Məqsəd əhalinin rifahının yaxşılaşdırılmasıdır

 

Cəlilabad aranla dağlıq ərazinin qovşağında yerləşir. Münbit torpağı var. Rayon əhalisi bu torpağı böyük şükranlıqla, zəhmət əsirgəmədən əkib-becərir, bol məhsul yetişdirir, eyni sahədən ildə bir neçə dəfə məhsul götürür. Bolluq isə xoş güzəranın, firavanlığın əsasıdır. Çox yox, 10 il bundan əvvəllə müqayisədə bu gün adamların sosial həyat tərzindəki böyük dəyişikliklər göz qabağındadır. Belə bir deyim var: "Adamın üzünə bax, sonra halını xəbər al". Rayon əhalisinin toyda-bayramda, elə lap adi günlərdə belə şən əhval-ruhiyyəli olması, geyim-keçimi çox şey deyir. Müxtəlif markalı minik maşınları, təzə tikilən yaraşıqlı, müasir evlərin hamısı xoş günün, yaxşı maddi durumun göstəricisidir.

Rayon mərkəzi, qəsəbə və kəndlər də son illər tanınmaz dərəcədə dəyişib. Hər dəfə bura gələndə neçə-neçə yeniliyin şahidi olursan. Aparılan tikinti-quruculuq və abadlıq işləri səngimədən davam etdirilir. İndi rayon əhalisi bu gözəl məkanla haqlı olaraq iftixar hissi keçirir.

Təxminən bir aydan sonra 2012-ci il başa çatacaq. Cəlilabadlılar onu alnıaçıq, üzüağ yola salmaq üçün əllərindən gələni əsirgəmirlər. Cəlilabadın həyatında bu ilin əlamətdar hadisələrindən biriPrezident İlham Əliyevin iyulun 31-də buraya səfəridir. Ölkə başçısı səfəri çərçivəsində Mərkəzi istirahət parkında görülən yenidənqurma işləri ilə tanış olmuş, Heydər Əliyev adına Yaradıcılıq Mərkəzinin, Bayraq meydanının, Gənclər parkının, Olimpiya İdman Kompleksinin, "Avanqard" MMC-nin un fabrikinin, "Cəlilabad Broyler" ASC-nin yem fabrikinin və Cəlilabad-Hamarqışlaq-Sadatlı kəndlərarası avtomobil yolunun açılışında iştirak etmiş, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. Prezident Cəlilabaddakı inkişafı təqdir edərək demişdir: "Cəlilabad daha da sürətlə inkişaf etməlidir və edəcəkdir".

Rayon iqtisadiyyatının əsas sahəsi olan aqrar bölmədə qazanılmış nailiyyətlər zəhmətin hədər getmədiyini sübut edir. Bu mövsümdə 131,2 min ton taxıl, 82,7 min ton kartof, 1,3 min ton meyvə, 9,2 min ton üzüm, 507 ton günəbaxan, 260 ton qarğıdalı istehsal olunmuşdur. Taxılçılığın inkişaf etdirilməsi üçün istehsalçılara 2 milyon 859 min manat yardım verilmiş, regional loqistik gübrə bazası tərəfindən torpaq mülkiyyətçilərinə güzəştli şərtlərlə 2 min 336 ton azot, 299 ton amofos, 17 ton kalium, 18 ton superfosfat gübrələri satılmışdır.

Azərbaycanda üzümçülüyün inkişafına dair Dövlət Proqramına müvafiq olaraq,  dövlət, bələdiyyə və xüsusi mülkiyyətdəki torpaqlarda 1500 hektar üzüm bağı salınmışdır. Üzüm sahələrinin genişləndirilməsi üçün bütün aqrotexniki tədbirlər görülmüş, xarici ölkələrdən, xüsusən Fransadan keyfiyyətli tinglər gətirilmişdir. Cəlilabadda üzümçülüyün inkişaf etdirilməsini daim  diqqət mərkəzində saxlayan Prezident rayon ictimaiyyəti nümayəndələrinin toplantısında demişdir: "Vaxtilə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Cəlilabadda böyük üzüm bağları salınmışdı. Əfsuslar olsun ki, 1980-ci illərin sonlarında sovet rəhbərliyi tərəfindən çox yanlış siyasət aparılmışdır. Bütün üzüm bağları məhv edilmişdir. Onların bərpası indi çox çətin məsələdir. Ancaq buna baxmayaraq, bu məsələ də tədricən öz həllini tapmaqdadır. Yəni burada üzümçülüyün böyük ənənələri olmuşdur. Üzümçülüyün fermerlərə, kəndlilərə nə qədər xeyirli olduğunu biz hamımız yaxşı başa düşürük. Çalışacağıq ki, üzümçülüyü sürətlə inkişaf etdirək. Bu istiqamətdə Cəlilabadın üzərinə böyük məsuliyyət düşür. Çünki biz vaxtilə salınmış bağları bərpa etməliyik, yenidən salmalıyıq və üzümçülüyün inkişafına nail olmalıyıq".

Göründüyü kimi, üzümçülüyün inkişafı ilə əlaqədar cəlilabadlıların üzərinə ciddi vəzifələr qoyulmuşdur. Ona görə də inzibati ərazi dairələri üzrə nümayəndəliklər, bələdiyyələr və calaq üzüm əkin materialları istehsalı müəssisəsi yeni üzümlüklərin salınması üçün səylərini səfərbər etmişlər.

Heyvandarlığın inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və xəstəliklərə qarşı mübarizə aparılması da bu il diqqət mərkəzində olmuş, bütün bunların hesabına ilin ilk 9 ayında 11,2 min ton ət, 58,1 min ton süd, 21,3 milyon ədəd yumurta istehsal edilmişdir. Fərdi təsərrüfatlarda qaramalın sayı 99 min, davarların sayı isə 102 min başa çatmışdır. "Cəlilabad Broyler" ASC-də 2 min 934 ton quş əti istehsal edilərək daxili bazara yüksək keyfiyyətli məhsullar çıxarılmışdır. Yeni yem fabriki isə saatda 10 ton quş yemi hazırlamaq gücünə malikdir. Müasir avadanlıqlarla təchiz edilən və tam avtomatlaşdırılan fabrikdə quşçuluq təsərrüfatları üçün müxtəlif yem məhsulları istehsal olunur.

Cari ilin ötən dövrü ərzində tikinti-abadlıq və quruculuq işlərinin həcmi də artmış, bu proses təkcə Cəlilabad və Göytəpə şəhərlərini deyil, kəndləri də əhatə etmişdir. Rayon mərkəzində 1952-ci ildə salınan mərkəzi istirahət parkı ilk dəfə olaraq əsaslı şəkildə yenidən qurulmuş, buradakı Veteranlar evi və iaşə obyektləri müasir formaya salınmış, Vətən müharibəsi iştirakçılarının xatirəsinə ucaldılan kompleks yeniləşdirilmiş, idman meydançası tikilmişdir. Həmçinin şəhərin küçə və prospektlərinə aqlaymozaik daşlarla hasar çəkilmiş, səkilərə tamet döşənmiş, bordür düzülmüş, çoxmərtəbəli yaşayış evlərinin və inzibati binaların fasadları üzlənmiş, dam örtükləri, qapı və pəncərələri təzələnmiş, küçə və parklarda xaricdən gətirilən işıqlandırma sistemi quraşdırılmışdır. Şəhərin ən yüksək nöqtəsində inşa edilən, dirəyinin hündürlüyü 41, bayrağının ölçüsü 20x10 metr olan Bayraq meydanı da son dövrün möhtəşəm tikililərindəndir. Ərazidəki 2 hektarlıq Gənclər parkı tamamilə yenidən qurulmuş, burada 1000-dən çox dekorativ ağacgül kolları əkilmiş, attraksionlar, şəlalə və fəvvarə kompleksləri qurulmuş, mədəni-kütləvi tədbirlərin və el şənliklərinin keçirilməsi üçün lazımi şərait yaradılmışdır.

Hazırda kəndarası yolların yenidən qurulması istiqamətində rayonun tarixində görünməmiş miqyasda gedir. 24 min əhalisi olan 14 yaşayış məntəqəsini əhatə edən 17 kilometrlik Cəlilabad-Hamarqışlaq-Sadatlı avtomobil yolunun tikintisi üçün 3 milyon, 33 min nəfər əhalinin yaşadığı 21 kəndi birləşdirən 34 kilometrlik Qarazəncir-Qarakazımlı-Bayxanlı  avtomobil yolunun tikintisi üçün ilkin olaraq 2 milyon manat vəsait ayrılmışdır. Artıq birinci yolun çəkilişi başa çatmaq üzrədir, ikinci yolda isə torpaqbərkitmə və çınqıldöşəmə işləri görülür. Rayonun 45 kəndini əhatə edən Cəlilabad-Yardımlı yolunun 20 kilometri, 80 kəndi əhatə edən 96 kilometrlik kəndarası yollar da asfaltlaşdırılır. Rayon rəhbərliyi Göytəpə-Komanlı, Cəlilabad-Soltankənd, Təklə-Bayxanlı, Xanəgah-Mikayıllı, Əliqasımlı-Üçtəpə yollarına da asfalt döşənməsi üçün əlaqədar təşkilatlar qarşısında məsələ qaldırmışdır.

Cəlilabad şəhərində sukanalizasiya sistemlərinin yenidən qurulmasına da başlanılmışdır. Hazırda "Akkord" şirkəti tərəfindən icra edilən layihə çərçivəsində təmizləyici qurğu tikilir. Prezident rayon ictimaiyyəti nümayəndələri ilə görüşündə bu barədə demişdir: "Cəlilabad şəhəri və ətraf kəndlər, ilk növbədə, sukanalizasiya sistemi ilə təmin edilməlidir. Bu, çox böyük layihədir. Biz bu məsələni birdəfəlik həll edəcəyik".

Özəl sektorun inkişafı dövlətin xüsusi diqqətindədir. Bu sahədə Cəlilabadda da  ardıcıl işlər aparılmışdır. Təkcə cari ilin keçən vaxtı ərzində bank filialları və kredit təşkilatları tərəfindən 10 min 423 hüquqifiziki şəxsə 22 milyon 830 min manat kredit verilmişdir. Əsas hissəsi kənd təsərrüfatı və kommersiya fəaliyyətinə yönələn həmin kreditlər yeni istehsal sahələrinin yaradılmasına və məhsul bolluğuna müsbət təsir göstərir.

İlin ötən dövründə rayon əhalisini elektrik enerjisi və təbii qazla təmin etmək üçün məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Rayon elektrik şəbəkəsinin daxili imkanları hesabına Qarazəncir, Uzuntəpə və Üçtəpə kəndlərindəki yeni yaşayış massivlərində 1004 kv-luq şəbəkə qurulmuş, 150-dən çox dayaq dəyişdirilmiş, 7 kilometrdən çox elektrik xətti yenisi ilə əvəz olunmuş, yararsız transformatorlar təmir edilmişdir. Əhalinin təbii qazla təminatına gəldikdə, bu istiqamətdə də xeyli görülmüşdür. Hazırda Cəlilabad şəhəri və Uzuntəpə kəndi arasındakı orta təzyiqli yeraltı qaz kəməri polietilen borularla əvəz ediliryeni qazpaylayıcı stansiya tikilir. İri yaşayış məntəqələrindən Göytəpə şəhərinin, Təzəkənd, Üçtəpə, Cəfərxanlı, Maşlıq, MuğanSöyüdlü kəndlərinin də qazlaşdırılmasına başlanılmışdır.

Həmişə olduğu kimi, bu ilyeni məktəb binalarının tikilməsi rayonda prioritet məsələ olmuşdur. Cari ildə 360 şagirdlik Gülməmmədli kənd tam orta və 180 şagirdlik Cəlilabad şəhər 6 nömrəli ümumi orta məktəbləri üçün yeni binalar tikilib istifadəyə verilmişdir. Hazırda Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbi üçün 640, Sabirabad kənd 1 nömrəli tam orta məktəbi üçün 480, Soltankənd kənd tam orta məktəbi üçün 180, Zəhmətabad kənd tam orta məktəbi üçün 80, Həziabad kənd tam orta məktəbi üçün 360 şagirdlik binalar tikilir.

Səhiyyə sahəsi də diqqətdən kənarda qalmamışdır. Keçən əsrin 70-ci illərində inşa edilən xəstəxana yararsız hala düşdüyü üçün rayonda yeni tibb müəssisəsi tikilir. Yeni layihə əsasında tikilən xəstəxana ən müasir tibb ocaqlarından biri olacaq.

Heydər Əliyev adına Yaradıcılıq Mərkəzi rayonun mədəni həyatında mühüm rol oynayır. Orijinal memarlıq üslubu ilə diqqəti cəlb edən və müasir avadanlıqların quraşdırıldığı mərkəzdə təsviri incəsənət, muğam, foto, moda və gənc analar studiyaları, rəqs dərnəyi, xalçaçılıq, xarici dilkompyuter kursları fəaliyyət göstərir.

Ölkə Prezidenti tərəfindən 2012-ci ilin "İdman ili" elan olunması Cəlilabadda da böyük razılıqla qarşılanmış və idmançıları yeni qələbələrə ruhlandırmışdır. Hazırda rayonda 120 medalçı var. İdmançı gənclərin çoxdan arzusunda olduqları Olimpiya İdman Kompleksinin istifadəyə verilməsi isə, şübhəsiz ki, nailiyyətlərin sayını artıracaq. Tikintisinə 2007-ci ildə başlanan kompleksin ərazisi 5 hektar, qapalı idman salonunun sahəsi 1168 kvadratmetrdir. Müxtəlif yarışların keçirilməsi üçün hər cür şərait yaradılan salon 712 nəfər tamaşaçı tutur.  Kompleksdə futbol meydançası, pnevmatik tir, beşzolaqlı üzgüçülük hovuzu, şahmatcüdo salonları, tennis kortu, basketbolvoleybol meydançaları da idmançıların ixtiyarına verilmişdir.

Göründüyü kimi, cəlilabadlılar başa çatmaqda olan 2012-ci ili yüksək göstəricilər və yaxşı nailiyyətlərlə başa vururlar. Rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov görülən işlərdən söhbər açaraq gələn il - prezident seçkiləri ilində daha yüksək nəticələrə nail olmaq, Cəlilabadın daha da abad olması, adamların sosial rifahının yüksəldilməsi üçün çalışacaqlarını söylədi. Bəli, tikilən, qurulan, yaradılan nə varsa, el üçün, əhali üçündür. İnsan ömrü də elə işlədiyin sahədə bir iz qoyub getməklə mənalıdır.

 

 

Seyran CAVADOV

 

Azərbaycan.-2012.- 25 noyabr.- S.5.