Bakı Dövlət Universitetində «Çin - Şərqdən gələn dostluq» adlı fotosərgi
açılmışdır
Noyabrın
24-də Bakı Dövlət Universitetində (BDU) Çinin
Sinxua Xəbər Agentliyinin və BDU nəzdində Konfutsi
İnstitutunun "Çin - Şərqdən gələn
dostluq" adlı ilk fotosərginin açılış mərasimi
olmuşdur.
AzərTAc
xəbər verir ki, Azərbaycan ilə Çin arasında
diplomatik əlaqələrin qurulmasının 20 illiyinə həsr
olunmuş sərgi Sinxua Xəbər Agentliyinin Bakı
bürosunun, BDU nəzdində Konfutsi İnstitutunun və
Çinin Anxoy Universitetinin birgə təşkilatçılığı
ilə keçirilir.
Mərasimdə
çıxış edən BDU-nun rektoru, Milli Məclisin
deputatı, akademik Abel Məhərrəmov universitetin nəzdində
2004-cü ildən başlayaraq Çin dilinin tədris
edildiyini bildirmişdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycana
rəhbərlik etdiyi illərdə də, bu gün də
ölkəmiz ilə Çin arasında əlaqələrin
inkişaf etdiyi diqqətə
çatdırılmışdır. Rektor Asiya ölkələri
dillərinin universitetdə tədrisinin də bu siyasət əlaqələrinin
davamı olduğunu demişdir. Azərbaycan ilə Çin
arasında bütün sahələrdə, o cümlədən
də təhsil sahəsində əlaqələrin inkişaf
etdiyini deyən A.Məhərrəmov BDU nəzdində Konfutsi
İnstitutunun yaradılmasının bu münasibətlərin
nəticəsi olduğunu vurğulamışdır. O,
universitetdə belə bir sərgini təşkil etdikləri
üçün Çinin Azərbaycandakı səfiri Xun
Tsyuinə, Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın)
baş direktoru Aslan Aslanova və təşkilatçılara
təşəkkürünü bildirmişdir.
Tədbirdə
Sinxua Xəbər Agentliyinin Moskva bürosunun Asiya-Avropa
bölməsinin rəhbəri xanım San Xua Azərbaycan ilə
Çin arasında diplomatik əlaqələrin yüksək
səviyyədə olduğunu bildirmişdir. S.Xua
"Çin - Şərqdən gələn dostluq"
adlı ilk fotosərginin Azərbaycan Respublikası ilə
Çin Xalq Respublikası arasında diplomatik əlaqələrin
qurulmasının 20 illiyi münasibətilə təşkil
edildiyini bir daha diqqətə çatdırmışdır.
Nümayəndə Sinxua
fotoqalereyasının şəkilləri əsasında
yaradılan sərginin ölkələrimiz arasında dostluq əlaqələrinin
inkişafına xidmət etdiyini, azərbaycanlıların
Çin xalqının mədəniyyəti və incəsənəti
ilə yaxından tanış olacaqlarına əminliyini
bildirmişdir.
AzərTAc-ın
baş direktoru Aslan Aslanov sərgini Azərbaycan və
Çin arasındakı dostluq əlaqələrinin nəticəsi
kimi qiymətləndirmişdir. A.Aslanov ölkələrimiz
arasında dostluq münasibətlərinin qədim tarixi
olduğunu söyləmişdir. Baş direktor bu münasibətlərin
əsasının ulu öndər Heydər Əliyevin Azərbaycana
rəhbərliyi illərində qoyulduğunu diqqətə
çatdırmış, bu gün Çinin Sinxua Xəbər
Agentliyi ilə AzərTAc arasında geniş əməkdaşlıq
əlaqəsinin olduğunu söyləmişdir. A.Aslanov
agentliklərimiz arasında dostluq münasibətlərinin bu
gün daha da inkişaf etdiyini, qarşılıqlı
informasiya mübadiləsi aparıldığını diqqətə
çatdırmışdır. Baş direktor onu da
bildirmişdir ki, dünyada ən nəhəng xəbər
agentlikləri qurumlarından biri Asiya və Sakit Okean Ölkələri
İnformasiya Agentlikləri Alyansıdır ki, burada
dünyanın 33 ölkəsi birləşmişdir. A.Aslanov
Çinin Sinxua Xəbər Agentliyi və AzərTAc-ın
baş direktorlarının həmin alyansın altı nəfərdən
ibarət büro üzvlərindən olduqlarını diqqətə
çatdırmış, Bakıda Sinxua Xəbər
Agentliyinin müxbir məntəqəsinin, Pekində isə AzərTAc-ın
müxbir məntəqəsinin fəaliyyət göstərdiyini
vurğulamışdır. Baş direktor bu fotosərginin AzərTAc-da
davam edəcəyini söyləmiş və sərginin təşkilatçılarına
təşəkkürünü bildirmişdir.
Sonra
mərasim iştirakçıları fotosərgi ilə
tanış olmuşlar.
Mərasimdə
Çinin Azərbaycandakı səfiri Xun Tsyuin, səfirliyin hərbi
attaşesi Liu Hun, birinci katibi xanım Li Yunxuy, Sinxua Xəbər
Agentliyinin Asiya-Avropa Bürosunun marketinq üzrə meneceri Van
Tsıbo Yan iştirak etmişlər.
Azərbaycan.-2012.- 25 noyabr.- S.6.