
körpüsünün salınması idi. Bu məramla əldə
edilən razılaşma əsasında Türkiyədən gələn
maarifçilərlə müzakirələr aparıldı.
"Biz yeni, demokratik və sərbəst bazar iqtisadiyyatına
üz tutmuşuq. Yeni cəmiyyət isə heç vaxt
köhnə sovet məktəbi ilə inkişaf edə,
möhkəmlənə bilməz. Bizə yeni,
quracağımız cəmiyyətə uyğun məktəblər
lazımdır. Azərbaycana ən yaxın belə məktəb
sistemi Türkiyədədir, ona görə də biz onlardan
öyrənməli, öz təhsil sistemimizi
qurmalıyıq" - Heydər Əliyevin 1992-ci ildə
söylədiyi bu sözlər həm də Azərbaycan
övladlarının maariflənməsi işinə yardım
göstərmək istəyən bu insanların fəaliyyətinə
verilən böyük xeyir-dua idi. Beləliklə, missiya
başladı!..
XXI əsri türk əsri edəcək
nəsil formalaşır
Ötən 20 il
"Çağ" Öyrətim İşlətmələri
Şirkəti üçün fəaliyyətin bütün
istiqamətləri üzrə uğurlu və şərəfli
dövr oldu. Bu gün əldə olunan böyük nailiyyətlər
yalnız milli təhsilin tərəqqisini şərtləndirmir,
bu, özünü həm də Azərbaycanın sabahına
sahib çıxacaq yeni təfəkkürlü, modern
düşüncəli, elmi hazırlıqlı, ən əsası
isə, əsl vətəndaş olacaq gənc nəslin
formalaşmasında əyani göstərir.
Şirkətin
İdarə Heyətinin sədri Ənvər Özərən
də söhbətimizdə bu məqamları xüsusilə
vurğulayır: "Bizlər 4 minillik şanlı tarixə,
möhtəşəm mədəniyyətə malik, dünya
elminə əvəzsiz töhfələr vermiş, qüdrətli
sərkərdələr, alimlər yetişdirmiş bir
toplumun varisləriyik. İstər Türkiyədə, istər
Azərbaycanda, istər Mərkəzi Asiyada yaşamasından
asılı olmayaraq özünü türk sayan hər bir kəs
bu misilsiz maddi-mənəvi irsin davamçısı
olmalıdır. Əcdadlarımız böyük
coğrafiyalara yalnız qollarının gücü ilə
deyil, həm də zəkalarının, intellektlərinin
qüdrəti ilə də sahiblik ediblər. Bu potensial
müasir zamanda da var. Sadəcə, onu üzə
çıxarmağa, geniş miqyasa çevirməyə nail
olmalıyıq. Ən əsası, dünyaya türk
xalqlarının böyük mədəniyyət, zəka, elm
daşıyıcısı olaraq bəşəriyyətə
daha böyük töhfə vermək iqtidarına malikliyini
çatdırmalıyıq. Mərhum Turqut Özal "XXI əsr
türk əsri olacaq" deyirdi. Bütün məktəblərimizin
əsas qayəsi də bu niyyəti həyata keçirməkdir.
Qürur hissi ilə deyirəm ki, bu məramın gerçəkləşməsində
Azərbaycanda fəaliyyət göstərən
"Çağ" Öyrətim İşlətmələrinin
təhsil müəssisələrinin müstəsna xidmətləri
var".
Həqiqətən
də bu gün "Çağ" Öyrətimin təhsil
müəssisələrinin məzunları tək Azərbaycan
miqyasında deyil, ümumiyyətlə dünya səviyyəsində
müxtəlif elm-təhsil yarışlarında, beynəlxalq
olimpiadalarda, nüfuzlu ali məktəblərdə birincilər
sırasında tanınır. 10 liseyi əhatə edən Azərbaycan-Türkiyə
özəl liseylərində təlim-tərbiyə respublika və
dünya standartlarına, milli-mənəvi və ümumbəşəri
dəyərlərə uyğun şəkildə həyata
keçirilir. Təhsil dili Azərbaycan dili olmaqla təbiət
fənləri ingilis dilində tədris edilir. 2012-ci ildə ali
məktəblərə qəbul müvəffəqiyyəti 99
faiz təşkil edib, 57 nəfər isə 600 baldan yüksək
nəticə göstərib, iki nəfər Prezident təqaüdçüsü
olub. "Mən bu liseylərin fəaliyyətlərini
genişləndirməsini arzu edirəm" deyən ölkə
Prezidenti İlham Əliyevin tövsiyəsi işığında
liseylərin fəaliyyətində mühüm yeniliklər
baş verir. Bakı ÖTL-də təlim rus dilində olan
siniflərin açılması, "Qafqaz" gimnaziyası
nəzdində Beynəlxalq Məktəb üçün
bazanın qurulması, bütün məktəblərin 250-dən
çox "Ağıllı lövhə" - interaktiv
yazı lövhəsi ilə təmin edilməsi və dərslərdə
fəal tətbiq olunması, elektron məktəb sisteminə
keçid və s. bu sahədə atılan addımların
bir neçəsidir.
Ənvər
Özərən qeyd edir ki, "Biz "Çağ"
Öyrətimi ümummilli lider Heydər Əliyevin Azərbaycana,
Azərbaycan xalqına əmanəti kimi qəbul edirik və
şirkətin elmi-pedaqoji kollektivi də Azərbaycanımızın
parlaq gələcəyi naminə özlərinin fədakarlığı
ilə bu əmanətə sədaqətlidirlər. Şagirdlərimizin
təlim-tərbiyəsi ilə ən təcrübəli,
seçilmiş alim və pedaqoqlar məşğul olurlar ki,
onların da çoxu azərbaycanlılardır. Məzunlarımızın
99 faizi hər il dünyanın nüfuzlu universitetlərinin
seçilmiş fakültələrinə daxil olur. Hazırda
şagirdlərimizin böyük bir hissəsi ABŞ-ın
Hyuston, Texas və Viskonsin universitetlərində, Rusiyanın
M.Lomonosov adına Moskva Dövlət Universitetində, Bauman
adına Ali Texniki məktəbində, Almaniya, Türkiyə,
İngiltərə, Çin, İsveçrə və
başqa dövlətlərin ali məktəblərində təhsillərini
müvəffəqiyyətlə davam etdirirlər.
Şagirdlərimiz
hər il respublika Təhsil Nazirliyinin komandası tərkibində
dünya bilik olimpiadalarında iştirak edir, qızıl,
gümüş və bürünc medallarla qayıdır,
dünyanın dörd bir tərəfində Azərbaycanın
bayrağını ucaldırlar. Unutmayaq ki, təhsil sahəsində
uğur əldə etmək müəyyən bir zaman
davamlılıq tələb edir. 1992-ci ildən 1994-cü ilə
kimi Azərbaycan məktəbliləri beynəlxalq olimpiadalara
müşahidəçi qismində qatılmışdı.
1994-cü ildə isə şagirdlərimiz ilk dəfə
olaraq Biologiya olimpiadasında 2 qızıl və 2
gümüş medal qazanaraq bütün dünyanın diqqətini
öz üzərinə çəkmişdi. Bugünkü
dövrdə isə artıq Azərbaycan həmin beynəlxalq
olimpiadaların keçirildiyi məkanlardan birinə
çevrilmişdir. Bütün bunlar təhsil sahəsində
əldə etdiyimiz uğurların nəticəsidir. Beynəlxalq
olimpiadalarda şagirdlərimizin qazandığı hər bir
uğur həmin ölkələrdəki Azərbaycan
diasporlarını daha da gücləndirir, milli nüfuzumuzu
artırır. Liseylərimizin şagirdləri ABŞ,
İngiltərə, İspaniya, İsveç, İtaliya,
Bolqarıstan, Yunanıstan, CAR, İndoneziya, Meksika, Rusiya,
Almaniya və digər ölkələrdə 1994-cü ildən
bu günə qədər 186 qızıl, 112 gümüş
və 286 bürünc olmaqla 584 medal qazanıblar. Respublika fənn
olimpiadalarında isə şagirdlərimiz 230 qızıl, 248
gümüş, 245 bürünc, ümumilikdə 723 medal əldə
ediblər. Bu 1307 medal, həmçinin ali məktəblərə
99 faizlik qəbul göstəricisi bizim 20 illik fəaliyyətimizin
uğurlarının əyani təzahürlərindəndir.
Yeni ruhlu insan, müasir təfəkkürlü gənc,
çağdaş dünyanın proseslərini anlayan vətəndaş,
qloballaşmanın meyarlarını öz mənəvi dəyərləri
ilə çuğlaşdıran azərbaycanlı - əsas məqsəd
belə bir nəsil formalaşdırmaqdır".
Elm
naminə Azərbaycan üçün dünya ilə
yarışırıq
"Çağ" Öyrətimin
təhsil müəssisələri arasında "Araz"
kursları da xüsusi yer tutur. Hazırda respublikanın 10
şəhər və rayon mərkəzində 13 şöbə
ilə fəaliyyətini davam etdirən kurslar artıq 20 ildir
ki, ali məktəblərə hazırlaşan abituriyentlərin
orta məktəbdə əldə etdikləri bilik və
bacarıqlarını xüsusi hazırlıqla yenidən
möhkəmləndirərək artmasında əvəzsiz yerə
sahibdir. Ənvər Özərən bildirir ki,
"kursların pedaqoqları gənc, savadlı və təcrübəli
müəllimlərdir. Bu təhsil müəssisəsində
çalışan kadrlar öz ixtisaslarını yüksək
səviyyədə bilən mütəxəssislər
arasından seçilir. Ali məktəblərə qəbul
imtahanına yüksək səviyyədə
hazırlaşmağı hədəfləyən əksər
IX, X və XI sinif şagirdləri və orta məktəb məzunlarının
seçiminin "Araz" kursları olması buradakı təhsilin
yüksək keyfiyyətindən xəbər verir. 20 il ərzində
"Araz" kurslarının məzunlarından 145-i Prezident
təqaüdünə layiq görülmüş,
ümumilikdə 1427 nəfər isə 600 baldan yüksək
nəticə göstərmişdir. Bununla yanaşı, kursun
məzunlarından 9 nəfəri maksimal nəticə göstərərək
700 bal toplamışdır".
Bir məqamı
da vurğulayaq ki, bu il respublikamızda ümumi olaraq 102 nəfər
Prezident təqaüdünə layiq görülüb ki,
onların da 32 nəfəri, yəni üçdə biri
"Araz" kurslarında hazırlıq keçib tələbə
adını qazanmış abituriyentlərdir. Ümumiyyətlə,
kurs şagirdlərinin 90 faizdən çoxu universitetlərə
qəbul imtahanlarında müvəffəqiyyət əldə
edirlər. Cari ildə test imtahanlarında II qrup üzrə
respublika birincisi və üçüncüsü, I qrup
üzrə respublika ikincisi və iki nəfər
üçüncüsü, IV qrup üzrə respublika ikincisi
və üçüncüsü, III qrup üzrə iki
respublika üçüncüsü də məhz bu
kursların yetirmələri olmuşlar.
1993-cü
ildə fəaliyyətə başlayan "Qafqaz"
universiteti Türkiyə və Azərbaycanın elmi-texniki və
pedaqoji potensialını birləşdirərək yüksək
səviyyədə ixtisas, xarici dil və kompyuter biliklərinə
yiyələnmiş mütəxəssislər
hazırlamağı ən başlıca məqsədi hesab
edir. Amerika və Avropada geniş istifadə olunan kredit sisteminin
tətbiq edildiyi universitetdə tədris prosesi Azərbaycan,
türk və ingilis dillərində aparılır. Bir
neçə ildir ardıcıl olaraq özəl universitetlər
arasında ən yüksək reytinq qazanan "Qafqaz"da 4
fakültə üzrə 25 ixtisasda kadr hazırlanır.
Universitetdə beş ixtisas üzrə magistratura pilləsi və
dil mərkəzi fəaliyyət göstərir. Ali məktəbdə
dünyanın ən müxtəlif təhsil ocaqları ilə
sıx əlaqələr qurulub, burada vaxtaşırı
olaraq beynəlxalq konfrans və simpoziumlar təşkil edilir.
"Qafqaz"ın müəllim və tələbələri
xarici ölkələrin elm-təhsil ocaqlarına təcrübə
mübadiləsinə və təhsillərini davam etdirməyə
göndərilirlər. Universitet şəhərciyində iki
korpusda oğlan və qızlar üçün yataqxana
binası fəaliyyət göstərir. Bu il "Qafqaz"
universitetinə daxil olanlar sırasında 20 nəfər tələbə
Prezident təqaüdünə layiq görülüb,
onların ikisi isə test imtahanlarında ən yüksək
göstərici - 700 bal toplayıblar. Dünyanın dörd
bir tərəfindən tələbə qəbul edən
"Qafqaz" universiteti dünyanın dörd bir tərəfinə
də məzun verir.
"Çağ"
Öyrətim İşlətmələri Şirkətinin
İdarə Heyətinin sədri Ənvər Özərənin
fikrincə, əgər təhsil sahəsində fəaliyyət
göstərirsinizsə, dünyada elm və təhsillə
bağlı baş verən prosesləri izləmək məcburiyyətindəsiniz:
"Xüsusilə universitet səviyyəsində dünyada
baş verən proseslər daim diqqət mərkəzində
olmalıdır. "Qafqaz" universiteti sürətlə
inkişaf edən təhsil ocağı olduğu
üçün dünyadakı bütün təhsil yeniliklərini
öyrənir və tətbiq edir. Dünyanın bir sıra
ölkələrinin universitetləri ilə əməkdaşlıq
edilir, konfranslar təşkil olunur, mühüm proqramlar üzərində
birgə çalışılır. Hazırda ABŞ-da,
Almaniyada, Rusiyada, Cənubi Koreyada, Türkiyədə və s.
ölkələrdə olan universitetlərlə əməkdaşlıq
proqramı çərçivəsində layihələr həyata
keçirilməkdədir. Bununla yanaşı, tələbələrin
elmi sahədə qabiliyyətlərini araşdırmaq məqsədilə
onlar dünyanın ən qabaqcıl universitetlərinə
göndərilərək oradakı şəraitlə
tanış olması üçün geniş imkanlar
yaradılır. Həmçinin hər hansı bir xarici dildə
ünsiyyət qurmaqda çətinlik çəkənlər
üçün xüsusi proqram çərçivəsində
müxtəlif ölkələrdə həmin dili mükəmməl
şəkildə öyrənmələri təmin edilir.
Türkiyədəki
Mərmərə Universiteti, Ərzurum Atatürk Universiteti,
Hacəttəpə Universiteti kimi nüfuzlu ali təhsil
ocaqları ilə birlikdə doktoranturada təhsil alma
proqramları həyata keçirilir. Bununla yanaşı,
universitetin maddi-texniki bazası da günü-gündən
genişləndirilir, dərs avadanlıqları davamlı
olaraq yenilənir. Hazırda Azərbaycanda ən müasir
neft-kimya laboratoriyası məhz "Qafqaz" universitetindədir.
Bununla yanaşı, maşınqayırma sahəsində
laboratoriya qurulmaqdadır. Araşdırma mərkəzləri
təşkil etməklə tələbələrin daha rahat
çalışmaları üçün geniş imkanlar
yaradılmışdır.
Sevindirici
haldır ki, prezident təqaüdçüləri, 600-dən
çox bal toplamış abituriyentlər bizim universiteti
seçirlər. Məqsədimiz bundan ibarətdir ki, bu tələbələri
yüksək təhsil səviyyəsində
formalaşdıraq, mükəmməl şəkildə
yetişdirək və nəticədə onlar Azərbaycana gələcəkdə
Nobel mükafatını qazandıran alimlər olsunlar, Azərbaycanın
səsini elm sahəsində dünyada ucaltsınlar".
Dünya türkcə
danışacaq
Ənvər bəy Türkiyə
Cümhuriyyətində artıq 10-cu ildir təşkil olunan
Beynəlxalq Türk dili Olimpiadasında Azərbaycan təmsilçilərinin
uğurlu iştirakından da qürurla danışır. Bu
il dünyadan 135 ölkənin iştirak etdiyi olimpiadada Azərbaycan
daha güclü səviyyədə təmsil olunurdu. Türk
dili Olimpiadasında təmsilçilərimizin əldə
etdiyi nailiyyətlər də möhtəşəm idi: 13
qızıl, 9 gümüş, 3 bürünc medal və 3 həvəsləndirici
mükafat.
Dünyanın
135 ölkəsindən 1500 finalçının iştirak
etdiyi olimpiadanı əslində son 20 ildən artıq bir
dövrdə Türkiyədəki vətənpərvər, fədakar
insanların qlobal miqyasda həyata keçirdiyi möhtəşəm
maarifçilik missiyasının hesabatı kimi də dəyərləndirmək
olar. Ənvər Özərən də bu fikrimizi
bölüşür və əlavə edir:
"Missiyamızı yalnız türk dövlətləri ilə
məhdudlaşdırmaq da düzgün deyil. Bu gün
dünyanın 140-dan çox
ölkəsində fəaliyyət göstəririk və
onların hər birində də yerli təhsilin ən
nüfuzlu, ən keyfiyyətli məktəblərini
yaratmışıq. İndi Çindən Avropaya, Afrikadan
Amerikaya qədər - dünyanın bütün bölgələrində
yeni yetişən nəslin təhsilini artırmasına əvəzsiz
töhfələr veririk. Həmçinin onların əlavə
olaraq türk dilini öyrənməsinə, böyük
türk millətinin tarixi keçmişinə, mövcud
yüksək potensialına sahiblənməsinə şahidlik
etmələrinə nail oluruq".
Ənvər
Özərən alimdir - biologiya üzrə fəlsəfə
doktorudur, böyük türk təəssübkeşidir, cəfakeş
ziyalıdır. Həm də tariximizin mükəmməl tədqiqatçılarından
olaraq türk ulusunun - osmanlı, azərbaycanlı, qazax,
özbək, türkmən, uyğur və onlarca digər
soydaş xalqların möhtəşəm keçmişinin
bu gün yeni təfəkkür və modern potensialla üzə
çıxarılması istiqamətində ardıcıl fəaliyyət
göstərir. Əsas hədəf kimi isə yeni nəslin
maariflənməsini görür. Ümumiyyətlə isə Ənvər
bəyin timsalında "Çağ" Öyrətim təmsilçilərinin
hamısı bütün varlıqları ilə maariflənmə,
türk övladlarının savadlanması, bəşəriyyətin
elmə sahib çıxması amalına bağlı
insanlardır. Bəşəriyyətə türk dilini,
türk nüfuzunu, türkün şanlı tarixini,
çağdaş inkişafını uğurla təbliğ
edən və aşılayan, osmanlısından azərbaycanlısınadək,
qırğızından uyğuruna qədər bütöv
bir türk qövmünü dünyaya tanıdan və sevdirən
bu dəyərli insanlar 30 ildən artıqdır ki, planetimizin
ən ucqar məntəqələrindən fövqəldövlətlərədək
bu şərəfli missiyalarını heç bir təşəkkür
və təmənna ummadan fədakarlıqla həyata
keçirirlər.
Bir məqamı
da vurğulayaq ki, zəmanəmizin böyük mütəfəkkiri,
bütün varlığı ilə Azərbaycan
sevdalısı olan Fətullah Gülən tərəfindən
əsası qoyulan bu maarifçilik şəbəkəsi təmənnasız
genişmiqyaslı fəaliyyəti nəticəsində
haqlı olaraq Könüllülər Hərəkatı, Xidmət
Hərəkatı kimi tanınır. Dünyanın dörd
bir yanında açdıqları məktəblərlə
insanları cahillikdən xilas edir, onları təhsilə, elmə
yönəldir, öz cəmiyyətlərinin savadlı
zümrəsinə çevirirlər. Son 20 ildə dünyada
300 mindən artıq insan məhz bu hərəkatın dəstəyi
ilə türk dilini öyrənib. Bu müddətdə xaricdə
türkcə öyrədən 300 ibtidai sinif məktəbi,
600 orta təhsil məktəbi, 100 universitet, 370 dil və mədəniyyət
mərkəzi açılmışdır. Hazırda 140
ölkədə Könüllülər Hərəkatı tərəfindən
türkcə tədris müəssisələri fəaliyyət
göstərir. Dünyada bu gün 7-12 yaş arasında 80
min, 12-18 yaş arasında 140 min, 18 yaşından yuxarı isə
20 min nəfər türkcə öyrənir.
Ali məqsəd
Ənvər Özərən
"Çağ" Öyrətim İşlətmələri
Şirkətinin təhsil müəssisələrinin
inkişaf perspektivlərindən də qürurla, əminliklə
danışır. Bildirir ki, əldə edilən nailiyyətlər
nə qədər böyük olsa da, hələ ki yetərli
saymırlar. "Təhsil sahəsində yeni hədəfləri
- qloballaşan dünyada təhsillə bağlı gedən
mütərrəqqi prosesləri qısa müddət ərzində
Azərbaycana tətbiq etməliyik. Bunu bizdən ulu öndər
Heydər Əliyev tələb edirdi. Bu gün Prezident
İlham Əliyevin dünyanın nüfuzlu, inkişaf edən
ölkəsinə çevirdiyi Azərbaycanda biz də təhsillə
bağlı apardığımız prosesləri məhz
möhtərəm dövlət başçısının
dinamik, modern fəaliyyət üslubuna
uyğunlaşdırmalıyıq. Əminəm ki, Prezident
İlham Əliyevin rəhbərliyi altında Azərbaycan təhsili
yaxın onillikdə tək Cənubi Qafqazın deyil,
bütövlükdə istər Avropanın, istərsə də
Asiyanın ən güclü elm-təhsil mərkəzlərindən
birinə çevriləcək.
Bir
sözlə, Heydər Əliyevin əbədiyaşar xatirəsi
önündə, Prezident İlham Əliyevin etimadı
qarşısında bizim böyük və şərəfli
mənəvi borcumuz var: Azərbaycanda yüksək bilikli, elmi
hazırlıqlı, müasir dünyanı anlaya bilən və
çağdaş bəşərə töhfə verməyi
bacaran, qloballaşan zamanda milli ənənələrinə
sahib çıxan yeni təfəkkürlü gənc nəslin
formalaşmasına töhfə vermək! Hədəfimiz Azərbaycana
Nobel mükafatı gətirəcək gənc alimlər nəsli
yetişdirməkdir. İnşallah, Azərbaycanın qüdrətli
dövlətinin çətiri altında, Prezident İlham Əliyevin
rəhbərliyi ilə bu məqsədimizə də nail
olacağıq!"
"Çağ"
Öyrətimin təmsilçiləri, böyük
ozanımız Aşıq Veysəlin dediyi kimi, uzun, incə
bir yoldadırlar...
...Yürüyürlər
gündüz-gecə - müqəddəs bir hədəfə,
dünyanı maarif işığına, türk zəkasının
qüdrətinə qərq edəcək sönməz nura
doğru!
Yorulmayasınız!..
İxtiyar HÜSEYNLİ
Azərbaycan.-2012.- 25 noyabr.- S.4.