Sosial-iqtisadi inkişafa və nəhəng quruculuq işlərinə start verən fərman

 

Prezident İlham Əliyevin 24 noyabr 2003-cü il tarixli "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" fərmanından 9 il ötür. Ölkəmizdə iqtisadi dirçəlişin ikinci mərhələsinin başlanmasına start verən bu fərmanın icrası nəticəsində inkişaf daha da sürətlənmiş, bütün sosial-iqtisadi sahələrdə dönüş yaranmışdır.

Bundan sonra ölkənin çoxşaxəli inkişafına zəmin yaradan neçə-neçə fərman və sərəncam imzalansa da, sözügedən sənədin əhəmiyyəti əvəzsizdir. Məhz bu fərmanın imzalanmasından ötən 9 il ərzində  əvvəlki illərdə istismarda olmuş neçə-neçə sənaye  müəssisəsinin fəaliyyəti bərpa olunmuş, yeniləri yaradılmış, yerli resurslardan istifadənin səmərəsi artırılmış və inkişaf etdirilmişdir.

Həmin fərmanın məntiqi davamı olaraq 11 fevral 2004-cü ildə  "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)"  qəbul edildi. Bu proqramı 2003-cü il 24 noyabr fərmanının tərkib hissəsi kimi də qəbul etmək olar. Çünki söhbət bütünlükdə ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsindən gedirsə, regionlar bu prosesdən kənarda qala bilməzdi. Ümumiyyətlə, həm bu, həm də 2009-2013-cü illəri əhatə edən ikinci regional inkişaf dövlət proqramlarının bölgələrin bütün sahələr üzrə  inkişafında xüsusi rolu olmuşdur.

Məhz bu proqramlar regionların iqtisadi inkişafında tamamilə yeni səhifə açmış, insanların kəndlərdən şəhərlərə axınının qarşısını almış, Azərbaycanda qeyri-neft sektorunun inkişafına güclü təkan vermişdir. Regionların təbii sərvətlərindən istifadədə, qeyri-neft sənaye sektorunun, o cümlədən emal sənayesinin, xidmət və digər infrastruktur obyektlərinin, turizmin inkişafının təmin olunmasında, məşğulluğun səviyyəsinin yüksəldilməsində bu sənədlərin icrası müstəsna rol oynayır. Ötən müddətdə məhz bu fərman və sərəmcamlarda nəzərdə tutulan tədbirlərin reallaşması nəticəsində ölkənin makroiqtisadi göstəriciləri əhəmiyyətli dərəcədə yüksəlib.

Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarına əsasən həyata keçirilən tədbirlər üç mərhələdə müəyyənləşdirilib: birincisi, makroiqtisadi sabitliyin və davamlı inkişafın təmin edilməsi, ikincisi, iqtisadi rayonlar səviyyəsində həyata keçiriləcək, üçüncüsü, isə hər bir rayonun spesifik xüsusiyyətlərinə uyğun müəyyən olunan tədbirlər. Bu tədbirlər dövlət proqramlarının kifayət qədər əsaslı tərtib olunduğunu və regionların inkişaf dinamikasını özündə tam əks etdirdiyini göstərir.

Sözügedən sənədlərin icra olunduğu müddətdə dövlət tərəfindən xüsusən qeyri-neft sektoruna investisiya yatırımına daim xüsusi diqqət yetirilib və son 9 il ərzində istər abadlıq-quruculuq işləri ilə əlaqədar, istərsə də yeni  istehsal sahələrinin yaradılması ilə bağlı böyük miqdarda sərmayə qoyulub. Təkcə bir faktı qeyd edək ki, sözügedən fərmanın imzalanmasından ötən dövr ərzində ölkədə 1 milyon 100 min yeni iş yeri açılıb. Bu dövrdə əhalinin real gəlirləri və ölkə üzrə orta aylıq əməkhaqqı dəfələrlə artıb. Belə faktların sayını artırmaq da olar. Amma bunlar da kifayətdir ki, Azərbaycanın bu gün dünyada iqtisadiyyatı ən sabit inkişaf edən ölkələrdən birinə çevrildiyi təsdiqlənsin. Bunu beynəlxalq maliyyə qurumları da öz illik hesabatlarında etiraf edir. Məsələn, Dünya Bankının son məlumatında deyilir ki,  milli gəlirin əhatəli bölgüsünə görə Azərbaycan inkişaf etmiş çox ölkəni geridə qoyur.

Ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı verilən tapşırıqların icrası və həyata keçirilən digər tədbirlərlə tanış olmaq məqsədilə Prezident İlham Əliyev tez-tez Bakıətrafı qəsəbələr də daxil olmaqla bölgələrə səfərlər edir, xalqın həyat səviyyəsi ilə maraqlanır, növbəti tapşırıq və tövsiyələrini verir, bu və digər problemlərin həlli ilə əlaqədar əlavə tədbirlər barədə sərəncamlar imzalayır. Sözügedən dövlət proqramları və verilən əlavə sərəncamlar nəticəsində bu gün ölkənin qeyri-neft sektoru sürətlə inkişaf edir, xüsusən regionların iqtisadi artım tempi yüksəlir, yeni istehsal və emal müəssisələri yaradılır, sosial-mədəni obyektlər inşa olunur, əlavə iş yerləri açılır.

Bütün bunlar deməyə əsas verir ki,  Azərbaycanın sosial-iqtisadi inkişafı dönməz xarakter alıb. Sözsüz ki, bu inkişafa və nəhəng quruculuq işlərinə zəmin yaradan sənədlər arasında Prezidentin 24 noyabr 2004-cü il tarixli fərmanının xüsusi yeri var.

 

 

Rəhman SALMANLI

 

Azərbaycan.-2012.- 25 noyabr.- S.4.