Yeniləşən təhsilin müasir qayğıları
Gəncədə
beynəlxalq simpozium
Dövlət Aqrar Universitetində təhsilin yeniləşməsi və inkişaf etdirilməsində beynəlxalq meyillər: kredit sistemində qiymət, dəyər və keyfiyyət mövzusunda ikigünlük beynəlxalq simpozium keçirilmişdir.
Məqsəd Bolonya prosesi çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsi mexanizminin yaradılmasını təmin edə biləcək tövsiyələr hazırlamaqdan ibarət idi. Bəlli olduğu kimi, təhsil sisteminin müasir meyilləri əhalinin sürətlə dəyişən həyata uyğunlaşmasını, mövcud problemlərin beynəlxalq çərçivədə həll edilməsini, cəmiyyətin daha da demokratikləşməsini, siyasi və sosial seçim imkanlarının genişləndirilməsini, dinamik iqtisadi inkişafını, ixtisas peşəkarlığını, yenidən hazırlanmaya tələbatın artırılmasını, insan biliyinin və sosial kapitalın yüksəlişini tələb edir. Belə bir şəraitdə təhsilin modernləşdirilməsi bir çox dövlətlərin sosial siyasətinin mühüm tərkib hissəsinə çevrilmişdir. Təhsil problemi parlamentlərin, hökumətlərin, siyasi partiyaların və geniş ictimaiyyətin fəaliyyət dairəsini əhatə edir. Buna görə də təhsil islahatlarının qəbuledilmə prosedurunun hazırlanmasına indi daha geniş miqyasda tədqiqat mərkəzləri, alimlər, pedaqoqlar, iqtisadçılar, sosioloqlar, filosoflar, psixoloq və politoloqlar cəlb olunurlar. Başqa sözlə desək, təhsil islahatı məsələləri bu gün bütün dünyada müstəsna aktuallıq kəsb edir.
Lakin müşahidələr göstərir ki, təhsil sistemində yeniləşmə prosesləri heç də həmişə rəvan getmir, bir sıra çətinliklərlə qarşılaşır və əksər hallarda elmdə, iqtisadiyyatda, mədəniyyətdə, sosial münasibətdə və ictimai şüurda baş verən dəyişikliklərin arxasınca çata bilmir. Bir sıra hallarda islahatlar ciddi nəzəri bazaya əsaslanmış olmur və nəticədə təhsilin inkişafına müəyyən əngəllər törədir.
Ölkəmizdə təhsilin modernləşməsi dünya məkanına inteqrasiya zəminində həyata keçirilir. Bununla əlaqədar cəmiyyətin qlobal xarakterinin transformasiyası təhsilin keyfiyyətcə yeniləşməsini tələb edir. Bu baxımdan ali təhsildə beynəlxalq meyillərin - qiymət, dəyər və keyfiyyət məfhumlarının təhlili və öyrənilməsi böyük əhəmiyyətə malikdir. Bütün bu qlobal məsələlərin araşdırılması üçün ilk dəfə olaraq Gəncə Şəhər İcra Hakimiyyətinin, respublika Kənd Təsərrüfatı və Təhsil nazirliklərinin dəstəyi ilə Dövlət Aqrar Universitetində keçirilən beynəlxalq simpoziumda aqrar bölmə üçün mütəxəssis hazırlığında Bolonya prosesi tələblərinin daha fəal tədbiqi ilə bağlı müzakirələr aparılır.
Beynəlxalq tədbirdə respublikamızın Kənd Təsərrüfatı və Təhsil nazirliklərinin, elmi-tədqiqat institutlarının nümayəndələri, Türkiyənin Gəncədəki konsulu, 8 ölkənin 26 alimi və elm adamları iştirak edirdilər. Tədbiri giriş sözü ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açdı. Dövlət Aqrar Universitetinin rektoru, əməkdar elm xadimi Mirdaməd Sadıqov tədbirin əhəmiyyətindən danışdı.
Kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev və Təhsil Nazirliyinin aparıcı mütəxəssisi Natiq İbrahimov Bolonya prosesində kredit sisteminin mahiyyətini şərh edərək bu sahədə Dövlət Aqrar Universitetində görülən işləri xüsusi vurğuladılar.
Kredit sistemində təhsilin yeniləşməsi, bu sistemin tədqiqində beynəlxalq təcrübə və qiymətləndirmə meyarları mövzularında üç bölmə üzrə müzakirələr oldu. Ağrı İbrahim Çeçen Universitetinin professoru Tələt Yanikin, Karoşvar Universitetinin əməkdaşı Cabor Leohoçun, Azərbaycan Texniki Universitetinin professoru S.Namazovun, Texnologiya Universitetinin dosenti Nüşabə Hacıyevanın, Dövlət Aqrar Universitetinin dosenti Natiq Cavadovun, Gürcüstan Aqrar Universitetinin professoru Levan Makaradzenin, Qafqaz Universitetinin professoru A.Ağayevin, Norveçdəki Oslo Universitetinin nümayəndəsi Videkke Rogenin, Avstriya Universitetinin professoru Beate Kraliçekin, Firat Universitetinin rektoru, professor Kitbeddin Demirdağın, Sankt-Peterburq Dövlət Aqrar Universitetinin nümayəndəsi Serqey Nemovun, Rusiya Dövlət Aqrar Akademiyasının rektoru Aleksandr Koroçkinin, macarıstanlı alim Keza Butdosonun, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Vilayət Əliyevin, İqtisad Universitetinin professoru Xəlil Hacıyevin, Gəncə Elm Mərkəzinin direktoru Fuad Əliyevin, akademiklərdən Məmməd Salmanovun, Siddiqə Məmmədovanın və başqalarının məruzələri dinlənildi.
Məruzə, tezis və çıxışlar coğrafi genişliyi, elmi əhəmiyyəti baxımından simpoziumun məqsədinin reallaşmasını və müvəffəqiyyətlə həyata keçirilməsini təmin etdi.
Simpozium kredit sistemində çətinliklərin aradan qaldırılması üçün konkret tədbirlərin həyata keçirilməsi istiqamətində toplanmış təcrübənin geniş müzakirə edilməsinə və ümumiləşdirilməsinə əlverişli şərait yaratdı.
Qonaqlar dahi Nizaminin məqbərəsini ziyarət etdilər, Mir Cəlal Paşayevin ev-muzeyində Gəncə Dövlət Filarmoniyası Kamera Orkestrinin konsertini dinlədilər. Dövlət Aqrar Universitetinin tədris korpuslarında mükəmməl təhsil üçün yaradılan şəraitə baxdılar və şəhərdə görülən genişmiqyaslı abadlıq və quruculuq işləri ilə tanış oldular.
Yekunda
Rusiya Aqrar Akademiyası, Ağrı İbrahim Çeçen
və Firat universitetləri ilə Azərbaycan Dövlət
Aqrar Universiteti arasında tələbə və müəllim
mübadiləsi barədə müqavilə imzalandı. Ali təhsilin
təkmilləşdirilməsi ilə bağlı Avropa ölkələri
də daxil olmaqla "Gəncə Bəyannaməsi" qəbul
edildi.
Əhməd İSAYEV
Azərbaycan.-2012.- 25 noyabr.- S.5.